Poeziya‎ > ‎

BÜTÖVLÜK HƏSRƏTİ

13 Kas 2015 05:16 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 13 Kas 2015 05:29 güncellendi ]
“Heydərbabaya salam” poemasının müəllifi ustad şairimiz Məhəmmədhüseyn Şəhriyarın əziz xatirəsinə 











Nazim HÜSEYNLİ,
"Oğuz yurdu" qəzetinin redaktoru


Heydərbaba, bizdən sizə salamlar,
Elimizdən elimizə salamlar,
Üzdü xalqı ayrılıqlar, ələmlər...
Xalq öz dərdin unudarsa-qiyamət,
Mürgülərsə, ya yatarsa-qiyamət.

Heydərbaba, xalqım param-paramdı,
Sağalmayan, o qan verən yaramdı,
Yediyimiz çörək bizə haramdı,
O tay, bu tay birdən qalxıb durmasaq,
Birləşməsək, bir məmləkət qurmasaq.

Heydərbaba, ayrılıqlar bitməzmi,
Çəkdiyimiz zülm-sitəmlər yetməzmi,
Ah-naləmiz tanrımıza çatmazmı,
Ürəkləri qəm dağlasın nə qədər,
Ellərimiz yas saxlasın nə qədər?

Heydərbaba, nə düşünür fələklər,
Bitəcəkdir nə vaxt qurğu, kələklər,
Partlasınmı, daha dözmür ürəklər,
Bölünmüşəm, yaralarım qan sızır,
Hissələrim, paralarım qan sızır.

...Gülüstana, Türkmənçaya gəldilər,
Sənədlərə imza atıb güldülər,
Vətənimi iki yerə böldülər.
Sümürdülər, taladılar elimi,
Tonqallaqa bələdilər elimi.

İki əsr... Biz gedirik bu yolu,
Yox! Deyilik zəmanənin bir qulu.
Ayağa qalx, əsarət yox olmalı,
Qovurğatək qovruluruq hələ də,
Nə vaxtadək qalacağıq tələdə?

İllər ötdü, qərinələr dolandı,
Neçə nəsil itdi, farsa calandı,
Nə vaxtadək qapı dışı qalandı
Ana dilim, şirin dilim, a qardaş,
O ölüncə qoy mən ölüm, a qardaş.

Heydərbaba, Təbriz, Bakı susmasın,
Dayanmasın, savaşını kəsməsin,
Dayaq olsun bir-birinə, çaşmasın,
Biz bir olsaq tanrı da bəxt açandı,
Axır düşmən önümüzdən qaçandı.

Azərbaycan neçə yerə bölündü,
Xalqın qəlbi dəlim-dəlim dəlindi,
Şanlı elim yaman günə salındı,
Dərbənd getdi, Borçalını verdilər,
Elimizin çox elini verdilər.

Ölkə şahı Nadir, Qacar olsaydı,
Bütün xanlar bir səngərdə qalsaydı,
Cavad xantək ələ silah alsaydı,
Azərbaycan bölünməzdi heç zaman,
Bütövlüyü silinməzdi heç zaman.

O tay, bu tay qəlbi, dili dualı,
Bir-birinə qaldı əli uzalı,
Əsir olduq, pozammadıq bu halı...
Ellərimiz gecə-gündüz ağlayır,
Qara geyir, yüz illər yas saxlayır.

Tarixlərin baxın keçən vaxtına:
Azərbaycan sahib İran taxtına,
Düşmən yazdı ayrılığı baxtına...
Onu pozmaq özümüzün işidi,
İşimizin birincisi, başıdı.

Farsistanın şairləri çox idi,
Sultan Mahmud, sənin elin yox idi?
Öz şairin, doğma dilin yox idi?
Firdovsilər niyə yazsın tarixin,
Bilmirdinmi ürəyində nifrət, kin.

Siz vurulduz farsın şirin dilinə,
Layiq bildiz onu şerin dilinə,
Xalqım üçün döndü şərin dilinə:
Dilimizi sıxışdırdı divara,
Sinəmizə vurdu neçə min yara.

Bir qəzələ bir xəzinə verdiniz,
Farsca yazmaq şərtinizi qoydunuz,
Dilimizin ürəyini oydunuz,
Düzdü-qoşdu gündüz-gecə şairlər,
Farsca yazdı neçə-neçə şairlər.

Manqurtluğu aşıb-daşan şahlarım,
Yad qızlara eşqi coşan şahlarım,
Farslar ilə qohumlaşan şahlarım,
Baltanızı kökümüzə çaldınız,
Dilimizi bu hala siz saldınız.

Sayənizdə kimlər farsca yozmadı?..
Bakıxanov ənənəni pozmadı,
Tariximi (1) dünən farsca yazmadı?
Türkmənçayda (2) bir mütərcim oldu o,
Bilən varmı heç ağladı, doldu o?

...Qəzvinə, gah İsfahana paytaxtı
Köçürdülər, apardılar tac-taxtı,
Yatdı, söndü dilimizin də baxtı.
Paytaxt Təbriz-ana dilim var idi,
Paytaxt köçdü yeri dilin dar idi.

Təbriz kimi İsfahan da, Qəzvin də,
Azərbaycan şəhərləri əslində.
Farslar ora köçürüldü hər gündə,
Dilimiz öz mövqeyini itirdi,
Dövlət dili görəvini bitirdi.

Təbrizi də farslaşdırmaq məqsədi,
Bölünməyi daşlaşdırmaq məqsədi,
Elimizi tam çaşdırmaq məqsədi:
Tehrandan da bax, paytaxtı köçürür.
Dilimizi yenə tora düşürür.

Heydərbaba, dinlə, eşit sözümü,
Hardan alaq bu dərdlərə dözümü,
Ayrılıqlar hədəf seçib bizimi?
Daha bəsdir, sərhədlərdə görüşək,
Birlik üçün üsyan edək, vuruşaq.

...Ermənistan-torpağımda yarandı,
Neçə dəfə qanımıza boyandı,
Yağı düşmən nə doydu, nə dayandı...
Neçə ellər işğal oldu, talandı,
Yandırıldı, od-alova bələndi.

...Azərbaycan, Bakı üstü dumandı,
Gəlməsəydi türklər (3) durum yamandı,
Ellərimiz başdan-başa al qandı,
Ermənilər türk olanı qırırdı,
Arxasında bilinir kim dururdu...

20 Yanvar, Şuşa, Laçın, Xocalı...
Soyqırımı-uşaq, qadın, qocalı,
Qarabağın odlanması, işğalı,
Xalqımızı zəiflətmək, əzməkçün,
O tay, bu tay birliyini pozmaqçün.

...İllər gəlir, hər yazımız yaz olmur,
Qəm gətirir, keflərimiz saz olmur,
Ayrılıqlar nədən, niyə bəs olmur,
Gözlərimiz yaş çağlasın nə qədər,
Ürəyimiz qan ağlasın nə qədər?

Millətimi farsdan dönmə sananlar,
Kökümüzü bilə-bilə dananlar,
Türkə düşmən, ey məşəli sönənlər,
Tanrı sizi arzunuza yetirməz,
Xalqım dilin itirmədi, itirməz.

...Azadlığın bayrağını əkdilər,
Məftilləri, dirəkləri sökdülər
(4),
Bəsdi daha bunca həsrət çəkdilər...
Həmrəy olduq, bayramımız (5)  yarandı,
Birləşməyin yolu isə borandı.

Sonra yenə sinəmizə çökdülər,
Sonra yenə dirəkləri əkdilər,
Qayıtdılar məftilləri çəkdilər...
Neçə ildi gediş-gəliş asandı,
Birləşməksə hələ xəyal, gümandı.

Berlin səddi tarixlərdə qalıbdı,
Vyetnam da birləşib bir olubdu,
Koreya da birliyə qol qoyubdu,
Qardaşlaşıb neçə şəhər birləşir,
Bütün dünya, bütün bəşər birləşir.

Amerika, Avropa bir olubdu,
Afrika da birliyə meyl salıbdı,
Birliyi həm Asya hədəf alıbdı,
Azərbaycan niyə hələ ayrıdır,
Qərinələr verir yelə, ayrıdır.

Bax, dördnala atın çapır zəmanə,
Azadlığın toxmun səpir zəmanə,
Kim itirir, kimi tapır, zəmanə...
Nə yatmışıq, növbə bizim olmalı,
Gözləyirik nəyi, izin olmalı?

Hey deyirik, bircə biz də birləşsək,
Söyləyirsiz yəqin siz də: - Birləşsək,
Bütöv olub bir sərhəddə yerləşsək...
Hazır olsaq vətən üçün ölməyə,
Kimin gücü çatar bizi bölməyə?

Türkə düşmən cəlladlara min lənət,
Vətənimi saldı tora, min lənət
Çəkənlərə xalqı dara, min lənət,
Cəlladların gözün Allah oysun qoy,
Elimizə təpər, qüvvət versin qoy.

Şəhid sayı, çıxdı hara, min rəhmət,
Ustadımız Şəhriyara min rəhmət,
Özümüzdə ancaq çarə, min rəhmət.
Mübarizə dayanmasın, durmasın,
Düşmənlər min hiylə, qurğu qurmasın.

...Yeni ostan? Torpaq yenə bölünür,
Bəhanələr gəlir önə, bölünür,
Daş düşəydi belə günə, bölünür,
Sitəm eli, nisgil eli üzür hey,
Qardaşlarım belə günə dözür hey?

Dəfələrlə şimşək kimi çaxdınız,
Müstəqillik savaşına qalxdınız,
Bir sel kimi meydanlara axdınız,
Halal olsun Səttarxana, qardaşlar,
Halal olsun Bağırxana, qardaşlar.

Xalq zülmətdə, borandadır, qardadır,
Ana vətən, ana dilim dardadır,
Fədailər, mücahidlər hardadır,
Çağımızın qəhrəmanı hanı bəs,
Səttarxanı, Bağırxanı hanı bəs?

Xiyabani, Pişvəri tək oğullar,
Niyə susur, çıxsın önə harda var,
Bəsdi daha zindan, ölüm, təzyiq, zor,
Əzdi səni səndən azlar, millətim.
Qan fışqıran yaram sızlar, millətim.

Çəkilsək də yüz yol dara, qardaşlar,
Hazır olaq vuruşlara, qardaşlar,
Birləşməsək üzlər qara, qardaşlar,
Arazım, qoy sevinc axsın suyundan,
Güzgüyə dön, birlik baxsın suyundan.

“Heydərbaba” dastanını Şəhriyar
Yazdı, dedi çox qüdrətli dilim var,
Ayrılıqdan qəlbi yara elim var...
Birlik günü əziz bayram, gün olar,
Şəhriyarın arzuları çin olar.

“Gülüstan”ı qanla yazdı Bəxtiyar,
Qadağanı tamam pozdu Bəxtiyar,
Təzyiqlərə dözdü, dözdü Bəxtiyar,
Hədələrdən, ölümlərdən qorxmadı,
Məhbəslərdən, zülümlərdən qorxmadı.

Qorqud üzlü Səhənd bənzər bir dağa,
Nə bir yasaq bildi, nə də qadağa,
Canın etdi vətən üçün sadağa,
Çiyinlərdə elə bil ki, dağ getdi,
Fədailər hüzuruna şax getdi.

Azəroğlu qurban getdi bu yolda,
Xəlil Rza bir şəhiddi bu yolda,
Söhrab Tahir mücahiddi bu yolda,
Bölümlərə bir gün məzar qazılar,
Bütövlükdən çoxlu əsər yazılar.

Ayrılıqdan ürəyimiz sanki ney,
Tudə, Gülgün, Məmməd Araz, Sabir bəy,..
Səslədilər birləşməyə xalqı hey.
Yağı düşmən qovulmayıb, getməyib,
Yazılası dərdlərimiz bitməyib.

...Yaman düşdük ayrılığın oduna,
Həsrət qaldıq bütövlüyün dadına,
Getdi, getdi xainlərin badına.
Bütöv vətən parçalandı, bölündü,
Vətən, sinən neçə yerdən dəlindi.

Dur ayağa, Azərbaycan, yürüş var,
Birliyimiz uğrunda bir vuruş var,
Nə dayanmaq, nə də ki, bir dönüş var,
Çox tezliklə ayrılığa son ola,
Bütövlüyün dastanları yazıla!

Ulu dildir kökdən gəlir sədası,
Yer üzündə nəki dil var babası,
Bəşər dili-bütün dünya odası,
İnsanlığın ilkin dili, sübh dili,
Mənim dilim barış dili, sülh dili.

Dərslər niyə türk dilində keçilmir,
Ana dilli ali məktəb açılmır,
Əsarətin kökü niyə uçulmur?
Məktəblərdə dərslər türkcə keçilə,
Ana dili şərbət kimi içilə.

Hayıstanı yaxın bir dost seçmisən,
Ermənicə neçə məktəb açmısan,
Türkcə məktəb fikrindən hey qaçmısan,
Məmləkətdə türkün sayı farsdan çox,
30 milyon dindaşına məktəb yox.

O tay, bu tay öz dilində danışsın,
Unudanlar doğma dilə dönüşsün,
Hamı buna yanğı ilə yanaşsın,
Dil olmasa biz bir ölü kimiyik,
Ocaqların sönmüş külü kimiyik.

O sənədin6 hökmü hələ bitmədi?
Ahlar, tanrım, gəlib sənə çatmadı,
Qəsbikarı, zülmkarı tutmadı.
Əhalinin yarısından çoxu türk,
Nə eyləyib, bildir, sənə axı türk?

Heydərbaba, ayrılığa dözməyək,
Bir iş görək, bekar-bekar gəzməyək,
Məqsəd bəlli, yolumuzu azmayaq,
Bütövlüyə gedən yollar açılsın,
Önümüzdə günəş kimi saçılsın.

Bağımsızlıq məşəliniz gurlaşsın ,
Azərbaycan bütöv olsun, birləşsin,
Bir bayrağın kölgəsində yerləşsin,
Onda olar zülmlərə tamam son,
Onda artar qüdrətimiz birə on.

Heydərbaba, qazanmaqçün vüsalı,
Hamılıqla pozmalıyıq bu halı,
Əsirgəmək olmaz canı, ya malı.
Nə vaxt ki, biz şəhidliyə hazırıq,
Elə o vaxt vahidliyə hazırıq.

Niyə üsyan eyləmirik bəs indi,
Savaş yolu hamının, hər kəsindi,
Birlik görüm, ölüm gedim, bəsimdi,
Bizdən sonra gələnlər bir yaşasın,
O tay, bu tay qalanlar bir yaşasın.

Birləşsək biz çox zəfərlər çalarıq,
Dünya üzrə öncüllərdən olarıq,
Tarixlərə pozulmaz iz salarıq.
Qazanarıq olanın on qatını,
Ucaldarıq Azərbaycan adını.

Ana Təbriz böyük, gözəl şəhərdir,
Qədimlərdən qanadlanmış bir yerdir,
Hər övladı bir igiddir, bir nərdir,
Şəhərlərin qoçağıdır Təbrizim,
İnqilablar ocağıdır Təbrizim.

Çox düşmənə gərdi sinə Təbrizim,
Üsyan etdi dönə-dönə Təbrizim,
Bənzər vulkan öncəsinə Təbrizim,
Qalxar xalqım, zülmləri kəs deyər,
Ayrılığa, həsrətlərə bəs deyər.

Heydərbaba, Bakı, Təbriz, Ərdəbil,
Bütövləşib savaşlara qalxsa el,
Düşmənlərin kürəyini yerdə bil,
Önümüzdə heç bir qüvvə durammaz,
Düşmən bizə daha zərbə vurammaz.

Cənub, Şimal omuz-omza verməli,
Birləşməli, bir məmləkət qurmalı,
Bütövlüyün keşiyində durmalı.
Qələbələr ağıl ilə çalınır,
Birlik sovqat verilməyir, alınır.

Üzərindən kənarlaşar sis, duman,
Ellərimiz bayram edər bir azman,
Heydərbaba, üzün gülər o zaman
Sevincimiz aşıb-daşar, bir olar,
Bakı, Təbriz qucaqlaşar, bir olar.

Bir ölkəni neçə yerə bölərlər,
Ürəyini neçə yerdən dələrlər,
İmkanları olsa tamam silərlər,
Azərbaycan , “Durun!” demək vaxtıdır,
“Düşmənləri vurun!” demək vaxtıdır.

Torpaqların parçalandı, Vətənim,
7 yerə şaqqalandı, Vətənim,
Sinən üstü qızıl qandı, Vətənim,
Millətimin sözü, səsi: Bütövlük!
Ən birinci vəzifəsi: Bütövlük!

                                                2015

* * *

1. Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərini farsca yazmışdır.
2. 1826-cı ildə Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsində A. Bakıxanov mütərcim olmuşdur.
3. Qafqaz İslam Ordusunun Nuru paşanın komandanlığı ilə 1918-ci ildə Azərbaycana gəlişinə işarədir.
4. 1989-cu ilin 31 dekabrında SSRİ ilə İran arasındakı sərhədlər azərbaycanlılar tərəfindən sökülmüşdür.
5. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü. 
6. Azərbaycanın iki yerə bölünməsini rəsmiləşdirən “Gülüstan” müqaviləsi nəzərdə tutulur.