Poeziya‎ > ‎

ÜRƏKDƏN ÜRƏYƏ YOLLAR GÖRÜNÜR...

4 Nis 2015 01:08 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 5 May 2015 22:50 güncellendi ]

SƏNİ VAR OLASAN, XOŞBƏXT OLASAN 

                                                            VAQİF ASLAN

        Eşqimə, sevgimə bais olan qız, 
        Səni var olasan, xoşbəxt olasan! 
        Mən sənə dualar qılıram yalnız, 
        Səni var olasan, xoşbəxt olasan.
 
        Ruhumu bədəndə oynadan gözəl, 
        Qanımı damarda qaynadan gözəl. 
        Məni göyüm-göyüm göynədən gözəl, 
        Səni var olasan, xoşbəxt olasan. 

        Bəlkə də,saçına dən düşüb daha, 
        Övladdan nəvən var,dövlətdən dəvən. 
        Səni and verirəm o bir Allaha, 
        Çıxdımı qarşına mənimtək sevən? 
        Mənimtək döşünə döyən oldumu? 
        Eşqimə,sevgimə bais olan qız, 
        Səni mənim təki öyən oldumu? 
        Qaşına aypara,gözünə ulduz, 
 
        Saçına sünbülüm deyən oldumu? 
        Könlümdən, gözümdən boylanan gözəl, 
        Şeirimdən, sözümdən boylanan gözəl. 
        Ay keçir,il keçir...necə biləydim? 
        Mən yaşa doluram, sən qocalırsan, 
        Qanadım olaydı, uça biləydim, 
        Görəydim,sən necə layla çalırsan. 
        Necə buyurursan gəlini, qızı? 
        Xəyala gedirsən, fikrə dalırsan. 
        Ey mənim bəxtimin uzaq ulduzu, 
        Yenə də mənimçün işıq salırsan. 
        Yenə də tellərin üzündə çin-çin... 
        Durub əl edirsən, ey ağ göyərçin. 
        Yeldən qanad taxıb uçuram yenə, 
        Səni çatan kimi qucuram yenə. 
        Atıram, tuturam şamama kimi, 
        Yaylığın sürüşüb düşür başından. 
        Əyilib ta yerdən alana kimi 
        Xəbərim olmayır heç qardaşından. 

        Yenə təntiyirəm,yenə çaşıram, 
        Tanış eyləyirsən sən bizi yenə. 
        “Salamat qal” deyə uzaqlaşıram, 
        Getdikcə çevrilib baxıram sənə. 

        Eşqimə,sevgimə bais olan qız, 
        Məni mən elədin, mən,axı, nəydim? 
        Bir daş parçasıydım hissiz, duyğusuz... 
        Şair deyildim ki, yaza biləydim. 

        Bircə baxışınla dağıldı sehrim, 
        Dəli bir gizilti keçdi canımdan. 
        Dilim tutulsa da, doğuldu şerim 
        O ilk titrəyişli həyəcanımdan. 

        Yandıra-yandıra kül etdi məni, 
        Göyərdib külümü gül etdin məni. 
        Bir həzin,bir ağlar dil etdin məni, 
        Səni var olasan, xoşbəxt olasan! 

        Ay mənim zərifim, ay mənim incəm, 
        Hamıdan sonuncum, hamıdan öncəm. 
        Sən həmin gözəlsən, mən həmin gəncəm, 
        Səni var olasan, xoşbəxt olasan! 
        Eşqimə, sevgimə bais olan qız, 
        Sevda yollarında sərvaxt olasan. 
        Dualar qılıram mən sənə yalnız, 
        Olasan, olasan, hər vaxt olasan! 

                                                            12mart 1997 
                               * * *

EŞQİ NAKAM QALAN XOŞBƏXT QADINA...

                                                                                    RƏSUL İLMƏDDİNOĞLU

                                    "Səni var olasan, xoşbəxt olasan" V.ASLAN

        Sənə ürək verib ulu təbiət
        Həsrətlə, vüsalla dolu təbiət. 
        Haradan salıb ki, yolu təbiət, 
        Axtarıb tapmısan Vaqif Aslanı, 
        Yoğurub yapmısan Vaqif Aslanı. 
        Bu eşqə, sevgiyə bais olan qız, 
        Sənə baş əyirəm, bir sənə yalqız.

        Vaqif Aslan üçün ən uca dağsan, 
        Əlini vurmur ki, incə varaqsan. 
        O, haqq yolçusudur, sən ona haqsan, 
        Ey qaşı aypara, gözləri ulduz, 
        Bu eşqə, sevgiyə bais olan qız. 

        Dünyaya o baxır sənin gözünlə ,
        Yazır yazdığını sənin özünlə.
        Səninçün çəkişir ömürlə, günlə,
        Gərək sən özün də sərvaxt olasan,
        Səni var olasan, xoşbəxt olasan. 

        Gah dağla üzləşir, düzlə danışır, 
        Gah tutqun, gah gülər üzlə danışır, 
        Gah da sirli- sirli sözlə danışır. 
        Özü də bilməyir yaşayır necə, 
        Sevinc, qəm yükünü daşıyır necə. 

        Bülbül nə oxuyur ,gülşənlər bilər, 
        İlk eşqin qədrini düşənlər bilər. 
        Hicranda odlanıb bişənlər bilər, 
        Sən nələr çəkmisən bilirəm bunu, 
        Bu eşqin nə ağır yük olduğunu.  

        Xoşbəxtlik hər kəsə qismət olmayır,
        Xainlər can verir, rəhmət olmayır.
        Hər eşqə bu qədər hörmət olmayır
        Ey ülvi adına layiq olan qız,
        Sevda yollarında ayıq olan qız. 

        Yerindən-göyündən aralamısan,
        Yüz yerə, min yerə paralamısan, 
        Tey- tey teyləmisən Vaqif Aslanı, 
        Şair eyləmisən Vaqif Aslanı. 

        Ən böyük nemətdir, sevmək-sevilmək,
        Bir yerdə ağlamaq, bir yerdə gülmək.
        Xoşdur qabağında səcdəyə gəlmək,
        Ey Vaqif Aslana hakim olan qız,                                                                                                             Müqəddəs ruh kimi qana dolan qız. 
        Səni var olasan, xoşbəxt olasan, 
        Olasan, olasan, hər vaxt olasan.!!! 
                                                            14.06.2000