Poeziya‎ > ‎

DƏNİZ! - Yusif Şükürlü

22 Mar 2015 01:31 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 22 Mar 2015 01:31 güncellendi ]














Yusif ŞÜKÜRLÜ 


Ərit, Dəniz, ərit mənim gəm yükümü, o möhtəşəm,
höcətləşən dalğaların gur qoynunda!
Ərit, Dəniz, ərit mənim gəm yükümü mirvaritək xırdalanan,
pıçıldaşan ləpələrin xoş oynunda!..
Bəlkə onda azad olam qəm yükündən.

Sənə gəldim gənc yaşımda, mənə həyat misalıydın,
Məğrur durmuşdun qarşımda - möhtəşəmlik timsalıydın.
Əhd elədim: Təhsil alıb böyük bir insan olaram...
Səndən örnək alıb Dəniz, həmişə yadda qalaram!..
Bu bir gəncin xəyalıydı, özü kiçik, arzu böyük...
Böyük olmaq amalıydı, daşınmadı ona bu yük.

İllər ötüb o zamandan, yerimi çoxdan bilmişəm.
Ayrı düşüb amalımdan qəm yüküylə yüklənmişəm.
Özümə qəmdaş axtarıb, Dəniz, mən sənə gəlmişəm!
Ərit Dəniz, ərit mənim qəm yükümü!
Ərit mənim yaşla gələn kədərimi, niskilimi!

Amma, Dəniz, gəlib gedən illərimə dəymə mənim,
Başımda ağ tük də əkən illərimə dəymə mənim!
İllər ömür nəqqaşımdır,
Onlar yazıb ad, ünümü.
İllər nərdim, zər daşımdır,
Onlar verib övlad, nəvə, el-günümü.
Onlar alıb gəncliyimi,
Onlar verib ahıl yaşda dincliyimi...
Onlar mənim yaddaşımdır,
Orda qalıb layla deyən gəlin anam,
Orda qalıb dağ vüqarlı mətin atam,
Orda qalıb ipək nənəm,
Orda qalıb çox zəhimli, çox rəhimli qoca babam...
İlk partam da orda qalıb,
İlk müəllim, əlifbam da orda qalıb.
Orda qalıb minbir rəngli xəyal dünyam.
Orda qalıb fidanlığım,
Orda qalıb cavanlığım,
Qucaqlarında gəzdiyim bibim, xalam...
Kimi deyəm, nəyi sayam?..
Bir o qalır ki, anlayam:
- İndi daha yaşlanmışam...
Dunyanı fani bilməmiş,
Bir gör necə aldanmışam?!.

Amma son söz deyilməyib, hələ yoldan qalmamışam,
Qədd-qamətim əyilməyib, ələ ağac almamışam.
Amma artıb küsəyənlik,
kövrəkliklə deyingənlik adamı göydən endirir,
İtirilən yeyingənlik məni lap çox qəmləndirir.
Onunçün də sənə gəldim,
Gəldim, söyləyim dərdimi:
- Mənə qəmdaş ol, ay Dəniz,
Bölüm sənlə kədərimi.

Göstər dalğa qüdrətini, lərzəyə gəl ləhlə, Dəniz!
Göstər qəmə şiddətini, yu təmizlə, qalmasın iz!
Qumu qaynat, suyu qaynat, yeri göyü bir yerə qat!
Dalğa göndər - tut əlimi, ləpə göndər - quc belimi.
Ərit mənim kədərimi, ərit mənim niskilimi!
Sal kəmədə, al araya, qəmin yeri bilinməsin,
Çırp sahilə, vur qayaya - niskil mənə görünməsin!
Gah şaha qalx, yalman oynat,
Gah geri dön - yerində yat!..

Qulaqlarım kar olunca, Dəniz, mənə dalğa gətir!
Tor alıb göz kor olunca, Dəniz, mənə dalğa gətir!
Dalğa gətir, Dəniz, mənə, yusun mənim qəm yükümü!
Dalğa gətir, Dəniz, mənə, yusun qəmi, niskilimi!

Altmışını aşır yaşım,
Küy alır bu sakit başım.
Səyriyir hey üzüm, qaşım,
Gözlərimdən nigaranam.
Koncalır fəhmim, yaddaşım,
Dizlərimdən nigaranam...
Savablarım sağ çiynimdə hesablanır,
Qoy yazılsın, dövlətimdir, - əlimdədir!
Günahlarım sol çiynimdə qeyd olunur,
Çox olmasın, - ağır yükdür, - belimdədir!..
Mən o yükdən nigaranam...
Qorxuram o günah yükü məqsədimə mane olar,
Onlar yazıya çevrilər, tarix olub yadda qalar.
Qorxuram o günah yükü savabımdan ağır olar,
Onlar alova çevrilər, məhşər günü mənlə qalar...
O səbəbdən yolumu mən savab səmtə yönəlmişəm.
Allahdan kömək diləyib, Dəniz, mən sənə gəlmişəm!
Ərit Dəniz, ərit mənim qəm yükümü!
Götür mənim kədərimi, götür mənim niskilimi!

Çalışmışam adil olub, doğru olan yolla gedim,
Qismətimə qail olub, nə lazımsa, onu edim.
Təkəbbürdən kənar olub, böyük-kiçiyi saymışam,
Haqq olana sadiq qalıb, ədalətə qol qoymuşam.
Gumanımdır məndən sonra yaddaşlarda iz qalacaq,
O izlərdə hər xətt – cizgi, mənim ay-ilim olacaq.
Budur arzum, istədiyim:
- Adım rəhmətlə anıla,
Ömürə kərpic o illərim
Tarixə düzgün yazıla.

Saniyəni saya-saya, günlər geri qoya-qoya,
ayları vurub sıraya,
O illərdən qala tikdim.
Müəllimdən təlim alıb, kitablara meyl salıb,
o qalanın dörd yanına biliyimdən hasar çəkdim.
Qapı oldu məbədimə kitablarım, əsərlərim.
Çələng oldu hər hücrəmə hekayələr, seirlərim.

Davam edir işim hələ, hər əməl zaman istəyir,
Bir ömürlə gəlməz ələ, çox iş var - davam istəyir!..
Zaman da ki yüyrək olub, məndən də çox o, tələsir.
Səhətim də kövrək olub, külək gəlməmişdən əsir.
Cavan vaxtı gözləmədim, inanmadım bu gün gələr...
Etmədiyim mənlik imiş, neyləsin o tale, qədər?!.
Çox zay etdim gızıl vaxtı, ömrü sonsuz saymışam, gör!
Söküləndi ömür taxtı, hələ indi duymuşam, gör!

Əgər hələ zaman varsa,
Dalğa gətir, Dəniz, mənə!
Yaşamama güman varsa,
Dalğa gətir, Dəniz, mənə!
Ərit mənim qəm yükümü!
Yazılacaq kitablarım, alınacaq rütbəm qalıb,
İnsanlara köməyim var,
veriləcək töhfəm qalıb!..
Nə qəgər ki lazımam mən, ərit mənim qəm yükümü,
Ərit, ərit, ərit getsin,
Qalmasın, sil niskilimi!
Dalğa gətir!
Gətir, Dəniz!!.

Dəniz!.. - nədən səssiz oldun?
Susdun, nədən dilsiz oldun?!.
Demək, mənə hayın çatmır,
Sənə sığmır məndəki yük.
Qəm zirvəmə boyun çatmır,
Mənim qəmim səndən böyük!
Əfsus, Dəniz! – boyun çatmır,
Mənim qəmim səndən böyük...
Böyükdür, ey böyük Dəniz!
Mənim qəmim səndən böyük!

Zaqulba, 28.04.08.