Məqalələr‎ > ‎

Azərbaycanda erkən xristianlıq

30 Kas 2015 03:52 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 30 Kas 2015 03:55 güncellendi ]






Nəsif MUXTAROV,

AMEA Arxeologiya və Etnoqrafiya 
İnstitutunun Şəki Arxeologiya Folklor 
qrupunun baş elmi işçisi

        Bütün dinlər kimi (xüsusən monoteist) xristian dini də bir neçə yol ilə yayılmağa başlamışdır ki, bunları iki əsas qrupda birləşdirmək olar: 1) Missioner-şərqdə bu həmçinin dərvişlikdir; 2) Zorakı-bu dövlətlər arası siyasi-hərbi münasibətlər, işğallar və s. zorakı vasitələr yoludur.
        Şəki vilayətinin Kiş məntəqəsində ilkin xristianlığın missioner yolu ilə yayılmasının başlanğıcının nə üçün məhz Kiş (Şəki) olmasının araşdırılması müəyyən qədər vacib olan suallara cavab verilməsi ilə başlayır.
        Bu suala cavab verilməsi həm də Azərbaycanın Qafqaz Albaniyası dövründə I-IV əsr arası müddətdə Kiş məbədinin konkret hansı əsrdə tikildiyini və Şərq kilsələrinin anası olması mənbə məlumatına daha da aydınlıq gətirir. Heç şübhəsiz Şərqi və Qərbi Roma imperiyasında xristianlığa münasibət, Romanın şərq-qərbə ayrılmazdan əvvəl İranın antik və ilk orta əsr dövlət qurumları ilə münasibətlərinin (Əhəməni, Parfiya, Selevki, Sasani) araşdırılmasının, müqavilə və sülh barışıqlarında bu izlərin tapılmasının böyük əhəmiyyəti vardır. Lakin missioner dövründə nə üçün məhz Şəki vilayətinin meqapolisi olan Şəkinin yaxınlığında olan Kişin necə deyərlər ilk dayanacaq, hədəf seçilməsinin əsas cavabını bilavasitə Qafqaz Albaniyasının, onun mühüm və ən böyük tərkib hissələrindən biri olan Şəki vilayətinin, həmçinin böyük vilayətlərdən biri olan Kombisenanın iqtisadi, siyasi, mədəni və dini inkişafında hərtərəfli strateji mövqeyində axtarılması daha vacibdir. Unutmaq olmaz ki, Ereti kimi tanınan Kombisena və Şəki vilayəti həm imperiyalara, həm imperiyalar daxilinə açılan qapı olmuşdur. Dini baxımdan Albaniyanın üç möhtəşəm məbədlərindən, məbəd torpaq və mülkiyyətindən biri olan və bəzən dini panteonda ön mövqedə duran Ay məbədinin də bu ərazidə yerləşdiyi güman edilir. Bu vilayətlər Avropa mədəni dünyasına Aralıq dənizinə və Ön Qafqaza açılan qapı olmuşdur. Şərq qapısı həm də aralıq dağ keçidləri ilə xarici köçəri aləmlə əlaqədə olmuşdur. Bu isə bu günə qədər araşdırıcılar arasında bəzi öyrənilməmiş problemləri ilə qarşıda duran Şəki və Kişin ayrıca, lakin ümumalban ümumi region kontekstində dərindən araşdırılmasını tələb edir. Şəki və bilavasitə Kişdə aparılan arxeoloji tədqiqatlar da demək olar ki, başlanğıc mərhələsindədir, lakin buna baxmayaraq bir çox suallar doğurmuşdur. Arxeoloji, etnoqrafik, epiqrafik tədqiqatların mərhələsindən asılı olmayaraq, əldə edilən nəticələr ənənəvi standartlarla yanaşı inkişaf səviyyəsinə uyğun bəzi dəstəklərə də imza atmışdır.
        Niyə məhz Kiş? Niyə məhz Şəki? Niyə məhz Albaniya? Bu ardıcıllıq heç şübhəsiz tədqiqata yeni münasibət tələb edir. Əks halda biz kilsə barədə Qurucu David fantaziyasının necə deyərlər tam məğlub etsək də, erkən və xristianlıq obyekti kimi VII, VI, II əsrlər fantaziyalarının saziş imkanlarına təbəssüm göstərmək məcburiyyətində qalacaq və hətta bu kilsəni Qarabağ, Dərbənd və s. Kişləri (belə Kişlər keçmiş SSRİ ərazisində 30-a qədərdir) ilə də barışmağa sövq edəcəyik.
        İlkin tədqiqatlar göstərir ki, Şəki Kişi Şərq kilsələrinin anasını öz qoynuna almaqda xüsusi əhəmiyyətə və tarixi inkişaf trayektoriyasında xüsusi iddiaya malik olub ki, nəticədə Alban xristian kilsəsi Qafqazda birinci və sonuncu avtokefal, apastol başlanğıca malik kilsə olmaq şərəfinə nail olub. Bu şərəflə barışmayanlar öz kilsə tarixini milli tarixə çevirməklə Albaniyanın tarixinə qəsb etməkdən çəkinməmişlər. İstər deofizit və istərsə də monofizit mövqeyindən asılı olmayaraq təriqət qardaşlığından yersiz torpaq, ərazi iddialarına qədəm qoyulub. Öz tarixi ilə tolerantlığı yaşadan Albaniyanın ərazilərinə iddialar bu gün də dini pərdə və libaslarla davam edir və bu zaman onlar tolerantlığa qəsddən də çəkinmirlər, bütün beynəlxalq qanunları tapdalayırlar. Dini dözüm yeni qeyri-insani, qeyri-mədəni hərəkətlərə meydan verir. Bu isə Kambisena və Ereti itkilərini unutdurur.
        Məhz bu şərəf bu günə qədər məhz Qafqazın digər başlanğıclı (Bizans) kilsələrinin xadimlərinin, bəzi ideoloqların yuxusuna haram qatıb və elmdə yeni cildlər yaranması ilə müşahidə edilən həqiqətdən uzaqlaşmaq və buna inandırmaq meyllərinə qüvvət verib.
        Qafqaz Albaniyasında xristianlıq və müsəlmanlıq münasibətlərinin yaranması və inkişafında İlyanın Əbdülməlikə məktubuna böyük əhəmiyyət verilir. Əlbəttə bu Azərbaycan üçün taleyüklü məsələnin həllində böyük əhəmiyyətə malikdir, lakin onu dövrün və siyasətin ümumi və ayrıca kontekstində ümumi və ayrıca xüsusiyyətlərin analizi kontekstində araşdırmaq lazımdır. Bağdad ilk təşəbbüskar, strateq və taktik olub. Məsələ belə qoyulmalı, onun kökünü Azərbaycan Girdiman (Alban) dövlətinin knyazı Girdimanşah Cavanşirlə Bağdadın bağladığı müqavilədə, Bizans hökmdarının Cavanşirə hədiyyəsində, taktikanı İlyanın məktubunda və Bağdad plovunda axtarmaq lazımdır. Nəticə isə indi bu konfransın da müzakirə mövzusudur.
        Dini dözümlülük mənəvi və maddi iddialara, itkilərə yol açmamalıdır. Qafqaz müsəlmanları baş idarəsi bu sahədə təqdirəlayiq mövqedədir və heç kimin ərazisində heç bir gizli iddialara meydan vermir. Bu dini dözümlülüyün vətəndaş səviyyəsində dərki nümunəsidir. Təəssüf ki, bizim bu keyfiyyətlərimizdən də bədxahlar istifadə edirlər.
        Bu özünü Şimali-Qərbi Azərbaycanın Qax bölgəsində daha qabarıq izlərə malikdir. Əlyabadda həm müsəlman, həm xristian vətəndaşlar birinci növbədə özlərini eloğlu, Azərbaycan vətəndaşı kimi görürlər, başqaları da bu qəbildən. Lakin elmdə olan yersiz iddialara uyanların burada da yuxusuna haram qatılır. Belə konfransları, disput və müzakirələri saraylardan, kitablardan ürəklərə köçürək ki, heç olmaya Azərbaycan puluna həkk etdiyiniz Azərbaycanı qoruyaq, o xatirə və əfsanəyə çevrilməsin, özü də bizim əlimizlə.