Məqalələr‎ > ‎

“Bir dəfə yaşayırıq, Hərəmiz bircə dəfə”...

29 May 2015 04:20 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 29 May 2015 04:20 güncellendi ]

Pakizə ZAKİROVA







        Yəqin ki, çoxlarımız dəfələrlə Akif İslamzadə və Brilliant Dadaşaovanın ifasında sevə-sevə dinlədiyimiz, bizi ən məlhəm düanyamız, xəyallarımız, arzularımızla baş-başa qalmağa vadar edən “Hər şey gözəldir həyatda” adlı mahnıdan götürülən bu misraları əzbər bilirik. Lakin misraların təsiri bizi özümüzə, ömrümüzə, dünyamıza elə bərk-bərk sarılmağa sövq edir ki, müəllif haqqında düşüncələr kənarda qalır. Bəlkə də bu şeirin və müəllifin təsir gücünün miqyasından doğur. Elə Arif Abdullazadə şeirinin təsiri kimi.

        Arif Abdullazadə yaradıcılığına olan marağım, onun bədii və elmi irsinin daha dərindən öyrənmək təlabatına çevrildikdən sonra qısa zaman kəsiyində xeyli yaşlandım desəm, yanılmaram. Çünki təccüb və təssüf doğuracaq gerçəklik ondan ibarət imiş ki, bu dərindən-dərin dünyaya sahib olan şairin “qərib dünya”sına yaxınlaşanların sayı, sən demə, barmaqla sayılacaq qədər az imiş. Haqqında yazılan çox kiçik həcmli məqalələrin isə elmi dəyərindən daha çox, publisist üslubda şairin doğum və vəfat tarixlərində yazılmış anım xarakterli yazılar adlandırmaq daha doğru olardı. Nəzərə alsaq ki, bu yazıların müəllifləri Arif Abdullazadəni sağlığında şəxsən tanıyan şəxslərdir, mənzərə daha da aydınlaşır.
        Çox-çox hörmət etdiyim, şəhərimizin sözün həqiqi mənasında sayılıb-seçilən ziyalılarından biri ilə söhbət zamanı həmyerlimiz Arif müəllimin yaradıcılığı ilə maraqlandığımı, bu mövzuda elmi iş yazmaq niyyətimi bildirdikdə “O, deyəsən, Rəsul Rza kimi yazır” – deyə cavab vermişdi mənə. Sonrakı “ziyalı” müsahiblərim isə məni daha çox məyus etdilər. Fikirləşdim ki, görən niyə tanımırıq bu dəyərli qələm sahibini? Axı hardan tanıyaq ki? Yaradıcılığı dərsliklərə salınmayıb ki, məktəbdə öyrənək. Bir çox məşhurların varisləri atalarının adını əbədiləşdirməkdən, təkrar-təkrar bəlkə də artıq aktuallığını itirən əsərlərini çap eləməkdən (və çox vaxt özləri üçün atanın ad-sanı hesabına “nəsə” qazanmaq xatirinə) yorulmurlar. Arif müəllimin isə tale payında övlad qisməti yox idi.... Bu və buna bənzər çoxsaylı fikirlər, münasibətlər və mülahizələrlə üz-üzə qaldıqdan sonra kimsəyə bənzəməyən, özü olan, özü kimi yaradan, özündə bəlkə də hamıdan daha çox Behrənginin “balaca qara balığı” tək axına qarşı getmək cəsarəti tapan, özü kimi yaşayan və özü kimi ölən Arif Abdullazadə haqqında bu yazını yazmaq qərarına gəldim.
        Şair, nasir, dramaturq, ədəbiyyatşünas alim, tərcüməçi, filologiya elmləri doktoru, professor Arif Əbdürrəhman oğlu Abdullazadə 5 aprel 1940-cı ildə Şəkidə Hacıavdıuşağı nəslindən olan tanınmış ziyalı Əbdürrəhman Abdullayevin ailəsində dünyaya göz açmışdır. Şəhər 11 nömrəli məktəbi bitirdikdən sonra 1956-1961-ci illərdə o zamankı ADU-nun Filologiya fakültəsində təhsil almışdır. A.Abdullazadə 1966-cı ildə "Qafur Qantəmirin həyat və yaradıcılığı" mövzusunda namizədlik, 1977-ci ildə "Azərbaycan poeziyasında yaradıcılıq üslubları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Azərbaycan SSR Elmlər Akademiyasının əsaslı kitabxanasında və Nizami adına Ədəbiyyat muzeyində redaktor mütəxəssis kimi işə başlayan A.Abdullazadə sonradan Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyətini davam etdirmiş, burada kiçik elmi işçi kimi işə başlayan gənc alim zamanla həmin institutda Müasir Azərbaycan ədəbiyyatı şöbəsində müdir vəzifəsinə qədər yüksəlmişdir və ömrünün sonuna kimi həmin vəzifədə qalmışdır (1993-2002). Professor A.Abdullazadə onlarla elmi məqalə və monoqrafiyanın müəllifidir, 7 elmlər namizədinin tədqiqat işinə rəhbərlik edib. Azərbaycan və SSRİ Yazıçılar İttifaqlarının üzvü olan şair uzun müddət Yazıçılar Birliyində poeziya bölməsinin sədri olub.
        2002-ci il mayın 31-də 62 yaşında Bakıda vəfat etmiş və Şəkidə yaxınlarının dəfn olunduğu qəbristanlıqda torpağa tapşırılmışdır.
        XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan, lakin nədənsə haqqında çox az danışılan Arif Abdullazadə çoxistiqamətli bədii və elmi fəaliyyəti ilə sözün həqiqi mənasında qeyri-adi, ideya yükü baxımından orijinal əsərlər yaradan bir müəllifdir: “Arzular” (1964), “Könüllərin dünyası”(1966), “Hər yerdə, hər zaman” (1969), “Ana dünyamız” (1976), “Vseqda i vsyudu” (Moskva, 1976), “Sevin Azərbaycanı” (1979), “Səninlə sənsiz” (1983), “Svet Abşerona” ( Moskva, 1986), “Duyum” (1986), “Bəxtimizin kitabı” (1988), “Seçilmiş əsərləri” (1991), “Ulu Qorqud” (1999), “Tövbə duaları” (2003), “Qanlı yaddaş” (2010) kitablarının, “Novatorluq və üslüb”, “Şair C.Cabbarlı”, “Od nə çəkdi” adlı elmi monoqrafiyaların müəllifi, “Azərbaycan ədəbiyyatı tarixi” V cildinin, “Ədəbiyyatda şəxsiyyət konsepsiyası” kitablarının əsas müəlliflərindən biridir. A.Abdullazadə həmçinin “Bir ovuc torpaq”, “Duyum”, “İşıq zolağı”, “Qanlı yaddaş”, “Sınaq kürəsi” romanlarını, “Aqillər” və “Evlərin axşamları” pyeslərini də qələmə almışdır.
        Arif Abdullazadə ədəbiyyat tariximizdə “60-cı illər nəsli”nin ən layiqli təmsilçilərindəndir. “Arzular” adlı ilk şeirlər kitabı 1964-cü ildə işıq üzü görən şair yaradıcılığının ideya istiqamətləri baxımından “altmışıncıların” bir çox nümayəndələri kimi sovet ideologiyasına nəinki xidmət edən, əksinə dissident ədəbiyyat təmsilçisi belə adlandırıla bilən müəlliflərdəndir. Şairin yaradıcılığını araşdırarkən bütün zamanlarda tənha, özünə dünyada həmfikir axtaran, yalqız çiyinlərində min illərin insanının yükünü çəkməkdən sıxılan, həmişə nigaran bir insan görürük:

                Elə dolmuşam ki, daşdan keçərəm,
                Bölünüb bir gilə yaşdan keçərəm,
                Gözlərim tutulsa, qaşdan keçərəm,
                Dəryanı damlaya yığa bilmirəm.


        Şair şeir boyunca tək fərdin içindən qopan etirafinda dünyaya, yaşama, bu əbədi nizama qarşı bütün insanlığın adından üsyana qalxır və sözlərini belə tamamlayır:

                Ömrün qürubuna çatan kimiyəm,
                Həyatı ölümə qatan kişiyəm.
                Özü öz səsində batan kişiyəm,
                Gözümün yaşını sıxa bilmirəm.


        Lakin bu giley, “göz yaşlarını sıxa bilməyən kişinin” içindən gələn incə tellərə qədər toxunan etirafı oxucusunun gözündə onu heç də kiçiltmir, əksinə qəlbi, qoynunda doğulduğu dağların vüqarından daha vüqarlı bir insana çevirir, dünyanın dərdini ürəyinə salan insana. Şair bəzən özünün bu təssübkeşliyindən özü də gileylənir, özünü məzəmmət edir:

                Gecənin qoynundan günəş axsa da,
                Yuxuna göylərdən ulduz yağsa da,
                Səadət gözünə qonub baxsa da,
                Bir şey tapacaqsan dərd eləməyə.

                Ərzin gur çayları kürləşsə belə,
                Qəlbinə kainat yerləşsə belə,
                Bütün Türk dünyası birləşsə belə,
                Nəsə tapacaqsan dərd eləməyə.


        Misralardan göründüyü kimi, Arif müəllimin ən böyük arzularından biri Türk dünyasının birləşməsi, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunmasıdır. Vətənin taleyindən nigaran vətəndaş şair mövqeyi müəllifin “Bir ovuc torpaq”, “Qanlı yaddaş” romanlarında yer aldığı kimi onun poeziyasında da aprıcı yerlərdən birini tutur. 90-cı illərdə çeçenlərin öz müstəqillikləri uğrunda mübarizəsi qalxdıqda şair sövq-təbbi olaraq Qarabağdakı vəziyyətlə bu mübarizə arasında paralel aparır, “Çeçen olmaq istəyirəm” adlı şeirində bunu maraqlı tərzdə qələmə alır:

                Hələ ki, ümid toxuyam,
                qeyrətin yoxdan çoxuyam,
                oyanmağım ərşə qalıb,
                yad gözündə lal yuxuyam,
                yuxumda atlar görürəm,
                bircə anlıq yuxumla bil,
                bir çin olmaq istəyirəm,
                Çeçen olmaq istəyirəm.


        Qarabağ müharibəsinin qızğın çağlarında azadlıq aşiqi, sevgi şairi, öz uşaqlıq illəri də Böyük Vətən Müharibəsi illərinə təsadüf edən, “hər şey gözəlir həyatda” deyən A.Abdullazadə şeirində qəmgin notalar artır. Müharibənin insan talelərində, düşüncə və maraqlarında yarada biləcəyi dəyişikliklər şairin lirikasında belə bir şəkildə ifadəsini tapır:

                Nə vaxtsa içindən keçən sevgilər
                gözündə bir həzin nağıla dönür,
                illər ötüşdükcə solub-saralan,
                uşaqlıq çağıtək uzaqda qalan
                şirni quşlarına, noğula dönür.


        Dünya kədərli, ömür nisgilli, sevgi həsrətli şairin dünyasında bənzətmə və epitetlər bolluğunda sözü duymağı, ona qiymət verməyi bacaran hər bir oxucunun zaman-zaman məcnunlardan, hamletlərdən gəlmə dünyəvi kədəri sezməsi çətin deyil:

                O dünyanın günəşi
                Zildən qara olsa da,
                Bu yerlərin mayağı
                Göz qırpıb qaralsa da,
                Kainatın üzündə
                Bəyaz yaradı dünya.


        Şairin buarada xalq dilində dolaşan “qara yara” ifadəsini “bəyaz yara” ilə əvəz etməsi təsadüfi deyil. Çünki bütün şeirlərində Arif Abdullazadənin lirik qəhrəmanı hirsli-hikkəli anında “Bir də bu dünyaya gəlməyə tövbə” desə belə, nə olursa-olsun, həyatdan, yaşamdan qopmayan, ən əsası sözdən qopmayan, dərdinini dilinə gətirməkdən yorulmayan, dünyaya bir dəfə gəldiyini dərk edərək həyata ikiəllə bağlanan İNSANDIR. Gəlin bu insanı biz də tanıyaq.

        P.S. Bu ilin aprel ayında dəyərli ziyalımız Mayis Səlim “Ədəbiyyat Qəzeti”ndə işıqlandırılan “Bir şair uyuyur dağlar qoynunda” adlı yazısında Arif Abdullazadənin 75 illik yubileyi münasibətilə, şairin doğum günü ərəfəsində onu xatırlamışdı, bizim yazımız isə may ayına – şairin dünyadan köçmə tarixinə təsadüf edir. Bəlkə də yazdıqlarımız böyük şairin adına layiq olmasa da, bununla bir az da olsa, təsəlli tapmağa çalışdıq.

        Sinəsi və dili sözdən qabar olan şairin ruhuna dərin ehtiramla.