Poeziya‎ > ‎

ATA MİLLƏT, ANA MİLLƏT, AĞLAMA - Hidayət Elvüsal

1 Oca 2015 01:53 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 1 Oca 2015 01:59 güncellendi ]
        Dərd içində qovrulan Məmməd Araz titrəyən əlləri ilə Qarabağdan perik düşmüş balaları qucaqlayanda, Rauf bu təkrarsız anı lentə aldı. Məmməd Araz sanki balaları qucaqlamadı, Azərbaycan boyda dərdi sinəsinə basdı:

        Pəncərəni külək döyüb ağlasa,
        Eyvanına quşlar qonub ağlasa,
        Ürəyini nalən yonub ağlasa,
        Içində yan, ağı deyib ağlama,
        Ağlamağın yeri deyil, ağlama!


        Ata nəvazişinə, ana sığalına həsrət körpələr Məmməd əmiyə sığındılar. Isti od-ocaqlarından uzaq düşəndən bəri bəlkə də ilk dəfə bu an, məhz bu an köyrəkliyə bələnmiş bir xoşbəxtlik duydular: bizim atamız var, arxamız, torpağımız, xalqımız var:

        Bu döyüşdü - əzilən var, əzən var,
        Ölüm hökmü qoltuğunda gəzən var.
        Burda “Bizik” – nə “mən” vardı,
                                                        nə “sən” var.
        Yox, ağlama, ana millət, ağlama,
        Qorxuram ki, sına millət, ağlama.


        
O körpənin məhzun baxışında Məmməd Araz ürəyi çırpındı, Məmməd Araz qələmi yazdı. Yuvası dağıdılan bu körpələr şair ürəyində, ata istisində ovunası bir söz, bir misra axtardılar. Axtardılar və tapdılar:

        Əyilməkdir ağlamağın tərs üzü,
        Dərdi dartıb üzməyəni dərd üzür,
        Ağlayanı tez də tapır dərd-hüzür...
        Bəlkə belə tanrı yazıb, ağlama,
        Səsini boğ, millət qızı, ağlama.


        Bir döyüş havası qalxdı, Xətai qılıncı sıyrıldı şair misralarından. “Ağlamağın yeri deyil” dedi şair. Baxışlarını körpələrdən çəkib, üzünü bütün Azərbaycana tutdu:

        Bu torpağın son qurbanı mən olsam,
        Öz odumda yanıb külə tən olsam,
        Eldən ötən güllələrə dən olsam!
        Ata millət, “öldü” deyib, ağlama,
        Ağlamağın yeri deyil, ağlama.

        Sən də ağlama, Məmməd əmi.
        Sən Allah ağlama. Sinənə sığınmış körpələri şerinlə, sözünlə ovundur...