Poeziya‎ > ‎

ŞEİRLƏR - Vaqif Aslan, B.Vahabzadə

6 May 2015 01:19 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 6 May 2015 01:20 güncellendi ]














Vaqif ASLAN 



                Qəbirqazan

Külüngü, kürəyi qoyub yanına,
Qucub dizlərini göy otun üstə
Nə fikrə getmisən, a Qəbirqazan?
Dərin dəryalardan xəyalın dərin...
Qazılan torpağa, açan yarpağa
Nə böyük heyrətlə baxır gözlərin?!
Günahmı etmisən, a Qəbirqazan?
Gün düşüb, alnında çiçəkləyib tər,
Gün aydın, usta!
Allah uzadaydı sənin ömrünü,
Bu göy çəmənlikdə bir bahar günü
Mənim də qəbrimi qazaydın, usta.
Amma yorulmusan, bir azca dincəl!
Mən də bu güllərə sürtüm üzümü,
Əsən küləklərə qoşum özümü,
Dostumun oğlunun toyuna çatım.
Düşür sümüyümə zurnanın səsi,
“Cəngi”si, “yallı”si, “tərəkəmə”si,
Bir hava çaldırıb, bəlkə oynadım...

Şıtqa vur, ovça çal, döyülsün qaval!..
Onsuz da bu dünya oynadır məni.
Gözümü açmağa verməyir macal,
Oynada-oynada göynədir məni.

Nə yazib – xoş yazib o Taleyazan.
Sən də çox düşünüb özünü yorma.
Mən – qəbir yiyəsi, sən – Qəbirqazan...
Qucub dizlərini, boynunu burma.

Onsuz da ölənin qəbrini qazmaq
Qaydadır, aqətdir, a Qəbirqazan!
Quyu qazmırsan ki, gizlində mənə?!
Söz gəlsin sənə.
Kiş-kiş!.. Bizdən uzaq! Yolundan azmaq,
Böyük qəbahətdir, a Qəbirqazan.
Bəlkə, tənha qalmaq səni qorxudur?
Sənə də bir Qəbirqazan tapılar.
Ayıl bu sükutdan, ölüm – yuxudur!
Amandır, qaralma buludlar kimi
Gələndə ilk bahar göy otlar kimi
İnsanın torpaqdan göyərməyi var.
Göyərmək – ləzzətdir, a Qəbirqazan!

                                                            8 may 1988
                                                            Vaqif Aslan. Ruhlarla söhbət. səh. 17-18.
                                                            Bakı, “Ozan”, 1997.


                                    * * *

                                                            Bəxtiyar VAHABZADƏ 

                Məzarçı ilə söhbət

                                                            “Qəbir qazan”şerinin müəllifi
                                                            şair Vaqif Aslana


Çatıb salam verdim qəbir qazana,
Alıb salamımı yana çəkildi.
Dilimdə suallar baxdım mən ona,
Osa börkü ilə tərini sildi.
- Qəbrini qazdığın bu ölülərlə
Əvvəl tanışdınmı?
- Əlbəttə, hələ.
Bəzisi dostumdu... Açılan solar.
Bunların içində qohumum da var.
Bu, mənim peşəmdir, şükür Allaha
Əli boş getmirəm evə bir axşam.
Bir vaxt bu şəhərdə yaşayanların
Çoxunun qəbrini özüm qazmışam.
Sənin dədəni də dəfn etmişəm mən.
- Deiyirsən, məni də dəfn edəcəksən?
- Onu Allah bilər... Allaha yalvar
Sənə də nə vaxtsa qismət eləsin
Dədənə tikdiyim belə bir məzar.
Dünyada qurd-quşa yem olan da var.
-Axı, qəbir qazmaq...
Gülür:
-Nə olar,
Mənim də qəbrimi qazan tapılar.
-Qəbir qazmaq ilə çörək qazanmaq
Sənə ağır gəlmir?
-Xeyir, mənə bax,
-Anlaya bilmirəm düzü, mən səni,
Niyə dəfn etmədin özün dədəni?
-Ölü çox olanda sevinirmisən?
-Çörək ordan çıxır.
-Bayquşmusan sən?
-Mənə vəz eləmə insanlığından.
Çəkməçi çəkməsi alınan zaman
Sevinmir məgər?
Mənim də əlimin rəncidir axı,
Yan-yana düzülən bax, bu qəbirlər.
-Doğru buyurursan, zəhmətdir bu da.
-Mənə də bu işi tapşırıb Xuda.
Mənimçün doğulan bütün uşaqlar,
Tikilən binalar, salınan bağlar,
Mələyən quzular, uçan böcəklər,
Əkilən ağaclar, açan çiçəklər
Hamısı ölümdür...-
Deyə o güldü.
-Bax, indi hardasa, kim isə öldü
-Mən isə deyirəm, indi hardasda
Kimsə doğuldu.
Atası, anası bəxtəvər oldu.
-Elə qayda qoyub o böyük Xuda,
Axı, gec-tezi var, öləcək o da.
-Bu gün neçəncidir qazdığın məzar?
-Onu deyəmmərəm, saysam göz dəyər.
-Qazancın görürmü xərcini?
-Şükür.
Mən harın deyiləm, xərcimi görür.

İnsanın başına gələn bəlalar
Görmüşəm, həmişə nəfsindən gəlir.
Evimdə gündəlik əppəyim ki, var,
Deməli, xərcimlə qazanc tən gəlir.
Ulu Tanrının da öz mizanında
Gəlir də, çıxar da birdir, əzizim,
Amma o kişinin haqq divanında
Savab qiymətimiz başqadır bizim.
Torpaq qalağında bir kəllə gördüm.
Ətim çimçəşsə də onu götürdüm.
Soruşdum:-Bu kəllə de, niyə gülür?
- İnsan ürəyində özündən ağır
Daşınan arzuya, diləyə gülür.
- Yuxuna girirmi burda yatanlar?
- Düzünü deyim ki, axır zamanlar
Mənə gileylənir ölülər, yaman
Məzarın onlara dar olmasından.
- Gen tikə bilməzdin?
- Nə fərqi vardır.
- Onlara dar gələn məzarlar deyil,
Dərgahda divara qısnamalardır.

Bu sözün zəhmindən xoflandım bir an.
Baxdım bir qəbirə, bir qəbirçiyə.
Daldım ürəyimdə məni sarsıdan
Əzəli, əbədihaqqa, gerçəyə.
Düşündüm: dünyada ölüm ki, haqdır,
Ya bu, ya başqası, nə fərqi varmış,
Qəbirlər həmişə qazılacaqdır.
İndi ki, belədir, mənası varmı
Qocaya verdiyim bu sualların?
Sirrini açmağa gücüm çatarmı
Olumdan ölümə gedən yolların?
Qorxub xoflanırıq bəs onda nədən
Qəbirdən, ölüyə qəbir tikəndən?
Bizi xoflandıran, bizi qorxudan
Məzarda qurtaran sabahımızdır.
Allah dərgahında min bir sorğudan
Cavabsız qalacaq günahımızfdır.

Təzədən xoflandım, boylandım göyə.
Bir qəbirə baxdım, bir qəbirçiyə.
Dağıtmır, o tikir əslinə baxsan,
O irəli baxır, geriyə deyil.
Ancaq bir fərqi var: bu mənzilləri
O, ölüyə tikir, diriyə deyil.
O, doğru demirmi: Ölür uşaqlar,
Ölür daş binalar, bağçalar, bağlar,
Ölür güldən-gülə uçan böcəklər,
Əkilən ağaclar, açan çiçəklər...”
Ölməyən təkcə şey: dünən, ya bu gün
Yan-yana tikilən məzarlar imiş.
Ölümün içində ölümsüzlüyün
İmzası var imiş, xətti var imiş...

Baxdım məzarçıya, bir də qəbrə mən,
Qəlbimin nidası çıxdı dilimdən:
Məzar tikən üçün tikdiyi qəbir
Çörək ağacıdır, mənimçün fikir.

                                                            30-31iyul 1997.
                                                            Bəxtiyar Vahabzadə. Bir ömür yuxu. səh.149-152.
                                                            Bakı, Azərbaycan nəşriyyatı, 1998.


                                    * * * * * * * *
                                                            Vaqif ASLAN 

                BƏXTİYARIM

                                            (Böyük şair B.Vahabzadəyə)

Özün – işıq, sözün – işıq!
İşığına tapınmışıq,
Bəxtiyarım!

Yan,ey bağrı qan şairim,
Sənə qurban can,şairim!
Köçkün olduq, köçümüz yox,
Qaçqın olduq, qıçımız yox.
Ol bizə həyan, şairim.

Yamanlığın gözünü oy,
Qaranlığı qınına qoy.
Aydınlığa çıxar bizi,
Uca saxla şeirimizi.
Özün – işıq, sözün – işıq!
İşığına tapınmışıq,
Bəxtiyarım!
                                                16aprel 1995 

                       * * *
                                                Vaqif ASLAN

Sevgi yox, sevməyənlər
bir salama dəyməyir.


                                            (B.Vahabzadənin “Bir salama dəymədi” şeirini
                                            yanıqlı-yanıqlı ifa edən gənclərimizə həsr edirəm.)

İlk dəfə vurulan qız,
ilk dəfə sevən oğlan!
Xalismisən, qəlpmisən?
məhəbbətinlə yoxlan!
Salam verməkdən ötrü
yavaşıyıb dayanma!
Salamını almayan
kimsəni suçlu sanma!
Görəcəksən,.. insanı
məhəbbəti əyməyir!
Sevgi yox, sevməyənlər
bir salama dəyməyir!

İlk dəfə sevən oğlan,
ilk dəfə vurulan qız!
Səsini nə boğ, nə qıs!
Göz açıb gördüyünçün
gözlərin aydın olsun!
Könlünü verdiyinçün
fikrin tam, hökmün qəti,
sözlərin aydın olsun!
Salamını almayan,
Səni saya salmayan
Bir ruhsuz üzü dönmüş!
Odu-ocağı sönmüş
Üzünü yana tutsa,
“Qəlbinizin bir duyub,
bir vurduğu anları
bir andaca unutsa,
Özünü suçlu sanma!
Yanma, havayı yanma!
Görəcəksən,.. insanı
məhəbbəti əyməyir!
Sevgi yox, sevməyənlər
bir salama dəyməyir!

İlk dəfə vurulan qız,
ilk dəfə sevən oğlan!
Tüstülənmə, alovlan!
Elə baxma mənə sən!
Bəyəm bilmirəmmi mən
Sevdikcə də sevdiyin
“necə keçib yanından.”
Dönüb “dala baxmısan,
can ayrılıb canından.”
Sevənə zülm edərlər,
sənə “zülüm yaraşır!”
Eşqə kor baxanlara
ancaq “ölüm yaraşır!”

                                        12 may 2014-cü il.