Məqalələr‎ > ‎

Sığotra agenti: "Müştərilərimin 25%-i dost-tanışlardır" (müsahibə)

30 Eki 2014 05:16 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 30 Eki 2014 05:18 güncellendi ]





    
Fins.az-ın suallarına 2011-ci ildən etibarən Şəkidə sığorta agenti fəaliyyəti ilə məşğul olan Məmməd Məmmədov cavab verir.


Məmməd Məmmədov: "Əvvəllər təsərrüfat malları mağazasında çalışırdım. Ətrafımda olan bəzi insanların sığorta sahəsində işləməsi və onlarla olan söhbətlərimdə bu sahənin perspektivini gördüm. "Sığorta fəaliyyəti haqda"  və "İcbari sığorta haqda" qanunlar qəbul olunanadan sonra gördüm ki, bu sahədə əməlli-başlı biznes imkanlar yaranıb. Və iş qurmağı qərara aldım. İmtahan verdim və 2011-ci ilin iyun ayından sığorta agenti fəaliyyəti ilə məşğulam."

"Ən sərfəlisi kasko sığortadır"

-Məmməd, ən çox hansı sığorta növləri ilə məşğulsunuz?
-Avtomobillərin icbari və könüllü sığortası, daşınmaz əmlakın könüllü sığortası, səyahət sığortası ilə. Son vaxtlar tibbi sığorta ilə bağlı bizə daha çox xaricdə oxuyan tələbələr müraciət edir. Həmçinin, biznes məqsədi ilə və turizmlə bağlı gedənlər də tibbi sığorta ilə bağlı müraciət edirlər.

-İşçilərin istehsalatda bədbəxt hadisələrdən sığortası ilə məşğul deyilsiniz?
-Əvvəllər məşğul olmuşam. “Qala Həyat” sığorta şirkətinin Şəki şəhərində satış üzrə nümayəndəsi kimi işləmişəm. Lakin son vaxtlar bu işi dayandırmışam.

- Niyə?
- Sözün düzü, işçilərin icbari sığortası prosedurları uzundur. Bunun üçün müxtəlif sənədlər yığılmalı, sonra o sənədlər təsdiq olunmalı, geri qayıtmalıdır, pul keçirilməlidir və s. Sənədlərin sayı və işin həcmi daha çoxdur, amma aldığım sığorta komissiyası azdır. Misal üçün, mağazada çalışan və 200 manat əməkhaqqı alan şəxsin illik sığorta haqqı 12 manatdır. Bundan bizə nə qonorar qalacaq ki? Ona görə də bir maşını sığortalamaq ondan xeyli rahat və sərfəlidir.

- Avtomobillərin icbari sığortası müqavilələri artır?
- Bəli, son vaxtlar maşınların icbari sığortadan yayınması halları azalıb. Ona görə ki, cərmələr artıb, texniki baxışdan keçəndə icbari sığorta tələb olunur. Bundan başqa, sığorta hadisəsi zamanı maşınlara görə verilən ödənişlərin artması müştərilərin marağını artırıb. Əvvəllər məcburiyyət qarşısında edirdilərsə, indi daha çox könüllü olaraq müraciət edirlər. Yəni, sığortalanmağın faydasını görürlər.

-Hadisə baş verəndə maşını harda düzəltdirirsiniz?
-Müştəri dəyən zərər dair aktı təqdim edir, şirkət onun istəyi ilə ya özü düzəltdirir, ya da həmin məbləği ona ödəyir.

"Müştərilərimin 25%-i dost-tanışlardır"

- Müştəriləriniz təkcə Şəkidəndir?
- Əsasən Şəkidəndir. Öz dost-tanışlarımı, əvvəllər bzines fəaliyyəti ilə bağlı əlaqədə olduğum şəxsləri sığortaya cəlb edirəm.

- Dost-tanışlarınızıza sığortalanmağı məsləhət görürsünüz?
- Bəli, təbii ki.

- Yəqin ki, təkcə ona görə yox ki onlar sığortalansınlar, həm də siz gəlir əldə edəsiniz.
- Bəli, bunu edirəm ki, həm onlar bundan fayda götürsünlər, həm də mən öz biznesimi inkişaf etdirim.

- Özünüzə qayda qoymusunuz ki, dost-tanışlarınızı yalnız siz sığortalamalısınız?
- Bəli. Mən çalışıram ki, onlar başqa sığorta şirkətinə müraciət etməmişdən qabaq söhbət aparıb sığortaya olan tələbatını öyrənim və onları sığortaya cəlb edim.

- Sizin ümumi müştərilərinizin, yaxud gəlirlərininiz neçə hissəsini qohumlar, dost-tanışlarınız təşkil edir?
- Təxminən 25%-ni.

"Başqa bölgələrdə də müştərilərim var"

- Şəkidən başqa hansı bölgələrdə müştəriləriniz var?
- Qaxda, Balakəndə, Bakıda, Qəbələdə dostlarım, qohumlarım var ki, onlarla əlaqə saxlayıram, onların sığortalanma məsələlərini həll edirəm. Çox vaxt onlar telefonla zəng edir və mən lazimi məlumatları toplayıb onların sığorta müqaviləsini hazırlayıram.

- Onlar niyə sizə müraciət edirlər, siz onlara güzəşt edirsiniz?
-Sözün düzünə qalsa, bazarda bir qayda-qanun var. Həmişə alıcı və satıcı arasında sövdələşmə olur. Onlar mənim yaxınlarım da olsa istəyirlər ki mən onlara sığorta haqqında müəyyən qədər güzəşt edim. Yəqin ki, mən onlara güzəşt eləməsəm onlar məndən inciyə də bilərlər.

"Mağaza sahibləri sığortaya maraq göstərirlər"

-Əhalinin yaşayış vəziyyətinin artması sığortaya marağı artırırmı?
-Sözün düzü, camaatın maddi vəziyyəti artdıqca sığortaya maraq da artır. Təbii ki, 100 faiz demək olmaz ki hamının vəziyyəti yaxşılaşıb, amma hər halda müəyyən irəliləyiş var. Çox vaxt sığortalanmaq istəyənlər pullarının çox olmağından yox, əmlakını qorumaq məqsədilə müraciət edirlər. Bu yaxında bir müştəri bahalı maşınla gəlib icbari sığorta etdirirdi. Təklif etdim ki kasko sığorta da etdirsin. Dedi ki mənim maşınıma nəsə olsa özümün düzəltdirməyə imkanım var. Bundan ötrü sənəd yığmağa vaxtım, hövsələm yoxdur. Lakin çoxları əllərində olan əmlakın dəyərini bilirlər, sabah hansısa zərər dəyəndə onu ödəməyə imkanları yoxdur deyə sığortalamaq istəyirlər.

- Bəs evləri niyə sığortalayırlar, alqı-satqı prosesində notarius tələb etdiyinə görə, yoxsa sığortanın faydasını başa düşdüklərinə görə?
- Düzü, əsasən notarius əməliyyatları zamanı tələb olunduğuna görə. Lakin könüllü müraciətlərin sayı da getdikdə artır.

- Siz belə şəxsləri hardan tapırsınız, notarius özü sizə deyir, yoxsa özləri gəlirlər?
- Əgər bizim müştəri notariusa gedəndə sığorta tələb edilirsə,ondan mənim ofisimə gəlirlər. Ya da notariusa getməmişdən əvvəl bilirlər ki sığorta tələb ediləcək gəlib bizə müraciət edə bilərlər.

-Daşınmaz əmlakla bağlı məcburi sığorta etdirənlərin içində sonradan faydasını görüb könülü sığortalayanlar olurmu?
-Olur. Əsasən mağaza sahibləri müraciət edirlər. Ona görə ki, mağazalarda risk faktoru böyükdür. Həm binanı və də içindəki maları sığortalamağa çaışırlar.

-Bu baha başa gəlir?
-Xeyr, məsələn 10 min manatlıq mağazanın illik sığorta haqı 270-300 manat arasında olur.

-Hadisə baş verəndə ödənişi rahatlıqla ala bilirlərmi?
-Təbii ki, alırlar. Həm icbari, həm könüllü sığorta üzrə sığorta hadisələri baş verib və dəyn zərərə görə ödənişlər verilib. Buna görə də bu sığortaya da maraq artır.

"Müştəriyə baxanda bilirəm ki, ona nə satmaq olar"

-Mübahisə olanda şirkətdən sizə şikayət edirlərmi?
-Olur. Çox vaxt müştərilər əsassız iddialarla müraciət edirlər. Məsələn, bir müştəri maşınını icbari sığortalayır, sonra gedib hansısa maneəyə vurur və gəlib tələb edir ki, mənim maşınıma dəyən zərər ödənilsin. Biz onlara izah edirik ki, icbari sığorta yalnız 3-cü şəxslərə vurulan zərərə görə ödənişi nəzərdə tutur. Kasko sığorta isə başqa şeydir. Bəziləri isə bunu bilə-bilə edirlər ki, görək nə alınır.

-Bəs şirkətin haqsız olduğu hallar olubmu?
-Mən hələ ki belə bir hala rast gəlməmişəm. Müştərinin məhkəməyə müraciət etməsi halı ilə qarşılaşmamışam. Əksinə, bəzi hallarda müştərinin iddiası əsassız olduqda da şirkət müştəriyə belə güzəştə gedir.

-Sizcə sığorta agenti bir şirkətlə işləməlidr, yoxsa bir neçə şirkətlə?
-Məncə bir şirkətlə işləmək daha əlverişlidir.Çünki belə olanda müştəriyə əlavə məhsullar satmaq asanlaşır. Məsələn, müştəri gəlib icbari sığorta ilə bağlı müraciət edir, biz təklif edirik ki, digər bir məhsul da var ki, cüzi ödəniş müqabilində əlavə təminatlar ala bilərsiniz. Bu daha rahatdır.

-Bu alınır?
-Əlbəttə. Əsasən maşınla bağlı müraciət edirlər. Mən müştəri ilə danışanda onun əlavə hansı sığortaya ehiyacının ola biləcəyini dəqiqləşdirirəm. Məsələn, görəndə ki, xaricə tez-tez gedir, ticarət edir, ona səyahət sığortası təklif edirəm. Bu məhsulun sığorta haqqı çox aşağıdır, amma təminat yaxşıdır.

-Neçəyə başa gəlir belə sığorta?
-Misal üçün səyahət sığortası üzrə 15 min dollar məbləğində tibbi sığorta təminatı üçün illik sığorta haqqı cəmi 47 manatdır. Bu pula heç bir ölkədə tibbi xidmət almaq olmaz. Amma sığorta buna imkan verir.

"Sığorta agenti olmaq çətin deyil"

- Müştəri yığmaq üçün mətbuatda və televiziyada reklam verisinizmi?
- Bəli, Şəkidə “Şəki bələdiyyəsi” qəzeti var, orda reklam verirəm.

-Ayda nə qədər pul xərcləyirsiniz reklam üçün?
-Düzü mən ora çox vəsait sərf eləmirəm. O qəzetin əsas marağı reklamdan gəlir yox, daha çox sığorta ilə bağlı əhalini maarifləndirmək, qəzeti oxunaqlı etməkdir.

-Şəkidə neçə sığorta agenti var?
-Təqribən 10-a yaxın rəsmi fəaliyyət göstərən sığorta agenti və ya nümayəndəliyi var. Çünki potensial çoxdur, bundan 3 dəfə çox sığorta agenti olsa da hamıya müştəri çatar.

-Sığorta agenti olmaq asandır, yoxsa çətin?
-Asandır. Kim istəsə ola bilər. Bundan ötrü elə çətin şərtlər yoxdur. Orta təhsilli olmaq kifayət edər. İmtahanda verilən suallar da elə çətin deyil, əsasən sığorta terminləri və qaydaları ilə bağlı olur. 100 sualdan 70-ə cavab verməklə sertifikat alıb sığorta agenti fəaliyyəti göstərmək olar.

Fins.az