Məqalələr‎ > ‎

Yanacaqsız işləyəcək təyyarə mühərrikinin layihəsini hazırlayan azərbaycanlı dəstək gözləyir (müsahibə)

31 Mar 2015 05:21 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 1 Nis 2015 10:24 güncellendi ]
Fərid ƏDALƏT

        
Müsahibimiz Turan Məmmədli hələ iki il öncə Milli Aviasiya Akademiyasının 4-cü kursunda təhsil aldığı zaman “gələcəyin təyyarələri yanacaqsız işləyəcək” fikri ilə çıxış etmiş, aviasiya sahəsində tarixi yeniliyə imza atacaq bir ixtira etdiyini söyləmişdi.
        T.Məmmədli bildirmişdi ki, onun hazırladığı layihəyə görə, mühərriklər standart mühərriklərdən fərqli olaraq tamamilə yanacaqsız işləmə qabiliyyətinə malik olacaqlar.


        Onun dediyinə görə, bu mühərriklər yanacaqla işləyən təyyarələrin sürətinə nisbətən daha sürətli olacaq. Bu da o deməkdir ki, gələcəyin təyyarələri “supersonic” sürətlə, yəni səs sürəti ilə uçacaq. Turan Məmmədlinin fikrincə, mühərriklərlə təyyarələr yanacaqla deyil, hava ilə işlədiyi üçün daha uzun zaman havada qala biləcək.
        Layihə müəllifi aviasiya sahəsində inqilab sayıla biləcək bu ixtiranın həyata keçirilməsi üçün Türkiyədən də dəvət aldığını və hətta razılaşdığını da qeyd etmişdi.
        Həmin vaxt bütün xəbər saytları, televiziyalar, qəzetlər bu barədə məlumatlar verdi. Amma aradan keçən iki il ərzində Turan Məmmədlinin bu ixtirasının hansı mərhələdə olması barədə bir dənə də olsun cümlə yazılmadı.

        Gün.Az Turan Məmmədli ilə əlaqə saxlayıb layihənin gedişatı və gələcək planları barədə söhbətləşdi. Həmin müsahibəni təqdim edirik:

        - 2 il öncə verdiyiniz müsahibə zamanı “gələcəyin təyyarələri yanacaqsız işləyəcək” kimi fikir səsləndirmişdiniz və bu istiqamətdə ixtiranız olduğunu demişdiniz. Bu yenilik barədə qısa məlumat verərdiniz. Bu mühərrikin işləmə mexanizmi elmi cəhətdən sübut olunubmu?

        - Bəli, 2 il əvvəl layihə üzərində işləməyə başladım. Layihə çertyojlar, sxemlər şəklində hazırlandı. Amma yekun nəticəyə qədər 15-ə yaxın variant gözdən keçirildi və sonuncu sxem hazırlandı. Layihəyə görə təyyarə mühərrikləri maye yanacaqla deyil, plazma vasitəsilə, yəni havanın ionlaşması nəticəsində burada yaradılmış süni elektrik boşalması ilə işləməlidir. Buna bariz nümunə kimi atmosfer hadisəsi olan ildırımı göstərmək olar.
        
Havada yüksək gərginlik nəticəsində elektrik boşalması, yəni ildırım yaranır və bu zaman çox böyük temperatur ayrılır. Lakin bu dərəcədə yüksək gərginliyi idarə etmək mümkün deyil. Normalda havada elektrikin keçməsi üçün ya xüsusi şərait yaradılmalıdır, ya da gərginlik çox böyük həddə çatmalıdır ki, elektrik boşalması yaransın. Standart reaktiv mühərriklərdə güc, yəni dartı qüvvəsi yanma kamerasında yanacağın yanması nəticəsində havanın sürətlə genişlənməsi və həmin sürətlə mühərrikin soplosundan çıxaraq, təyyarəni önə doğru itələməsi nəticəsində alınır.
        Ancaq, mənim layihəmdə isə dartı qüvvəsini yaradacaq və havanı sürətli şəkildə genişləndirəcək güc plazmadan alınacaq. Doğrudur, plazmanı yaratmaq və onu idarə etmək çətin və çox enerji tələb edən işdir. Lakin xüsusi vasitələrlə bu plazma idarə oluna bilir.

        - Sizin ixtiranız hansı fiziki qanunlara əsaslanır? Yəni, mühərrikin yanacaqsız işləyə bilməsi üçün lazım olan plazmanı hansı yolla almaq mümkündür?

        - “New-York State University”də aparılmış tədqiqatlar və təcrübələr sayəsində 5 milyon Volt gərginliyə sahib şimşək buna bənzər vasitə ilə elektrik boşalması yaranmadan yerə ötürülüb və yerdəki yüksək tutumlu akkumlyatorlarda toplanıb. Bu böyük yeniliyin olması ilə plazmanın idarə olunması nəzəriyyəsi yenidən gündəmə gəlmiş olur. Bu yeniliyə əsasən də üzərində bir sıra dəyişikliklər edilərək reaktiv mühərriklərdə tətbiq olunması mümkünlüyü ehtimalı olduqca çox yüksəkdir.
        Çoxları elə düşünür ki, bu elektrik mühərrikidir. Xeyr, burada elektrik sadəcə olaraq bir vasitədir və günəş enerjisindən istifadə olunmur. Mühərrikə lazım olan və təyyarənin uçuş sistemlərini idarə edəcək elektrik enerjisi isə standart təyyarə mühərriklərdəki kimi generator vasitəsilə alınacaq. Bu sahədən xəbərdar olmayan çox insanın verdiyi ilk sual budur: “lazım olan enerji bəs hardan alınacaq?”. Cavabı isə verirəm: onsuz da standart mühərriklərdə elektrik enerjisi generatorlar vasitəsilə alınır. Bu layihədəki dəyişiklik odur ki, mühərrikdə dartı qüvvəsi yanacağın yanması ilə deyil, havanın plazma vasitəsilə yüksək temperatur yaradılaraq genişlənməsi sayəsində alınır.
        Çoxları bu layihəni “daimi mühərrik”olaraq adlandırır və öz şərhlərini bildirir. Amma mən buna bir cavab verirəm. Bu daimi mühərrik deyil və ola da bilməz.

        - Aradan keçən 2 il ərzində hansısa yeniliklər oldumu?

        - Akademiyanı bitirdikdən sonra hərbi xidmətə getdiyim üçün layihə dayandı. Amma təxminən 3 ay əvvəl digər bir işim, aviasiya ilə bağlı olan kitabımı çap etdirdik. “Mülki Aviasiya Təyyarələrinin Xarakteristikaları” (İSBN-978-9952-803-20-4) adlı kitabıma 6 nəfər beynəlxalq dərəcəli mütəxəssis rəy yazıb və kitab “Milli Aviasiya Akademiyası”nın 2-ci Elmi Şurasında, həmçinin Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti elmi şurasında müzakirə olunub və kitabın nəşrinin məqsədəuyğun olduğu bildirilib. Kitaba rəy yazanlardan biri NATO-nun yüksək dərəcəli mütəxəssisidir.

        
- Layihənizin həyata keçirilməsi üçün Türkiyədən, hətta NATO-dan belə təklif aldığınızı söyləmişdiniz. Hansısa razılıq əldə olunubmu?

        - Layihə işlənərkən Türkiyə bu işlə çox maraqlandı, hətta Akademiyanı bitirdikdən sonra bu işə Türkiyədə davam etməyim istənildi. Lakin hərbi xidmətə getdiyim üçün işlər təxirə salındı. Hərbi xidmətdən sonra isə bütün gücümü adıçəkilən kitabımın çap olunmasına yönəltdim. Onu da qeyd edim ki, bu, Azərbaycanda ilk, dünyada isə bu sahədə yazılmış 3-cü kitabdır. Bu kitabda hal-hazırda dünyanın hava yolu şirkətlərində istismarda olan bütün mülki təyyarələr haqqında tək-tək geniş şəkildə məlumat var.

        - İxtiranızın patentini almısınızmı və ya almağı düşünmüsünüzmü?

        - Patent məsələsinə gəldikdə isə bu olduqca çətin bir işdir. Patent almaq üçün prototip, yəni ilk nümunəni hazırlamağım lazımdır. Bu isə olduqca çox vəsait və yüksək texnologiya tələb edən işdir. Bu texnologiya yalnız dünyanın aviasiya nəhəngləri olan şirkətlərdə və ölkələrdə mövcuddur. Yəni, bu adi bir mühərrik deyil və dünyanın ən güclü təyyarə mühərriki hazırlayan “Rolls-Royce”, “General Electric”, “Pratt&Whitney” kimi şirkətlərdə olan texnoloji təchizata ehtiyac var.

        - Bu vaxta qədər layihənizin həyata keçməməsinin səbəbini nə ilə əlaqələndirirsiniz?

        - Mühərrikin hazırlanması ilə iş bitmir, mühərrik yüzlərlə sınaqdan keçirilməli, hər bir detal, iş prosesi diqqətlə izlənməlidir. İstənilən yeni layihə və ixtira uzun bir sınaq mərhələsindən keçir. Müasir təyyarələr və mühərriklər təxminən 60 il ərzində təkmilləşərək bu günkü mükəmməlliyə sahib olub.

        - Azərbaycanda layihəni həyata keçirmək üçün hansısa quruma müraciət etmisinizmi və nəticə necə olub?

        - Sırf müraciət olunmayıb, çünki tələbə olduğum zaman akademiyanın mütəxəssis heyəti layihəyə baxıb. Lakin mən hərbi xidmətə getdiyim üçün ara verildi. Hərbi xədmətdən qayıtdıqdan sonra isə dediyim kimi, kitabı çapa hazırladım və işlə bağlı bir sıra qurumlara, şirkətlərə müraciət etdim. Çünki, artıq karyera qurmaq zamanıdır. Bu layihə üzündən hər şeydən kənarda qala bilmərəm. Çünki layihənin mənə nə zaman pul qazandıracağı məlum deyil və mən iş tapmalı olduğum üçün fikrimi başqa tərəfə yönəltdim.    

        - Siz bu ixtiranı həyata keçirmək üçün hansısa işlər görəcəksinizmi? Yoxsa hazırda iş daha vacibdir?

        - Hazırki durumumda iş daha vacibdir. Çünki mənim çiynimdə də bir məsuliyyət var. Mən karyera sahibi olmaq istəyirəm. Düz 8 aydır məhz bunun üçün iş axtarışındayam.

        - Türkiyəyə yenidən niyə müraciət etmirsiniz?

        - Türkiyə ilə bu işlə bağlı əlaqələndiricilər var və onlar bu işi orda davam etməyimi istəyirlər. Sadəcə yaranmış problemlərlə bağlı hələ ki, iş dayanıb. Onlar mənim Türkiyədə oxuyaraq bu işi davam etdirməyimi istəyirdilər.

        - Gələcəklə bağlı planlarınız nədir?

        - Gələcək planlara gəlincə, bu sahədə iş və karyera qurmaq istəyirəm. Amma təəssüf ki, hələ də iş axtarışındayam. Ümid edirəm ki, lazımi diqqət göstəriləcək, layihə geniş şəkildə hazırlanacaq.

Mənbə: Gün.Az