Məqalələr‎ > ‎

BİR ÖMRƏ SIĞMAYAN ÖMÜR...

28 Eki 2014 06:55 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 21 Ara 2014 03:53 güncellendi ]
       İradə Rövşənin əziz xatirəsinə






Reyhan MİQDADQIZI, 
AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı


    Gözəl bir yaz səhərində, gülüş dolu gözləri, məsum nəzərləri ilə diqqətimi cəlb edən gənc alim, memarlıq üzrə fəlsəfə doktoru, İradə Rövşənlə tanış oldum. Bu mənimçün böyük xoşbəxtlik idi. Mehriban, kübar və nəzakətli davranışı ilə elə ilk andan qəlbimə asanlıqla yol tapdı. Səsinin ahəngi mənə Şopenin prelyüdasını xatırladırdı, eyni ilə onun kimi sakit və ecazkar…Dodaqlarından qopan kəlmələr bulaq kimi süzülüb, inci kimi düzülürdü. Bu cür rəvan və səlis nitq mədəniyyəti onu hər kəsdən fərqləndirirdi. İlk gördüyüm andan məni sehrləyən bu xanım onu tanıyan hər kəsin qəlbinə artıq çoxdan yol tapmışdı. Onun ünvanına bir dənə də olsun mənfi söz eşitmədim, hamı onu sevir, ona hörmət edirdi.
    Bundan sonra cəmi iki dəfə görüşdük, lakin sosial şəbəkədə tez-tez yazışırdıq.
    Xəstə idi, amma bir dəfə də olsun gileyləndiyini eşitməmişdim, əksinə həmişə mənə stimul verirdi. “Həyat mübarizədir, çalış mübarizə apar ki, həmişə qalib olasan”, deyirdi.
    Bir gün onun səsində eşitdiyim möhtəşəm prelyüdanın son akkordları səsləndi və o, əbədi susdu. Elə musiqinin özütək səmaya qalxıb həzin bir ruha çevrildi. Lakin qəlbimizə həkk etdiyi məhəbbət və sevgi notlarını qəlbimizdən qopara bilmədi, İradə Rövşən... Öz xəstəliyi ilə mübarizəsində məğlub oldu, ancaq ölüm ona qalib gələ bilmədi. İradə xanım ölümü məğlub etdi, əsl kamil insan kimi dərin zəkası, savadı, ağlı və düşüncəsilə… O, öz ölümü ilə ölümsüzlük qazananlar sırasında əbədi yer aldı.
    O, getdi, gedişi onu tanıyan hər kəsi sarsıtdı, üzdü, ağlatdı. Gedişi böyük itki oldu, elm aləminə və insanlığa. Öncə insan, sonra alim idi, İradə Rövşən! Haqsızlıqlara susmağı bacarmadı, bəlkə də haqlı olduğu halda ədəbsizlik etmək istəmədiyi üçün susdu, dərdini qəlbində dəfn etdi, ağır bir dərd tapdı. Yeganə “səhvi” doğruluq, yeganə amalı haqq uğrunda mübarizə idi və bunun haqqını həyatı ilə ödədi.
    İndi Şəki Regional Elmi Mərkəzinin dəhlizləri, otaqları bir isti nəfəs üçün darıxır, İradə Rövşən nəfəsi üçün…
    İndi həmin otaqlardan birində körpə bir qızcığaz ana qucağı, ana sevgisi, ana nəvazişini əbədi itirdiyi üçün için-için ağlayır. İndi haradasa uzaqda ana mahnısının sözlərindən kövrələn bir əsgər gözlərini hamıdan gizlətməyə çalışır. İndi buz kimi bir otağın divarları arasında bədbəxt bir ana öz nakam balası üçün göz yaşı tökür. İndi haradansa göylərdən bir ruh boylanıb onların bu halına acısa belə, təsəlli etməyə gücü yetmədiyi üçün yanıb qovrulur. Bu ruh mehriban və cəfakeş ana, gözəl və qeyrətli övlad, Vətənini sevən vətəndaş, əsil şəxsiyyət İradə Rövşənin ürəklərdə yaşayan əbədi və canlı xatirəsidir.
    Tarix İradə Rövşən şəxsiyyətinə, onun savadına, elminə öz qiymətini vermişdir və bundan sonra da verməkdə davam edəcəkdir. İllər keçsə də bu gözəl insan, gənc alim onu sevənlərin yaddaşlarından silinməyəcəkdir. Onun xatirəsini yad etmək və yaşatmaq bütün vətənpərvər ziyalıların və biz gənc alimlərin mənəvi borcudur. 


*  *  *
    ƏBƏDİ HƏQİQƏT İŞIĞI 

     Tale amansızdır, ölümsə qəti,
    Əbədi dünyaya yollanıram mən.
    Hamı dərk eyləyir bu həqiqəti,
    Sonsuz bir sahilə yan alıram mən.

    Sularda qərq oldu ömür yelkənim
    Vəfasız dünyaya necə güvənim?
    Ömrümə son qoydu həqiqət mənim
    Həqiqət nurutək parlayıram mən.

    Ruhum səmalardan boylanacaqdır
    Günəşlə bərabər oyanacaqdır
    Sizin dərdinizlə o yanacaqdır
    Yenə də dərdimlə tək qalıram mən

    Sükutum bəlkə də üzəcək sizi
    Ruhumun gözləri gəzəcək sizi
    Yoxluğum incidib əzəcək sizi
    Bulud tək hey dolub boşalıram mən.

    Gedirəm dostlarım, halal eyləyin,
    Tanrıdan ruhuma rəhmət diləyin.
    İradə yaşamır artıq, deməyin.
    Çünki ürəklərdə yaşayıram mən.

    Allah sizə rəhmət eləsin, İradə xanım. 
    Ruhunuz şad olsun, əziz dostumuz! 

Видео YouTube



Comments