Poeziya‎ > ‎

ŞEİRLƏR - Sücaət

5 Ara 2014 05:07 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 5 Ara 2014 05:15 güncellendi ]
Elə bil mötəbər tədbir, toy şənliyi, aşıq məclisi tapılmaz ki, orada Sücaətin şeirlərinəmüraciət olunmasın, onun gəraylı və qoşmalarının müşayiəti ilə səslənən musiqi zövqləri oxşamasın. Həmin poeziya nümunələrindən bir neçəsini dəyərli oxucularımızın diqqətinə veririk...

Mənbə: Medenihayat.com






SÜCAƏT

Əlvida

Bəlkə qayıtmadım, görmədim sizi,
Çəmənlər əlvida, çöllər əlvida.
Doyunca dərmədim, dərmədim sizi,
Çiçəklər əlvida, güllər əlvida.

Sevdalı zamanlar, nəşəli çağlar,
Nərgizli meşələr, laləli dağlar.
Qartallı qayalar, bülbüllü bağlar,
Yaşılbaş sonalı göllər, əlvida.

A xallı yanaqlar, a zanbaq əllər,
A sərvboylular, görkəmli güllər.
İşvəli baxışlar, nəğməli dillər,
Əsmər üzlər, siyah tellər, əlvida.

Sinəm ayrılıqdan dağlanacaqdır,
Arzum qəfəslərdə saxlanacaqdır.
Üzümə qapılar bağlanacaqdır,
Azad yaşadığım illər, əlvida.


Saxlayıram

Xoşlanmıram tez alışıb-sönəndən,
Qəlbimdə yüz illik köz saxlayıram.
Bəlkə bundan ağır günlərə düşdüm,
Sinəmdə ehtiyat söz saxlayıram.

Uzaqdan tətiyi sıxmağa nə var,
Arxadan cümülüb yıxmağa nə var.
Kiçik döyüşlərdən çıxmağa nə var,
Çətin sınaqlara diz saxlayıram.

İnsanlar bir-birin qədrini bilsə,
Qəm nə qələt eylər qoşunla gəlsə?
Tökərəm, nadana qoşulub gülsə,
Elnən ağlamağa göz saxlayıram.

Sücaət, ürəyim əsim-əsimdi,
Həqiqətin səsi-mənim səsimdi.
Etibar bəsimdi, ilqar bəsimdi,
Mən varı-dövləti az saxlayıram.


Oldu, nə oldu

Az dolandım o dağların başına,
Taleh mənə qənim oldu, nə oldu.
Elə bil ki, bu günahım ucundan,
Dərdin çoxu mənim oldu, nə oldu.

Əbəs imiş harayım da, hayım da,
Bir amansız zəhər varmış payımda!
Bu zülümdən günəşim də, ayım da,
Sıx dumanım, çənim oldu, nə oldu...

Aralıdı, yaralıdı dağlarım...
Viranədi bağçalarım, bağlarım.
Sevinəsi, şadlanası çağlarım,
Ağlamalı günüm oldu, nə oldu.

Ay Sücaət, çağladın da, çaxdın da,
Bir ağsaqqal tapılmadı vaxtında!
El-obanın taleyində, baxtında,
Qara günə dönüm oldu, nə oldu...


Tanımaz

Geri dönsə, cavanlığım mat qalar,
Hönkür-hönkür ağlar, məni tanımaz.
Danışaram dərd alışar dilimdə,
O bəxtəvər çağlar məni tanımaz.

Öyrəşmişəm, hər əzaba dözərəm,
Kül olmuşam, bir də çətin közərəm.
Bülbül kimi nəğmə deyib gəzərəm,
Gül bağçalar, bağlar məni tanımaz.

Kövrəlmişəm, gözümdə nəm gəlmişəm,
Qocalmışam, qəlbimdə qəm gəlmişəm.
And içsəm ki, Sücaətəm, gəlmişəm,
Atam-anam dağlar məni tanımaz.


Mənim xoşbəxtliyim

Mənim xoşbəxtliyim onunla gedib,
Bir də bu yerlərə gələ... gəlməyə.
Mən qan ağlayıram ayrı düşəndən,
Vüsal gözlərimi silə... silməyə.

Özgəyə qoynunu açan səadət,
Əlimdən quş kimi uçan səadət,
Məndən illər boyu qaçan səadət,
Təzədən üzümə gülə... gülməyə.

Bilmirlər, həyatım olub dərbədər,
Deyirlər, gecəyə döz, gündüz gələr.
Biçarə Sücaət o vaxta qədər,
Kim bilir, ay ellər, ölə... ölməyə.


Gecələr

Matəm görkəmiylə, lal baxışıyla,
Dünyanın qoynuna girib gecələr.
Cahanla bir gündə yaranmasaydı,
Deyərdim dövranın sürüb gecələr.

Kədərdən kamanı, sükutdan tarı,
Aymı sevgilisi, ulduzmu yarı?
Həmişə can atır zülmətə sarı,
Gündüzdən nə pislik görüb gecələr?!

Eşqi toxunmasın daşa heç kəsin,
Ayrılıq boğanda qəlbimin səsin,
Elə bilirəm ki, qara pərdəsin,
Tək mənim üstümə sərib gecələr.

Həyatda hər cürə aləmim olub,
Həm sevincim olub, həm qəmim olub.
Çətin günlərimdə həmdəmim olub,
Dərdimlə baş-başa verib gecələr.

Sücaət, üşütməz boran-qar məni,
Yamanca yandırdı zalım yar məni.
Alıb qucağına yatırdar məni,
Həzin laylasıyla qərib gecələr.


Mənim oldu

Bir mahnı başladıq, qaldı yarımçıq,
Zilin sən apardın, bəm mənim oldu.
İkimiz bir dərdə qoşa ağladıq,
Qurudu gözlərin, nəm mənim oldu.

Pozuldu nədənsə, naxışlarımız,
Dikəldi, daraldı yoxuşlarımız.
Ayrıldıq, küsüşdü baxışlarımız,
Sevinc sənin oldu, qəm mənim oldu.

Sücaət odlara yandı gör necə,
Dərdini vərəqlər bildi gizlicə.
Aramızda bir eşq öldü o gecə,
O... həm sənin oldu, həm mənim oldu.


Qayıt gəl

Yaman çətin imiş sənsiz yaşamaq,
Könlüm gecə-gündüz ağlar, qayıt gəl.
Sevəni bir gündə yüz yol öldürər,
Yarsız ötüb keçən çağlar, qayıt gəl.

Demə keçən- keçib, olan-olubdu.
Vaxt olub boşalan bir də dolubdu.
Sən gedəndən saralıbdı, solubdu,
Gül açmır bağçalar, bağlar, qayıt gəl.

Həsrətin ömrümün sarayın sökür,
Qəlbim haray çəkir, gözüm qan tökür.
Sücaət vətəndə qəriblik çəkir,
Qürbətə dönübdü dağlar, qayıt gəl.


Vaxtıdı

Yenə yavaş-yavaş el köçüb gedir,
Dağların saralıb, solan vaxtıdı.
Ayrılıqdan dodaqların titrəyən,
Gözlərin kövrələn, dolan vaxtıdı.

Xatirəylə dolu eniş-yoxuşlar,
Kimə hədər, kimə sevinc bağışlar.
Aman Allah, qan ağlayır baxışlar,
Sevən ürəklərin talan vaxtıdı.

Görürsənmi nisgilini dumanın,
Vallah tüstüsüdür ahın-amanın.
Həsrətdən, möhnətdən sazın, kamanın,
Sızlayan vaxtıdı, nalan vaxtıdı.

Könlüm öyrənibdi borana-qara,
Axı sevinc hara, Sücaət hara?
Kim ölə, kim qala gələn bahara,
Şairin gümanda qalan vaxtıdı.


Ay dağlar

Mən gedirəm qürbət elə,
Sən salamat qal, ay dağlar.
Halallıq ver, qoy qalmasın,
Ürəyimdə xal, ay dağlar.

Hanı məndə dözüm sənsiz?
Sönəcəkdi közüm sənsiz.
Qan tökəcək gözüm sənsiz,
Olacağam lal, ay dağlar.

Dostum-yarım keçir gendən,
Dərdim artır günü-gündən.
Məni qəmdən, qəmi məndən,
Al ay dağlar, al ay dağlar.

Günəş gəzib yorulanda,
Sazın simi qırılanda,
Göydə qartal vurulanda,
Məni yada sal, ay dağlar.

Qayaları lələ döndər,
Cığırları telə döndər,
Sücaəti külə döndər,
Bir "Kərəmi" çal, ay dağlar.

Sən ağlama...

Əsir vətən, həzin-həzin,
Sən ağlama, mən ağlaram.
Sürünürük dizin-dizin,
Sən ağlama, mən ağlaram.

Yanmışamsa, külüm hanı,
Obam hanı, elim hanı?
Axı belə zülüm hanı?
Sən ağlama, mən ağlaram.

Biz yanmadıq, hamı yandı,
Biz sınmadıq, hamı sındı.
Qızım, sənin nə vaxtındı-
Sən ağlama, mən ağlaram.

Yazın gedər, qışın qalmaz,
Ağlın çaşar, huşun qalmaz,
Mən ölənə yaşın qalmaz,
Sən ağlama, mən ağlaram.

Sücaətəm, dostum qəmdi,
Görürsənmi gözüm nəmdi.
Ağlamaq mənim peşəmdi,
Sən ağlama, mən ağlaram.

Fələk kimi

Get, o qədər oxşamırsan,
Sinəm olub ələk kimi.
İnsafın yox, mürvətin yox,
Zülümkarsan fələk kimi.

Taleyimi dönük gördün,
Özgəsinə könül verdin.
Gözlərimə yazıb dərdin,
Kipriklərin lələk kimi.

Sücaətəm, ey nazənin,
Əysə də həsrətin məni,
Unuda bilmirəm səni,
Arzu kimi, dilək kimi.