Poeziya‎ > ‎

ŞEİRLƏR - Qiymət Məhərrəmli

1 Ara 2014 02:59 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 1 Oca 2015 01:35 güncellendi ]



QALIB

Bəlkəyədir gümanımız,
Kəsilməsin amanımız.
Olan-qalan imanımız
Beş-altı “dəli”dən qalıb.

Şeytana papış tikəni,
Bişmiş aşa su tökəni,
Ağızdan qapıb tikəni
Aşırmaq ölüdən qalıb.

Bir az insaf, bir az mürvət,
Kiminə hədd, kimə sərhəd.
Dədələrə min bir rəhmət:
“Əl tutmaq Əlidən qalıb”.

           * * *

Vara ümidim yoxdur,
Yoxun tamarzısıyam.
Nə gün görsəm, dözürəm,
Dünyanın arsızıyam.

Ətimi şişə çəkir,
Tikəmi dişə çəkir,
Əlini başa çəkir,
Teli tumarsızıyam.

Sözü dilimdən alır,
Ətri gülümdən alır.
Nə var əlimdən alır,
deyir ki, barsızıyam.

           * * *

ƏLİƏYRİLİK

Nə sümüyü əyri bitmişdi,
Nə sınığı əyri bitişmişdi...
Bəlkə doğulmamışdan
əyrilik qazanında bişmişdi,
Elə doğulmamışdan
əyriliyə öyrəşmişdi,
əyilmişdi əli???!!!...

            26 noyabr, 1998


           * * *

A qadanı alım sənin,
Bir yönünü bəri çevir.
Bilmirsənmi gülüzləri
Ağıllı, ya dəli sevir!?

Ağıllısansa – ağıllı,
Dəlisənsə – dəli olum.
Tanrının sənə uzanan
Bir şəfqətli əli olum.

Şəfqət dedim, dağda qarı,
Düzdə çəni xatırladım.
A zalım, hara baxdımsa,
Səni... səni... xatırladım.

Bu dəlilik hardan gəlib
Yenə axır tapdı məni...
Eləcə yandırıb-yaxdı,
Göy üzünə yapdı məni.

Daha bu yer mənlik deyil,
Göydə də tapmaram səni.
A yerin dərin adamı,
Yeri get... tutmaram səni...

                20 fevral 2014

           * * *

BİZ GƏLDİ-GEDƏRİK

Dünya gəldi-gedər, düşünsək əgər,
Təmiz ad, təmiz söz qalandı yadda.
Yaxşılıq – qiyməti bilinməyən zər,
Bütün dünya yaşar bir təmiz adda.

Kimdir tutub duran axı dünyanı,
İnsan gəlib-gedər milyonlar sanı.
Qızıldan, ziynətdən geysək də donu,
İçimiz dəyişmir içdəki qatda...

Yaradan yaradıb hərəni bir cür,
Ümmanı başqa cür, zərrəni bir cür.
Sözü bir cür deyib, kəlməni bir cür,
Ömrü başa vurruq bir yatayatda!

Boz qarğa nə bilir xoş avaz nədir,
Yaz günü qar nədir, qışda yaz nədir.
Şeir nə, sənət nə, ya almaz nədir,
İstəsən ən uca zirvəyə çat da!

Bir xoş söz bəs edər var olmaq üçün,
Təşnə könüllərə yar olmaq üçün.
Çağlayıb-çağlayıb durulmaq üçün,
Bir bulaq qaynayır hər kiçik çatda!

Kimlər söz gəzdirir, kimlər söz qanır,
Kimlər korun-korun içindən yanır.
Qiymət hər insanı gözündən tanır, –
Əfilər bəslənir yenə əl altda!

           * * *

... Bu yalçın qayalıqda söyləyim nə görmüşəm?! –
Suda çimən qayanı suya təşnə görmüşəm...
Hayqırdıqca hayqıran dalğalar onu qucar...
Sonra... çəkilər... qaçar...
Yerində qalar qaya...
Kamını alar qaya!

Burdaca yada düşər
Dağ – Məhəmməd sevdası...
Dalğada qız nazı var,
Qayada dağ ədası!...

           * * *

... BU DÜNYAYA BİR DƏ GƏLİR

Mayası azmış xəmiri
Kim yoğurar, yapar bir də.
Ölənləri... itənləri...
Kim qaytarar... tapar bir də.

Olan olar, keçən keçər,
Zaman bizi sutək içər.
Qəlbimizdən kimlər köçər, -
Kimlər yolun sapar bir də.

Könlüm, məni haqqa yetir,
Ruh ölməmiş yerdən götür.
Bu dünyaya bir də gətir,
Bu dünyadan apar bir də.

           * * *

BAXTIM

Mürgülü gözlər kimi
Hərdən mürgülü baxtım.
Ülgülü sözlər kimi
Qəlbi, ülgülü baxtım.

Bir hörgü daşısanmı?
Bir bulaq başısanmı?
Eşqimin yaşısanmı -
Eşqi hürkülü baxtım?!

Mizan-tərəzimisən?
Tale qərəzimisən?
Bir eşq mərəzimisən -
Dizi bükülü baxtım?!

Səni kim oyadar, kim,
Ay sonuncum, ay ilkim.
Bir az qımılda, silkin,
Taxtı sökülü baxtım.

Yol qurama, həndəsi,
Haqq tanımaz bəndəsin.
Küt gedəndə kündəsi
Külə tökülü baxtım.

Yol getdim yarımadan,
Yarı büt, yarı adam.
Baxtımı yarıdanam,
Məndən küsülü baxtım...

           * * *

ÇİÇƏKLƏRİN... GÜLLƏRİN...

(Qurban Məmmədovun sözünə cavab olaraq...)

Kim deyir ayrılıq alın yazısı, –
Sarı çiçəklərin, sarı güllərin?!
Mənsə sevincimi bu cür bölərdim:
Yarı çiçəklərin, yarı güllərin.

Yaz ömrü qısalar vursa qar-ayaz,
Olar ləçəkləri bəyazdan-bəyaz.
Dərməmiş telinə sığal çək bir az
Barı çiçəklərin, barı güllərin.

Onlar xoşbəxtliyə körpü salanlar,
Onlar dilək verib ürək alanlar.
Ətrindən gör necə bal çəkib şanlar
Arı çiçəklərin, arı güllərin!

Qıymayın ləçəyi vaxtsız tökülə,
Həsrətdən şeh düşə, boynu bükülə.
Varmı bənzəyişi “xarı bülbül”ə
Xarı çiçəklərin, xarı güllərin?!

Təravət paylayıb çiçəklərmisal,
Ümidə, arzuya yol aç, körpü sal.
Qoy olsun dünyada səadət, vüsal
Yarı çiçəklərin, yarı güllərin!

           * * *

... Qoy qayıdım öz dünyama
Yuxu kimi...
İstəmirəm biləm acı həqiqəti
Yalanların çoxu kimi...

Qoy sevgim də...
Nifrətim də...
Ürəyimi yaxsın, dayan!
Axı necə yaşayaram
Atəşlərə yaxılmasam?!

                                1995

           * * *

ONDAN AŞAĞI


Burdan-bura əlim çatmır,
Boyum da ondan aşağı.
Toy tutmağa dəlim çatmır,
Toyum da ondan aşağı.

Qarşımızı kəsir nəsə,
Ruzgar deyil, əsir nəsə.
Nə aşkardır, nə sirr, nəsə -
Oyun da ondan aşağı.

Bas səbrini, döz də bir az,
Hirsli başda ağıl olmaz.
Su tökməklə quyu dolmaz,
Doyum da ondan aşağı.

                  05 may 2014

           * * *

NAŞIDI ÜRƏYİM

Bu qar nə tez yağdı belə,
Üşüdü ürəyim, üşüdü...
Çəkdiyimi şələ-şələ
Daşıdı ürəyim, daşıdı...

Yığdım özümçün qəmimi,
Qəmlə qurutdum nəmimi.
Özüm özümün qənimi,
Çaşıbdı ürəyim, çaşıbdı...

Nə dil bilir, nə dillənir,
Huş gedibdi qəlb dinəni.
Fələkdən ümid dilənir, -
Naşıdı ürəyim, naşdı.

Yaralıdı sözüm dərin,
Dözümümdən dözüm dərin.
Bu dünyanın dərdlərinin
Yaşıdı ürəyim... yaşıdı...

                30 oktyabr 1999

           * * *

BU GÜN HARDAN DOĞUB

Axşamım, səhərim qarışıq düşüb,
Gülüşüm, qəhərim qarışıq düşüb.
Deyən aramıza barışıq düşüb,
Bu gün hardan doğub?! Şükür, ilahi!

Daşlar da yumşalıb, qum çiçəkləyib,
Əkdiyim cücərib, tum çiçəkləyib.
Yazın nəfəsindən şum çiçəkləyib,
Göylərdən nur yağıb! Şükür, ilahi!

Röyamı, yuxumu gördüyüm, allah?!
Zülmətdən nur doğub, bu nurdan sabah!
Bəxtimin yolları açılıb, vallah... –
Yuxum gerçək çıxıb!... Şükür, ilahi!!!

                                    Avqust, 1997

           * * *

QUZU

Bu dağda mələyən quzu,
O dağdan xəbərin varmı?
Yolçular yoldu yolsuzu,
Oylaqdan xəbərin varmı?

Kimsə ovlayacaq səni,
Ətini şişə çəkəcək...
Yeyib şipşirin ətini,
Üstündən su da içəcək...

Yaxın gəlmə bu tələyə,
Aldanıb-uyma kələyə,
Bu "insan" adlı mələyə, -
Boyuna kəfən biçəcək!!!

           * * *

GÜLLƏR ARASINDA

Bu da nazənin bahar,
Yenə dinir arzular -
Çiçək kimi, gül kimi...

Əsir nazlı küləklər,
Göz oxşayır çiçəklər -
Yenə əlvan tül kimi...

Sevən aşıqlər də bax,
Gül yığır qucaq-qucaq -
Sevdalı bülbül kimi...

Gözəllərin gözləri -
Baharın nərgizləri...
Seçdin, ay könül, kimi?!

Könül dilə gəldi ki,
Hasını seçim indi
Nərgizin, bənövşənin?!

Biri-birindən incə,
Heyran oldum görüncə -
Hər gülünü gülşənin!...

Beləcə... çaşıb qaldım
Mən güllər arasında...
Hər çiçəkdən iz qalıb
Gözümün qarasında!...

            18 fevral 1997

           * * *

NEYLƏDİNİZ QANADIMI...

Bir vaxtlar qanadım vardı,
Neylədiniz qanadımı?
Qanadlı da adım vardı,
Neylədiniz qanadımı?

Nişan alıb oxladınız,
Dişə çəkib yoxladınız,
Duza basıb saxladınız, -
Neylədiniz qanadımı?

Uçmaq olmur tək qanadla,
Yeri göy bil, göyü adla.
Şər vaxtı – gün batabatda,
Neylədiniz qanadımı?

Göydən yerə lələk atdım,
Atıb könlümü qanatdım.
Mən qanadsız, siz qanadlı,
Neylədiniz qanadımı?

           * * *

YANDIRIR

Hər bir dərdin var çarası,
Naqis əməl – üz qarası.
Sağalır xəncər yarası,
Sözünsə yeri yandırır.

Tanrıya ərz et kamını,
Başına çək eşq camını.
Çünki hər könül şamını
Bir gözəl pəri yandırır.

Əmanətdi söz – qalası,
Ürəklərdə yurd salası.
Şeiri şairin balası, -
Şairi şeiri yandırır.

           * * *

O – MƏNDİM

O məndim -
dumduru göz yaşı kimi,
Odlu yanağından axıb keçirdim,
O məndim -
Ağ çiçək yağışı kimi,
Hərdən pəncərənə yağıb keçirdim.

O məndim -
Axşamdan səhərə qədər
Sevdalı yuxuna keşik çəkirdim,
O məndim -
qəlbini saranda kədər,
Sən çəkən ağrını
mən də çəkirdim.

O məndim -
arxanca söylənənləri
Öz adım, ünvanım bilib dolurdum,
o məndim -
qədəmin dəydiyi yeri
Pirə bənzədərək, xoşbəxt olurdum.

O məndim -
uğursuz sevgi payımı
Tale qismətitək bağrıma basdım.
O məndim -
sevgimi
gül yarpağından,
Könlümü sevgimin gözündən asdım...