Məqalələr‎ > ‎

Azərbaycanda elmi jurnalistikanın formalaşdırılması reallaşmaq üzrədir

31 Eki 2014 03:28 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 31 Eki 2014 03:29 güncellendi ]
Son 8 illik əməyin ilkin bəhrələrinə yaxınlaşırıq

İkinci məqalə

(Birinci məqalə qəzetin 4 mart 2014-cü il tarixli nömrəsində dərc olunub - Kaspi.az)




Səid HÜSEYNOV,
AMEA Rəyasət Heyətinin İctimaiyyətlə 
əlaqələr şöbəsinin rəhbəri 

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ölkədə elmi jurnalistikanın formalaşdırılması istiqamətində apardığı işlərin ilkin nəticələri ən yaxın zamanda təqdimata hazırlanır. Qarşıdakı aylarda “Elm və həyat” jurnalında elmi jurnalistikaya cəlb olunmuş yazarların ilk elmi-publisistik məqalələrini görmək mümkün olacaq. Ümumən səkkiz illik tarixçədən sonra işlər yeni mərhələyə qədəm qoyur.

    AMEA rəhbərliyi 2013-cü il mayın 29-da Rəyasət Heyətinin qərarı ilə İctimaiyyətlə əlaqələr şöbəsini təsis etdi. Son 1 il ərzində şöbənin təşəbbüsü ilə akademiyanın 40-dan çox elmi müəssisə və təşkilatına ixtisası və ya sənəti jurnalistika ilə əlaqəli olan şəxslər cəlb olundu. Nəticədə ictimaiyyətlə əlaqələrə məsul əməkdaşlardan ibarət geniş şəbəkə yaradıldı, müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə müntəzəm və operativ əlaqə sistemi quruldu. Şəbəkə AMEA-nın və elmin təbliğinə xidmət edir. İlkin mərhələdə şəbəkənin üzvlərinə elmin təbliği xüsusiyyətləri, elmi xəbərləri hazırlama prinsipləri və mexanizmi çatdırıldı. Hazırda Akademiyanın bütün elmi müəssisə və təşkilatlarının fəaliyyəti geniş işıqlandırılır. Komandamızın əsas məqsədi Azərbaycanda elmin kütləviləşdirilməsi, o cümlədən elmi nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və dünya elmindəki nailiyyətlərin ölkəmizdə təbliğidir.
    Elm və texnologiyanın sürətlə inkişaf etdiyi, intellektual nailiyyətlərin insan həyatına durmadan daxil olduğu müasir dövrdə elmin müxtəlif sahələri üzrə biliklərin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Yeni biliklərə əsaslanan qlobal inkişaf prosesi elmi-texniki, sosial-iqtisadi və humanitar elmlərdə tədqiqatların və nəticələrin təbliğini müasir informasiya cəmiyyətinin qarşısına tələb olaraq qoyur. Qloballaşma dinamikasının geniş vüsət aldığı Azərbaycanda bu tələbin icrasının məsuliyyəti yerli KİV-lərin, həmçinin elmi tədqiqat müəssisələrində ictimaiyyətlə əlaqələr üzrə çalışan əməkdaşların üzərinə düşür. Azərbaycançılıq prinsiplərinə söykənən milli-mənəvi və dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, həmçinin Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin elmi əsasda ictimaiyyətə çatdırılması ölkə jurnalistləri qarşısında yeni vəzifə kimi formalaşıb.
    Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının gücləndirilməsi, alim və mütəxəssislərin elmi fəaliyyətinin əlaqələndirilməsi, həmçinin elmi nailiyyətlərin cəmiyyətə, o cümlədən təhsil müəssisələrinə çatdırılması mühüm vəzifələr kimi yer alır. Əsas hədəflərimiz – Azərbaycanda elmin kütləviləşdirilməsi, o cümlədən elmi nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və dünya elmindəki nailiyyətlərin ölkəmizdə təbliği də məhz həmin vəzifələrdən irəli gəlir.
    Hazırda qrant layihələri, ölkəmizdə təşkil olunan tədbirlər, alimlərin xaricdə təlim, konfrans və seminarlarda iştirakı, həmçinin gənc kadr siyasəti haqqında xəbərlər komandamız tərəfindən geniş miqyasda ictimaiyyətə çatdırılır. Lakin bütün bunlar son 1 ildə əsasən islahatlar və tədbirlər fonunda AMEA-nın təbliğinə xidmət edib. Elmin kütləviləşdirilməsi isə yalnız Akademiyanın deyil, elmin özünün təbliğini tələb edir ki, bu da məhz elmi jurnalistika fəaliyyətidir.

    Yerli imkanlar

    Azərbaycanda elmi jurnalistikanın indiyədək formalaşmaması, təbii ki, səbəbsiz deyil. Elmi-publisistik üslubda olmayan yazılar bir neçə saat və ya gün ərzində hazırlandığı halda elmi jurnalistika materiallarının ərsəyə gəlməyi uzun müddət tələb edir, hətta aylar çəkə bilir. Bu iş elmi jurnallarda xeyli məqalə araşdırmaq, lazım gələrsə alimlərin çöl və ya laborator tədqiqatlarına qatılmaq, yekunda faktları ehmalca əlaqələndirib kağıza köçürməklə həyata keçirilir.
    Amma iş bununla bitmir. Materialın ilkin variantı hazır olduqdan sonra mövzu üzrə 1-2 yerli və ya xarici alimə mütəxəssis gözü ilə oxumaq üçün təqdim olunur, müəyyən dəqiqləşdirmə, həmçinin redaktə işləri aparılır. Növbəti mərhələdə redaksiya heyəti jurnalistin araşdırma işindəki mövzunun aktuallığını və orijinallığı qiymətləndirir. Müsbət qarşılandığı təqdirdə yazıdakı faktlar redaksiyada yenidən araşdırılır. Beləcə, məqalə ictimaiyyətə təqdim olunana qədər aylar keçir. ABŞ və Avropada elmi jurnalistika məqalələrinə 1-2 min dollar qonorar yazılır ki, bu da aylarla çəkilən zəhmətə, o cümlədən böyük dəqiqliklə aparılan araşdırmalara dəyər.
    Azərbaycan KİV-ləri üçün qonorar probleminin bu yolda nə qədər böyük əngəl olduğu məlumdur. Yerli müxbirlər əsasən daha tez başa gələn və az məbləğdə müqabili olan materiallara meyillidirlər. Belə olan halda tələsik, ədəbiyyatlara müraciət edilmədən hazırlanan yazılarda araşdırıcılıq və dəqiqlik keyfiyyətləri də az olur.
    Digər çətinlik ingilis dili ilə bağlıdır ki, bu da məqalələrdə faktlara əsaslanmaq üçün elmi nəşrlərdə geniş axtarışlar zamanı üzə çıxa bilir. Lakin ingilis dilini yaxşı mənimsəyən yerli müxbirlərimiz xarici mediaya məqalələr təqdim edərək yüksək məbləğdə qonorar ala bilərlər.

    Həlli yolları

    Qeyd olunan çətinliklərin həlli yolları məhz AMEA-nın ictimaiyyətlə əlaqələr şəbəkəsindən başlayır desək yanılmarıq. Komandamız var, üzvləri bir gündə 10-15 xəbər hazırlayan KİV əməkdaşları qədər yüklü deyillər, aylıq əməkhaqqı ilə təmin olunublar. Əməkdaşlarımızın bir qismi ingilis dili kurslarına da cəlb edilib. Elmi-publisistik məqalələr hazırlamaq vərdişləri komandanın üzvlərinə fərdi qaydada aşılanır. Ölkəmizdə elmi jurnalistikanın formalaşması və inkişafı məqsədilə layihə, o cümlədən təlim və seminarların, yazı müsabiqələrinin keçirilməsi nəzərdə tutulur. Bu kimi layihələrə Akademiyanın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən jurnalistlərlə yanaşı, yerli KİV-lərin əməkdaşları da cəlb olunacaq, onlara xarici ölkələrdə təşkil edilən müvafiq təlim və seminarlarda iştirak şansları yaradılacaqdır.

    Gözlənilən ilk nəticələr

    AMEA-nın ictimaiyyətlə əlaqələrə məsul əməkdaşlar şəbəkəsinin üzvləri dünya elmində ictimai maraq kəsb edən nəticələr haqqında məqalələr hazırlayıb və bu yazılar yaxın zamanda akademiyanın Sovet dövründən indiyəcən məşhur olan “Elm və həyat” jurnalında işıq üzü görəcək. Həmkarlar bu tip məqalələr yazmaqla elmi jurnalistika sahəsində ilkin həvəslərini və gələcək üçün potensiallarını nümayiş etdirirlər. Hazırkı göstəricilər əməkdaşlarımızın gələcəkdə elmi jurnalistlər komandası kimi inkişaf edəcəyinə inanmağa əsas verir. Bununla da, ölkədə elmi jurnalistikanın formalaşdırılması istiqamətində görülən işlərin yeni mərhələsinə qədəm qoyuruq.
    Əvvəllər yerli müxbirləri elmi jurnalistikaya cəlb etmək çətin idi. Çünki, elmdən kənar mühitdə çalışanlara elmi əsaslı materiallar hazırlamaq çətin gəlir. Lakin indi elmin müxtəlif istiqamətində çalışan ictimaiyyətlə əlaqələrə məsul şəxslərin yaxın gələcəkdə elmi jurnalistlər kimi formalaşacağına əminəm.

    Bolqarıstanda təqdimat

    Bu ilin sentyabrında AMEA-nın ölkədə elmi jurnalistikanın formalaşdırılması istiqamətində apardığı işləri Bolqarıstanda təqdim etmək imkanım oldu. Adıçəkilən ölkənin Sveti Vlas şəhərinin Elenite kәndindә "Royal Castle" otelindә keçirilmiş “Media və kütləvi informasiya vasitələri” adlı III beynəlxalq konfransda çıxış etdim. Bolqarıstan Elmlər Akademiyası və Bolqarıstan Alimlər Birliyi tərəfindən təşkil olunmuş 4 günlük tədbirə 10 ölkə, o cümlədən İtaliya, Xorvatiya, Polşa, Rusiya, Yaponiya, Sloveniya, İran və digərlərinin media, elm və ali təhsil müəssisələrinin mütəxəssisləri qatılmışdı.
    Konfransda “Elmdə ictimaiyyətlə əlaqələr: elmi jurnalistikanın qurulması imkanları” adlı məruzə ilə çıxış etdim. Məruzə maraqla qarşılandı, sualları cavablandırdım. Yaponiyanın Fukuoka şəhərində yerləşən Kyushu Universitetinin professoru Toşiya Kobayaşi elmi kommunikasiya sahəsində AMEA ilə əməkdaşlıq niyyətini və konkret təkliflər hazırlayacağını bildirdi.

    “Əyləncəli elm”

    Elmin təbliği istiqamətində digər bir fəaliyyət növü kimi, şöbə tərəfindən "Əyləncəli elm” layihəsinin əsası qoyulub, AMEA-nın gənc alimləri ilə birgə Şamaxı və Xaçmazda məktəblilərlə görüşlər keçirilib. Fizika, Radiasiya və Kimya Problemləri institutları, həmçinin Mərkəzi Nəbatat Bağının gənc tədqiqatçıları şagirdlərə maraqlı təcrübələr nümayiş etdiriblər. Burada məqsəd regionlarda gənc nəsil arasında elmi təbliğ etmək, onlarda elmə marağı artırmaqdır.

Mənbə: Kaspi.az