Poeziya‎ > ‎

ŞEİRLƏR - Akif ƏSƏDULLAYEV

16 Oca 2015 23:26 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 16 Oca 2015 23:27 güncellendi ]











Akif ƏSƏDULLAYEV


Yaxın dostu itirəndə.


Günəşin istisi dondurar səni
Qışın qarı,buzu yandırar səni
Bir çəlimsiz nadan sındırar səni
Yaxın dostu itirəndə.

Əski yaddaş səni daş-qalaq eylər

Dünən siğal çəkən şapalaq eylər
Ayaqsız da sənə badalaq eylər
Yaxın dostu itirəndə.

Bügrəyər mətinlik,axsayar əzm
Kövrəklik güc gələr tablaşmaz dözüm
Donar dodağında gülüş,təbəssüm
Yaxın dostu itirəndə.

Hər tərəf qan ağlar geyinər qara
Köksündə yurd salar sağalmaz yara
Göynədər qəlbini üz tutsan hara
Yaxın dostu itirəndə.

Gündüzün gecənin əsiri olar
Qəmginlik hər günün kəsiri olar
Gözlərin doğmalıq yesiri olar
Yaxın dostu itirəndə.

Toy-büsat gözündə qəhərə dönər
Ən ləziz təamın zəhərə dönər
Məzarı müqəddəs bir “pir”ə dönər
Yaxın dostu itirəndə.

            * * *

Gürzə


Tədbirli bilib kürzəni
Şah seçdilər özlərinə.
Yurd edib çölü-çəməni
Nə var təpdi gözlərinə.

Sonra cumdu həyətlərə
Nə toyuq qaldı nə cücə.
Yetmişdi çox niyyətlərə
Çalışırdı gündüz,gecə.

Hər nə varsa çaldı,çapdı
Çox kasıbın malın uddu.
Nə keçdi əlinə qapdı
Yalan vədlər ayaq tutdu.

Amansız olmuşdu yaman
Sancırdı ötüb-keçəni.
Üzünə gülmüşdü zaman
Çıxmışdı yaddan dünəni.

Yağ damırdı yaxasından
Çox sevdalara düşmüşdü.
Görkəmindən,saxasından
Tanınmaz olub, şişmişdi.

Fısıltısı, buyruğunu
Səpirdi solu-sağına.
Bir gün əyib quyruğunu
Yönəltdilər qabağına.

- Kimdi bu quyruq bulayan?
Kürzə qəh-qəh çəkib güldü.
- Qoy ölsün meydan sulayan
Öz quyruğun sancıb,öldü.

            * * *

Buymuş


Aşıq Sakit

Boğan əsrlərcə haqqın səsini
Kamanı inlədən kamana buymuş
Mərdi namərdlərə möhtac eyləyən
Alçaq dövr, axmaq zəmanə buymuş.

Elşir

Itirib ağlını, haqqı nahaqdan 
Düz seçə bilməyən divanə buymuş.
Hamının taleyi tükdən asılı
Ümidin bağladan amanə buymuş.

Aşıq Sakit

Bağlandım tarixə pozuldu hallar
Qan-qoxdu bəşərin keçdiyi yollar
Əsrlər boyunca törədib qallar
Yaxşını qul edən yamana buymuş.

Elşir

Nə qədər dözülməz,nə qədər acı
Gədanın başına qoyurlar tacı
Möhtac qoyan yetim, ac-yalavacı
Peysərindən yağı damana buymuş.

Aşıq Sakit

Xalqa vəkil seçdik hər qəlbi kütdən
Nə bir otdan doyduq nə də ki, sütdən
Yedirib yetmiş il vəz ilə vəddən
Axırda bağlayan gümana buymuş.

Elşir

Bəli keçirilir hər nadan başa
Xalqın,millətin də rəyi tamaşa
Əgər hünərlisən buna döz yaşa
Görk edən qanmazı qanana buymuş.

Aşıq Sakit

Yüz cürə ideya yüz cür partiya
Hərəsində yüz-yüz kin,kələk,riya
Eşşəyi çatdırıb hər ləziz paya
Atı həsrət qoyan samana buymuş.

Elşir

Çoxları seçilmir hələ heyvandan
Təkcə mədəsini düşünür hər an
Gözə kül üfürüb düzə tor quran
Meydan verən cinə,şamana buymuş.

Aşıq Sakit

Abır,həya oldu taledən payım
Qoymadı qazanım bir xoş gün,qayım
Köçəri Sakitəm buz tutdu yayım
Ahımı döndərən dumana buymuş.

Elşir

Elşir,abır həya misilsiz dəyər
Onu qorumağa,güdməyə dəyər
Başından aşağı tökən ləl,kövhər
Haqsızlığa gözün yumana,buymuş.

                * * *

Həmənkidi


Həmənkimi sandıq,yeşik,ev,eşik
Məhlənizdə toyuq,cücə,it pişik
Azalıbmı siçovullar,dəl-deşik
Götürmüşdü dağ,dalanı necədi?
                            Aşıq Sakit.


Aşıq Sakit,gəl söyləyim agah ol
Yanımızdan ötən yel həmənkidi.
Qatıb bizləri də çör-çöplə birgə
Dağa-daşa çırpan sel həmənkidi.

Su ilə ölçülür saflığın tayı
Ümid,təsəllidir hər kəsin payı
Məhləmizdən axan bütün yaz,yayı
Suyu bulandıran lil həmənkidi.

Yenə imkanlıdı meydan aldıran
Arxalanıb göydən ulduz saldıran
Naşı qohumunu başa qaldıran
Mərkəzdən uzanan əl həmənkidi.

Papağı əyridir haqqı duyanın
Kökü kəsilməyib hələ riyanın
Yüz xeyrini qoyub bircə ziyanın
Dalınca şütüyən el həmənkidi.

Nahaqq işlər divan tutur əsəbə
Gəlməmişik hələ dinə,məzhəbə
Çatdırmaqçün sahibini mənsəbə
Yaltaqlıqla yortan dil həmənkidi.

Elşir,şarpa-şarpla təriflər gedir
Bu mənasız yoldur həriflər gedir
Zaman dəyişməyib elə dövr edir
Aylar çaş-baş düşüb il həmənkidi.

                * * *

Demə ömür bu imiş.


Aşıq Sakit.

Uşaqlığım elə bil ki,dünəndi
Ürək həmən istək yenə həməndi
Boğazımda qayğıların kəməndi
Açammadım,demə ömür bu imiş.

Elşir.

Keşməkeşlər bürüyübdü yolumu
Kötəkləyir sağımı həm solumu
"Zirvə".-deyib geniş açdım qolumu
Çatammadım,demə ömür bu imiş.

Aşıq Sakit.

"Ya haqq"-deyir qaçanıyla qovanı,
Sonda birmiş yağlısıyla yavanı
Çalammadım istədiyim havanı
Uçammadım,demə ömür bu imiş.

Elşir.

Qulluq edən mədəsinə,qursağa
Hər gündə çıxarır yeni bir hoqqa
Niyyətləndim satım haqqı nahaqqa
Satammadım,demə ömür bu imiş.

Aşıq Sakit.

Namərd qalxdı əridikcə mərd qəmdən,
Ağrı,zərbə ötüşmədi ötkəmdən
Gidi dünya ,ehtiyacdan,dərd-qəmdən
Qaçammadım,demə ömür bu imiş.

Elşir.

Bu yolsuz dünyanın qayğı qoşunu
Yeriyib üstümə pozur huşumu
İşıqlı dünyanın"Simurq"quşunu
Tutammadım,demə ömür bu imiş.

Aşıq Sakit.

Oyunu-mən,milçək dünya,fil oldu 
Baş qatması bülbül oldu,gül oldu
Kərəm oldum,arzularım kül oldu
Qucammadım,demə ömür bu imiş.

Elşir.

Dedim eşqin yüyənindən bərk tutaq
Gecə də gündüz də eylədim soraq
Sevdayla da sevdam tutmadı calaq
Atammadım,demə ömür bu imiş.

Aşıq Sakit.

Gümanlarla 50 oldu yaş artıq
Sabah gora titrəyəcək baş artıq
Nurunu gur,-ümid adlı işartı
Saçammadı,demə ömür bu imiş.

Elşir.

Ömrümüz hazırdı lövbər salmağa
Hamısı ya minnət,ya da sadğa
Çox çalışdım qəminə kef qatmağa
Qatammadım,demə ömür bu imiş.

Aşıq Sakit.

Çoxdu,neyləsə də çəkib min ahı
Köçərinin savabından günahı
İşdərindən mən baş,qadir ilahi
Açammadım,demə ömür bu imiş.

Elşir.

Akif,arzu sonsuz,meydanımsa dar
Zaman adlı bir insafsız yolçum var
Namərd kölgəsində gizli,ya aşkar
Yatammadım,demə ömür bu imiş.

                * * *

Niyə pis sözdü eşşək?


Qalmayıb həvəsindən

Balaca Akif nəvə
Soruşdu nənəsindən
- Nənə, heyvanmı dəvə?

Nənə ,bəli, söylədi.
- At da heyvanmı , nənə?
Nəvə sual eylədi
Maraq göstərib yenə.

- Bəli, at da heyvandı.
- Nənə, bəs eşşək necə?
- O da haman-hamandı.
Sual bitdi beləcə.

Yenə göstərib həvəs
Akif sordu:- De görək,
Hamısı heyvandı,bəs,
Niyə pis sözdü eşşək?.