Poeziya‎ > ‎

Dörd Şəkili yola çıxsa...

1 Nis 2016 01:05 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 1 Nis 2016 01:13 güncellendi ]












Məzahir SÜLEYMANZADƏ,
"SƏHƏR" qəzetinin baş redaktoru,
publisist-şair-jurnalist

Bu gün aprelin biridir...
Ağlamağın heç yeridir?
İkini vuraq ikiyə,
Gəlin, yollanaq Şəkiyə...
Adama bir manat ataq,
Balaca bir maşın tutaq...
Odur, maşın da gözləyir,
Sürücü bizi səsləyir:
Bakıdan - Bakıya dörd manat,
Bakıdan - Şəkiyə dörd manat.
Şəkidən - Bakıya dörd manat,
Şəkidən - Şəkiyə dörd manat.
Karvansara - Xan sarayı,
Səkidən səkiyə dörd manat...
- Al, bu sənin dörd manatın,
Adamlar da əmanətin.
Apar bunları Şəkiyə,
Sonra da gətir Bakıya...
Sürücü bir pula baxdı,
Bir də uzaq yola baxdı,
Dedi, qardaş, bu pul azdı,
Şəki burdan çox uzaqdı...
- Şəki niyə uzaq ulsun,
Budur, ağzının içində...
İki gün qonaq qalarıq,
Piti, paxlava alarıq,
Gələrik ayın üçündə...
Uzaq dediyin yer Şamaxı,
Şəkiyə gedirik biz axı...
Dörd şəkili yola çıxsa,
Yol dörd dəfə qısalacaq,
Bu səfərdən qazancımız
Gülüş, təbəssüm olacaq...
Bu da sualın cavabı:
İki vur iki dörd eləyər,
Adam bunu dərd eləyər?..