Poeziya‎ > ‎

TƏMSİLLƏR - Akif Salamoğlu

24 Eyl 2014 03:30 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 28 Kas 2014 02:23 güncellendi ]


                NAMÜNASİB DOSTLUQ


            Zürafəylə dostluq edəndən bəri
            Heç yox idi boz Dovşanın təhəri,
            Bir kəlmə söz pıçıldamaqçün ona,
            Gündə yüz yol çıxırdı nərdivana.

                            ARXA

            Alandan Pələngin qızını Ayı
            Meşədə artmışdı onun bal payı.
            Həmişə Ayını sancan arılar
            İndi ona nəğmə oxuyurdular.


YARAMADI

Düyünü döydülər
hər addımbaşı
- Döyülməz düyüdən
aş olmaz – deyə.
O qədər döyüldü,
Lap xırdalandı,
Nə aşa yaradı,
nə də xörəyə.

KÜSÜLÜ

Ayı meşədən küsüb,
Meşənin xəbəri yox.
Dəvə ərəbdən küsüb,
Ərəbin dər-səri çox...

Küsülülər hər şeyi
Özünə dərd eyləyər.
Küsü mərdin qəlbinə
Dolub namərd eyləyər.

TELEFON NÖVBƏSİ

Gəncliyindən növbəyə
Durmuşdursa da Qarğa,
Telefon növbəsini
Çəkdilər hər il dala.
Cüt nömrələr verildi
Quzğuna, Çalağana,
Əyri-üyrü bir şey də
Qıymayırdılar ona.
Amma izn verdilər;
Ömrü uzundur deyə
Teleqraf məftilinə
Qonaraq gözləməyə.

AQIBƏT

Tısbağa az vaxt idi
Çəxməşdı çanağından,
Bəyənməyib girmədi
Bir də ora heç zaman.
Dərdini yad ölkədə
Yazıq yadlarla böldü.
Çanaqla doğuldu o,
Amma çanaqsız öldü.

NADAN

Çaqqal bir balaca savad öyrənib,
Cızma-qara edib yolunu azdı.
Bir az da qızışıb, öz müəllimi
Bəbirdən imzasız məktublar yazdı.

BAYQUŞ EVİ

Bayquş çox sevirdi Tovuz quşunu,
Onu görcək itirirdi huşunu.
Heyhat, bu sevgidə nə məna vardı;
Alıb onu xarabaya apardı.

MÖMİN

Suyu boğazından ötürsün deyə,
Xoruz baş qaldırıb baxırdı göyə.
Yaltaqlar şişirdib həmin vərdişi,
Dedilər: ”İbadət eyləyir kişi”.

MÜASİR QARĞA
(nəzirə)

“Pendir ağzında bir qara Qarğa
Uçaraq qondu bir uca budağa”
Istədi ki,pendir yesin azacıq,
Lakin dərin fikrə qərq oldu yazıq:
- Görən neçə yerə bölsün pendiri,
Ondan inciməsin pay sahibləri,
Əvvəl şirin dilli tək Tülkü vardı,
İndi həm Çaqqaldı, həm Canavardı.
Bütün ömrü boyu bal yeyən Ayı,
Indi məndən umacaq pendir payı.
Quzğun da salacaq gözümçıxdıya,
Dolayı tabeyəm ona da güya.
Köks ötürmək istərkən bircə kərə
Pendiri dimdiyindən endi yerə.
Gördü aşağıda bir qalmaqal var,
Gözləyirmiş orda bütün ortaqlar.
Başını qaldırdı səmaya doğru,
Gördü başı üstə ən böyük oğru-
Qartal seyr eyləyir bu mənzərəni,
Düşündü: “O, şəksiz məhv edər məni”!

MEYMUN VƏ SAQQIZ


Yamsılamaq üçün Meymun darıxdı,
Maraq üçün o yan-bu yana baxdı.
Bütün heyvanlara nəzər yetirdi,
Dəvədən, Camişdan bir şey götürdü...
Gördü qabağında yox heç nələru,
Ancaq hey tərpənir alt çənələri.
Bunu təqlid üçün çox göstərdi səy
Baş Meymundan bu haqda istədi rəy,
Dedi: “Saqqız alıb çeynəməsən sən,
Kövşəyi təbii edə bilməzsən”.

SON QƏRAR

Namərd tələsinə düşmüşdü Boz qurd,
Burdan qurtarmağa heç bir ümüd yox.
Sarı Canavarlar ulayırlar: “Tut”,
Diş qıcardan Caqqallar da yaman çox,
Köməksiz, əlacsız... təkcə bir yol var.
Qurd düşündü: “Ayağını qır qurtar.”

QARTAL VƏ QARĞALAR

Qoca Qartal zirvəyə
Qanad çala bilmədi,
Şahinə, Qızılquşa
Yoldaş ola bilmədi.
Endi aşağılara,
Qoşuldu Qarğalara.
Uçub qondu kol üstə,
Təzək yedi yol üstə.

MƏRKƏZDƏN GƏLƏN KÖPƏK

Yoğun səslə hürürdü mərkəzdən gələn Köpək:
-Ummasın qoy Şir məndən
Nə mərhəmət, nə kömək.
Arıq, uzun Tazı da qulağını sallayıb
Kəsik-kəsik hürürdü.
Onlarla birgə gələn tədbirli Tülkü isə
Ürəyində gülürdü,
Hər an asan yaşamış,
Meşə, dağlıq görməyən
Gələnlərə mərkəzdən.
Qanmırdı arıq Tula, nə də ki, kobud Köpək,
Daima cəngəllikdə, dağda yaşayan Şirə,
Qalib gələ bilməzlər, doğrudan, heç vəchlə.

EŞŞƏK VƏ GÜZGÜ

Bir Eşşək güzgü tapdı yol üstündə nagahan,
Baxıb-baxıb doyunca pıçıldadı o, pünhan:
- Bax, bu qoduq necə də qardaşıma bənzəyir,
Çoxdandır nə mən onu, nə o, məni görməyir.
Zövcəsi otlamaqdan ağız saxlayıb bu dəm
Yan aldı ki, Eşşəyə olsun bu işdə həmdəm.
Baxıb həmin güzgüdə görüncə öz əksini,
Daha dözə bilmədi, boğammadı hirsini:
-Kimdir ki, bu həyasız çəkilibən kənara,
Baxıb hırıldayırsan, utanmırsan?
Avara!

SƏHV MƏNZƏRƏ

İlanla Kərtənkələ gizli sevişirdilər,
Çəməndə, kol dalında hərdən görüşürdülər.
İşdən baş çıxarmayan avam, kütbeyin Dələ,
Dedi: “İlana zəhər verirmiş Kərtənkələ”.

ELÇİ

İtin Qurd dayısı çox təkəbbürlə
Pələngin qızına elçi gəlmişdi.
Fəqət, boşanmada həmin bu şahid,
Heç bilinmədi ki, harda ölmüşdü.

ŞÖHRƏTPƏRƏST VƏ ZALIM

Cüllüt borc-xərc eyləyib təzə bir maşın aldı,
Maşına “Qarğa, məndə qoz var” siqnalı saldı.
Siqnalı eşidincə şəkləndi çox qulaqlar.
Dedilər: “bu Cüllütün gör nə qədər pulu var”.
Qarğaya xəbər getdi,
ki, qoz payını alsın.
O yan-bu yan eyləsə, tutub qəfəsə salsın.
Şöhrətpərəstliyindən ağıza düşdü cüllüt,
Qarğalar onu yolub tamam eylədilər lüt.

QORXU

Qurbağa quruldayıb yaman baş aparırdı,
Gölünə daş atıldı...
Ağzına su aldı o,
Dinməyə qoymadılar, yana-yana qaldı o.

LİBERAL

Əfidən, İlandan söz düşən zaman
Torpaqdan çıxaraq dindi Soxulcan:
-Beş günlük dünyadır pisliyə nə var,
Heç kimə dəymirəm qoy dolansınlar.

ZƏHMƏTSİZ İŞ

Boynun şah damarından yapışıb sordu Zəli,
Belə zəhmətsiz işdən kökəlib şişdi, bəli.
Onu qoparıb atdı bir gün acı, duzlu əl,
Acından yox, acıqdan infarkt oldu bu tənbəl.

BAYQUŞ

Bayquşu quşların bəyi seçdilər,
Gündə yüz yol başına and içdilər.
Bir azdan ağ günə qaldılar möhtac,
Gülüstan – xaraba, o quşlarsa – ac...

ACLIQ VƏ TOXLUQ

Zülmə, aclığa qarşı üsyan edən çaqqallar
Hücum edib canavar yuvasını aldılar.
Hər gün yağlı cəmdəyə, qana batdı dişləri,
Sandılar ki, düzəlib bu dünyanın işləri.

SƏRÇƏ ZİRVƏDƏ

Bir dəfə zirvəyə qalxdı Sərçə də,
Gördü aşağıda heyvanlar xırda.
Könlündən padşahlıq keçdi, bəlkə də,
Düşündü qartalı əzsin axırda...
Hər şey asan görünürdü zirvədən,
Heyf, başı gicəllənirdi hərdən.

QONŞUYA KEÇƏN XORUZ

Son zamanlar ağ Xoruz nəsə çox darıxırdı,
Həyətinə, hininə lap biganə baxırdı.
Qonşu həyətdən gələn şaqraq, şən qaqqıltılar
Marağını artırdı: “Görəsən, orda nə var?”
Hündür divara qonub neçə ağız banladı,
Qonşu həyətə düşüb ağ Toyuğu yanladı.
Həyətin xoruzları hücüm çəkərək bu an
O qədər döydülər ki, qoymadılar onda can.
Pipiyindən axan qan üst-başına bulandı,
Bir gözü çıxarıldı, dimdiyi paralandı.
Belə bədnam Xoruza yiyə duran olmadı,
Kəsilməkdən savayı bir əlacı qalmadı.

QARĞA VƏ BÜLBÜL

Qarğa təzək yeyirdi yol üstə ləzzət ilə,
Yoldan keçən Bülbülü bu an tutaraq dilə
Deyirdi ki, təzəyin çox dərdlərə xeyri var,
Onu yeyən çox yaşar, həmişə cavan qalar.
Bülbül qeyzə gələrək vurdu belə zəngulə:
- Təzək yeməyi azmış, təbiblik edir hələ.

ŞİR MƏSUMLUĞU

Pəncələri üstə xumarlanan Şir
Nə bir xoruldayır, nə bir tərpənir,
Nəriltisi gəlmir, səsi çıxmırdı,
Canavarı bu sakitlik çaşdırdı.
Şiri belə görüb mehriban sandı,
Onu məsum andı, xeyirxah andı.
Ona qəddar deyənləri danladı,
Dedi: “Müdirimin pis çıxıb adı”.
Yaxınlaşdı bir qullaq etmək üçün,
Ehtiyatı əldən buraxdı bütün.
Çox qəfil zərbədən uzağa düşdü,
Bir təhər canın qurtarıb sürüşdü.

YENİDƏNQURMA

Eşşək boşamışdı mehriban Atı,
Yenidən qururdu ailə həyatı.
Zebrlə evlənmək istəyirdi o,
Atı hər addımda pisləyirdi o.
Anqıraraq söyləyirdi ki, o At.
Neçə illər olmayıb mənə arvad.
Yenidən nallatdı ayaqlarını,
Yeni cür atırdı şıllaqlarını,
Ehtiyatsız təpik ataraq bir gün,
Yazıq Zebri yaralamışdı ölgün.
Utanmaz işində edərək davam
Deyirdi:
- Həyatımı yenidən quracağam.

ƏLİAÇIQ

Daş üstə daş qoymayan
Cüləvağı Tısbağa
Yaman həris olmuşdu
Ev, otaq paylamağa.

SEVİNC VƏ KƏDƏR

Vaxtı qabaqlamışdı
İti uçuşlu Qartal,
İti baxışlı Qartal.
Amma gecikənləri
Yenə köhnə yuvada
Gözləməyə yoxdu hal...

“QUR-QUR”

Çəmənlikdə keçən müsabiqənin
Musiqi tənqidçisi Qarğa idi.
Qurbağanın “qur-qur” ləhcəsini o,
Eşidib özünün qohumu bildi.
Yaxınlıq duyaraq onun səsində
Təriflədi uzun məqaləsində.
Yazdı: “Əhsən sənə, su quşu “qur-qur”,
Sən həmişə belə zəngulələr vur”.

BATAQLIĞIN LƏZZƏTİ

Kefikök yaşamaqçün,
Canı rahat olmaqçün
Bataqlığa girmişdi...
Camış xoşallanırdı,
Bu süni rahatlığa o sözsüz aldanırdı.
Qəlbində öz-özünə elə “bəh-bəh” deyirdi,
Hey kövşək qaytararaq nə isə çeynəyirdi.
Çirkaba batdığını o, əsla duymayırdı,
Və yaxud da özünü o yerə qoymayırdı.

PİŞİK GƏNCLİYİ

Gəncliyində ağlı kəsmədiyindən
Tərpənən hər şeylə əyləndi Pişik.
Gah yumağı sevdi, gah sapı sevdi,
Titrəşən otlara çox çəkdi keşik.
Vecinə almırdı evi eşiyi,
Yaxşı ki, yaş ötüb ahıllaşandan,
O sevirdi yalnız məstan pişiyi.

QƏRƏZLİK

Qartal Nazir olan tək, Xoruz yanaşdı ona:
“Sabah ezam eyləyək Qarğanı Gülüstana.
Ki, Bülbülü yoxlasın, yaman fəğan eyləyir,
Korluğu tutub deyən, daha bizi görməyir”.
Qarğa gedib qayıtdı, gətirdi yekə bir akt,
Qərəzlikçün bəs idi göstərilən dəlil, fakt:
“Qəfəsi qızıldandır, su qabı da ki, büllur,
Bu balaca canında bilməm hardandır qürur.
Yaman hörmət eyləyir ona bütün insanlar,
Bizəsə daş atırlar...
Ortada nə isə var.
Səsi də ki, zəifdi, həm zərifdi qanadı,
Elə mən gedən gündən bir daha oxumadı”
Əfsus! Heç kəs qanmadı; çıxsa Qarğanın səsi,
Bülbül səs-səsə verməz, kəsilər zənguləsi.

HUMANİST

Şir bir gün yuxudan durdu hövlnak,
Yudu əl üzünü, həm eylədi pak.
Gördü özbaşına qalıb heyvanlar,
Tamam qudurublar bu avaralar.
Təxirə salmadan bir iş-gücünü,
Cəzalandırdı o, xırda cücünü.
Pələng ilə bir az küsüb əyişdi,
Canavarın oylağını dəyişdi.
Tək köməksiz tısbağaya rəhm etdi,
Onu beli üstə çevirib getdi...

PİLLƏKAN

Nagahan taqqıltıdan qorxan Dovşan səksəndi,
Qulaqları şəkləndi.
Yumaq olan kirpidən astaca xəbər aldı:
-De, bu nə qilü-qaldı
Meşənin o başında,
Belə aramsız səslər
Eşitmisən yaşında?
-Deyirlər, yixarıda pilləkan qayırırlar,
Birini endirirlər, birini qaldırırlar.

ÜÇBAŞLI ƏJDAHA

Birini əmisindən, birini dayısından,
Borc baş alan Əjdaha
Kiçik vəzifələrdə dura bilmədi daha.
Yaxşı bir yer taparaq ora sarı süründü,
Bütün iri heyvanlar ona milçək göründü.
Püskürdüyü odların hesabını itirdi,
Ətrafındakıları təlatümə gətirdi.
Bircə hiyləgər Tülkü ona bic-bic gülürdü-
Üçbaşlı Əjdahanın
Kütbeyin olduğunu o, çox gözəl bilirdi.

SƏMƏRƏ

Canavar beş dəqiqə gecikdi səhər işə,
Bundan müdir Zürafə düşdü yaman təşvişə.
Təcili iclas edib dedi:
- Bu gənc Canavar, işə gecikdiyindən
Ona olsun boyük ar!
Çaqqallar cuşə gəlib bir ağızdan uladı,
Ayı da dinc durmayıb yerində donquldadı.
Qurda töhmət verərək, o ki var danışdılar,
Nahara beş dəqiqə qalmış dağılışdılar.

MEYMUN VƏ DİL

Meymun hey çalışırdı it dilində danışa,
Bəlkə, vəzifə ala, bir kütləyə qarışa.
Gördü kürən itlərdə əcəb vəzifələr var,
Düşündü, o da hürsə, bəlkə hörmət qazanar.
Ancaq nə qədər hürdü, heç bir şey alınmadı,
Adı it dəftərinə heç zaman salınmadı.

NAŞI

Ərəbdovşanı olan
yer isti olduğundan
corab geyinmirdilər.
Amma başqalarıyçün
qalın, isti corablar
istehsal edirdilər.

MƏMNUNLAR

Pendir rüşvət alan həmən o Qarğa
Uçaraq gəldi
Qartal olan dağa.
Münasib bölərək yağlı pendiri,
Yedilər məmnun olaraq hər biri.

ALAQ OTU

“Torpağın doğmasıyam”- deyirdi Alaq otu,
Heç nəyi də vecinə almayırdı bu lotu.
Aman vermirdi heç vaxt mədəni bitkilərə,
Yanıb-yaxılmayırdı vətəndə itkilərə.
Altındakı torpağı yetərincə sorurdu,
Mayasız qazanırdı, daha xoşbəxt olurdu.

NƏSİHƏT

Sədaqətli Leylək edərək adət,
Qızına verirdi hər gün nəsihət:
- Oğlan axar suya bənzəyir, bil sən,
Çirk götürməz, çıxsa nə qədər işdən.
Qızsa ağ kağıza bənzəyir, heyhat,
Ləkələnər, eylə bir az ehtiyat.
Xoruzsa can ustə elə bu dəmdə
Vəsiyyət edirdi oğluna hində:
- Qəşəng Fərə gördün, buraxma əldən,
Nəslimizdə bu adətdi əzəldən.
Heyifdir ömrünün hər keçən anı,
Abır-həya nədir? Gözləmə onu.

TALE


Qartalın qızına evləndi Xoruz,
Az müddət içində lap olmuşdu tuz.
Tarix görməmişdi belə gəlini,
Qıcansa da, vurmayırdı ərini.

AZADLIQ

Dana hey böyürdü, ipini dartdı,
Azadlıq istədi, arzusu artdı.
İpini açdılar, atılıb düşdü,
Bir az şıllaqladı, sonra büzüşdü.
Bilmədi nə yesin, ya hara getsin,
Canavar rast gəlsə, o necə etsin?
Gördü ki, yem vardır ipin yanında,
Azadlıq həvəsi dondu qanında.
Gəldi yavaş-yavaş ipinə tərəf...
Bilmirdi yaşasın, ya olsun tələf?!

TOYUQ ZƏHMƏTİ

Buğda anbarında müdir olsa da,
Toyuq yenə eşələyib yeyirdi.
Ondan soruşanda: “Bəs bu nə haldır?”
- İstəyirəm, halal olsun, - deyirdi.

QOHUMBAZLIQ

Meşələr padşahı o mərd Pələng də,
Axır vaxtlar çox güzəştə gedirdi.
- Balacadır-deyə oğru Pişiyi
Hər iclasda müdafiə edirdi.

ƏRİZƏ

Başçi Şirə ərizə yazdı Boz qurd:
“Bir övladım vardır dünyada vur-tut,
Çox xahiş edirəm sizdən böyük tək,
Ona qayğı göstər, şərait düzəlt.
Bir sahə ayır ki, o da ovlasın,
Həm ceyran qovlasın, cüyür qovlasın”.
Bir müddətdən Dovşandan aldı cavab,
“Başçı çoxlarına göstərib savab,
Bu xahişçün verək belə məsləhət:
- Siz eyləyin Çaqqala müraciət,”
Fikrə dalıb Boz qurd çəkdi yaman ah,
Əcəba, meşədə çaqqalmı Padşah?

MİLÇƏK DÜŞÜNCƏSİ

İncəbel Qarışqaya
Dedi kök Milçək gülüb:
- O qədər yem yığıb da,
Ayaq üstə üzülüb.

VƏZİYYƏT

Başçısını dəyişdilər meşənin,
Düşdü dalınca hərə bir peşənin;
Qazlar uçub getdi isti ölkəyə,
Bayquşlar dadandı həmin bölgəyə.
“Fil doktoru” dönüb baş həkim oldu,
Umac ova bilməyən,
meşədə hakim oldu.
Tazı sandı Donuz yaman yağlanıb,
Tövləsinə göz dikdi,
Gördü Eşşək dağlanıb.
İşıldaquş Günəşə tay tutuldu,
İşıq saçanlar tamam unuduldu.
Ağacdələn necə istədi dəldi,
Bununla da lap yuxarı yüksəldi.
“Dıra-dıra” quşu hamam müdiri,
Qarğalar qozları udurlar diri.
Fikirləşib, hamıya eyləyib şəkk,
Məsul vəzifəyə qoyuldu Eşşək.
Qudurmuş itləri qısqırdıb Qurda
Dinənin səsini kəsdilər burda.
Qoca kəllər süni mayalanmaya,
Cavan buğalarsa sallaqxanaya
Göndərildi, nə deyək zəmanəyə,
Dünya fırlansa da, dəymir heç nəyə.

SARMAŞIQ ƏMƏLİ

Sarmaşıq söylədi İlana: “Nədən
Çıxmayırsan özgənin kölgəsindən”.
İlan fısıldadı: “Ay, Sarmaşıq sən
Başdan ayağadək elə kölgəsən.
Ancaq nə faydası, pisliklə əlin
Çatır hər bir yerə bilirəm yəqin ”.

ƏYİLMƏZLİK

Qasırğa sındırmışdı Palıdı gövdəsindən.
Yanındakı Söyüdsə sağ qalmışdır, bəs nədən?-
Deyə düşündü Palıd.
Baş əyə bilirdilər yaltaq söyüdlər, otlar,
Əyilə bilməyənlər fövrən sınmalıdırlar,-
İndi üşüdü Palıd.

BALA SƏRÇƏ

Qanı qaynayırdı bahar çağında,
Yuvada qalmaqdan tamam bezirdi.
Bir zaman anası gəzən ağacı,
Bala sərçə budaq-budaq gəzirdi.

İLAN HƏYATI

İlanı Allah da sevmədiyindən
Elə ömrü boyu sürünüb gəzdi.
Hamıya bədxahlıq eylədiyindən
Ona kim rast gəldi, başını əzdi.

MƏNSƏB HÖKMÜ

Pul töküb ətək-ətək
Pişik müdir olan tək
Təcili fərman yazıb oxutdu Canavara:
- Gərək bütün heyvanlar dırmaşalar divara.

TÜNDLÜK

Həddini aşmışdı birillik Sirkə,
Daha bəyənmirdi öz küpəsini.
Deyirdi: “Bu küpə nə dar otaqdır,
Hələ yatağa bax, gör nə yataqdır”.
Bəli, ildən-ilə tündləşdi Sirkə,
Ona xoş gəlmədi o ev, o ölkə
Bilmədi küpəsin çatlatdı nə vaxt,
Töküldü ayaqlar altına bədbəxt.

SU PƏRİSİ OLSA DA

Füsünkar gözəlliyə malik olsa da, yenə
Su Pərisi evdə qalıb qarıdı.
Nə Balıq aldı onu quyruğuna vurulub,
Nə də insanlar içrə bir sevəni varıdı.

ÜZBƏÜZ DÖYÜŞ

Eşşək boş təpik atdı
ömrü boyu havaya.
Amma heç girişmədi
üzbəüzə davaya.

PİŞİK KİŞİLİYİ

Kim ona çörək verdi, gözünü yumdu yedi,
Guya görmədi Pişik.
Dandı yaxşılıqları, nə qədər hörmət etdin,
Yenə bilmədi Pişik.

MEYMUN TƏSKİNLİYİ


Sarı Şiri görüb bir qara Meymun,
Ona oxşamağa müdam can atdı.
Şir ola bilmədi, axı neyləsin?
Bir onu etdi ki, saçın saraltdı.

SƏKSƏKƏLİ SƏLİQƏ

Yırtıcıya, zalıma qoymasın deyə bir iz,
Əlinə nə düşdüsə, Maral yedi tər-təmiz.

ZÖVCƏLƏRİN TƏRİFİ

Kirpinin yanında hər səhər-axşam
Arvadını tərifləyirdi Dovşan:
Deyirdi: “Mülayim, həm mehribandır,
Onun haqda bəd fikirlər yalandır.
Tükləri ağappaq ipək kimidir,
Qoynu ətirlidir, çiçək kimidir.
Canavar da ona həsədlə baxır.
Baxdıqca da ağzının suyu axır;;
Bəs səninki necə, zövqüncədirmi?
Baxışları ürkək, həm incədirmi?”
Kirpi hirslə onun sözünü kəsdi,
Söylədi: “Bu təriflərin əbəsdi,
Dərisi tikanlısa da zövcəmin,
Tək mənimdir, olmayacaq özgənin”.

ARXALI KÖPƏK

Arxasında dayanan əli tüfəngli Ovçu
Arıq, caydaq Tazıya ürək-dirək verirdi, -
Dovşan nədir, Ayının üstünə də hürürdü.

ÖRDƏK VƏ XORUZ

Cır Xoruzun əhvalı yaman pərişan idi,
Ördəklə evlənəndən taman peşiman idi.
Xasiyyətlər tərs imiş, ilk günündən anladı,
Ördək “qa-qa” edəndə, Xoruz zildən banladı.
Xoruz çəməndə gəzdi, Ördək üzdü göllərdə,
Xoruz ağacda yatdı, Ördək isə nəm yerdə.
Düşünülməmiş nikah tamam zillətdir-deyə,
Boşanmaq üçün işi verdilər məhkəməyə.

ÇAŞBAŞ XORUZ

Dəyirman Xoruzu qoca olsa da,
Kəkliyi özünə katibə seçdi.
Məhəbbət yolunda çox yorulsa da,
Onun ayağına, başına keçdi:
- Nə yaxşı ki, gəldin, xınalı kəklik,
İdarədə sıxmışdı məni təklik.
Anaş Toyuq işdən xəbər tutan tək
Tərk eyləyib getdi o hini gerçək.
Çaşbaş Xoruz qurtarmırdı bəladan,
İndi hini viran, işi abadan.

FANİLİK

Bədən fiqurunun pozulmasından,
Qorxan Fil çoxdandı balalamırdı.
Eyş-işrət içində keçdi gəncliyi;
Nə qayğısı vardı, nə dərdi vardı...
Qocalanda övlad düşdü yadına,
Amma heçnə çatmadı imdadına.

ŞÜKÜRLƏR

Camışa Allah qanad vermədisə də yenə,
Şükür elədi daim yenə Allah verənə.
İnsafı, fəhmi vardı, duyurdu insanları,
Əsirgəmirdi heç vaxt özündə olanları.
Yırtıcı Canavarsa gözünə görünən tək,
Basıb sıxdı bir anda, qaldı quruca cəmdək.

İNSAFSIZLIQ

Işdə çalışırdı Ayaq da, Baş da,
Göz də işləyirdi, Qulaq da, Qaş da.
Bel də yorulurdu, Ürək də əlbət,-
Əllərin adına yazıldı zəhmət.

YERİNİ BİLMƏYƏN

Pələnglə Şir cəng edirdi bir zaman,
Araya girdi ki, ayırsın Dovşan.
Çün Pələnglə bir az dostluğu varmış;
Əcəl onu gör haraya aparmış...
Nəriltidən silkələnirdi dağ-daş,
Çox dəhşətli, çox qorxuncdu bu savaş,
Hər iki nəhəngin gözlərində qan,
Yüngülvari şapalaq aldı Dovşan.
Gözləri qaralıb yerə sərildi,
Bir andaca əl-ayağı gərildi...
Durmayanlar, əvət, öz sırasında
Tapdalanar nəhənglər arasında.

KOFE VƏ ÇAY

Kofe ilə çay yenə söz güləşdirirdilər,
Kofe dedi: “Qədrimi məni içənlər bilər,
Necə qaldırıram mən əhvali-ruhiyyəni,
Məni dadan gecələr sayıq durmazmı yəni?”
Çay dedi ki, mən amma qida verirəm cana,
Yorğunluğu alıram, hələ bunlar bir yana,
Məni satan çayçı da ruzigarı xoş olur,
Məni başqası içir, o, ətə-cana dolur.

AYI YUXUSU

Ayı qış yuxusunda
Düşündü bunu yenə,
- Heyvanlar məhv olsaydı,
Qalardı meşə mənə.

BALTA VƏ MİŞAR

Balta kəsib tökdü sərv ağacları,
Təkcə birinə də rəhmi gəlmədi.
Heç düşünmədi də pöhrələri var.
Başısoyuq dəmir bunu bilmədi,
Tiyəsi dəymirdi torpağa-daşa,
Hələlik çıxmışdı yuxarı başa.
Zalım bərkə-boşa düşmədiyindən
Kimsəni kəsəndə qəlbi əsməmiş.
Tərgidə bilmədi əməllərini,
Sapını bir adi mişar kəsməmiş.

ÖZGƏ GÜCÜ


Qaz üstündə qaynayan
Kəl əti öyünərək
Dedi: - “Tez bişməyimi
Quş əti görsün gərək”.

QIRMIZI PAPAĞIN YENİ SƏFƏRİ

Təzə səfər etdi Qırmızı papaq,
Bu dəfə yollandı boz Qurda qonaq.
Söylədi ki, “güclüyük hər ikimiz,
Bu dünyada çox ağırdı yükümüz.
Məndə tədbir, səndə isə qüvvə var,
Əlbir olsaq qazancımız çox olar.
Ancaq gərək xəbər tutmasın nənəm,
Ki işlərdə əsas səbabkar mənəm.”
Taladılar bu minvalla hər yeri,
Açılmadı hiylələrin heç biri.

BÜLBÜL ÖMRÜ

Qarğa söz çırpışdırıb şair olandan sonra,
Bir az da qocalayıb yaşa dolandan sonra
Başladı gənc Bülbülə tənqid böhtan yazmağa.
Söylədi: “Az yazmısan, hələ cavansan, qağa,
Şair olmaq istəyən gərək yaşıma çatsın”.
Az qaldı səma şahı Şahinə də əl atsın.
Qanmadı, Bülbül ömrü qısa olsa da, yenə
Zavallı az ömründə gəlmiş çox söz deməyə.

KEÇİ KİŞİLİYİ

Sadəlövh qoyunlar çox inanırdı
Çörək kəsdikləri seyiz Keçiyə,
Yazıqlar bilmirdi ki, kombinatda
Satacaq onları heçcə neçəyə...

TÜLKÜ ƏSLİ

Tülkü cildin dəyişib:
“Şir qohumumdur”,-deyə
Öz işinə girişdi.
Günlərin bir günündə
Şirin şir qohumunun
Əlində bərk ilişdi.

KƏL BOYNU

“Boynum yoğundur”-deyə,
Kəl yaman öyünürdü.
Boynu altında qalıb
Bir gün boğuldu, öldü.

ZƏMANƏ KƏRTƏNKƏLƏSİ

Buqələmun son vaxtlar
Çox əla dolanırdı.
Çünki o, təzə şefin xoşladığı rənglərə
lap tezcə boyanırdı.

AZ VƏ ÇOX

Çaqqal mırıldayıb: “Qoçuyam”-dedi
Tülkü hırıldayıb : “Lotuyam”-dedi
Heyf, bu meşənin qoçağı yoxmuş,
Boşboğazı çoxmuş, gopçusu çoxmuş.

LÜZUMSUS VÜSAL

Daha oxumurdu yanıqlı Bülbül,
Çoxdan kəsilmişdi xoş zənguləsi.
Tərgitmişdi ətir saçmağı həm gül,
Saya salmırdılar daha heç kəsi.
Pıçıldaşırdılar dostlar, tanışlar:
- Güllə Bülbül evləniblər bu bahar.

SADƏLÖVH DƏVƏ

Əyri-üyrü nişanlısını Dəvə
Şümşad boylu, düz əndamlı sanırdı.
“Maralın buynuzu yaman əyridir”,-
Deyib onun gözəlliyin 
danırdı

İSTƏK

Su boğaza çıxanda Meymun oz balasını
Qoydu ayağı altda,
Pişik öz balasını
Istədiyindən yedi.
Axı heyvan nə qanır, sevgi nə, istək nədi?

ADƏTKAR

Gecədən xeyli keçmiş ayıldı Oğru pişik,
Göz bəbəyi böyüdü...tam sakitdi ev-eşik.
Eşdi böyük ilhamla öz şəxsi arxivini,
Tapdı ki, qırx il əvvəl məşhur bir at çibini
At quyruğu haqqında maraqlı şeir yazıb.
Fikirləşdi ki, çoxdan unudulub o yazıq,
Başlığını dəyişib, çap üçün təqdim etdi
O şeri Oğru pişik.
Altdan yeni təxəllüs yazdırdı:
“Doğru pişik”.

İTAƏT

Başını aşağı əymişdi Söyüd,
Çoxları sandı ki, bar gətiribdir.
Diqqət yetirənlər gördülər ki, yox,
Palıdın önündə
Öz qamətini
Bu zavallı lap çoxdan itiribdir.

ADSIZ ŞEİR

Gözəllər üstümə su çilədilər,
Sənə olan eşqin odu sönmədi,
Paxıllar, bədxahlar böhtan dedilər,
Inanmadım, səndən üzüm dönmədi.

Ayrıla bilmərik daha səninlə
Ömür yarı, dünya da ki, qarışıq.
Ömrün baharını, yazını sənlə
Keçirib elə bil doğmalaşmışıq.

MƏCHUL

Məşuqsan? Aşiqin ollam durmadan.
Məsumsan? Qoymaram incidə nadan.
Məsudsan? Bir zərrə yox ünsiyyətin.
Məqsudsan? Vəslinə çatmaq çox çətin.
Məcnunsan? Dərdinə eylərəm əlac.
Məşhursan? Başına mən qoyaram tac.
Məcbursan? Yox, səni əyləməyirəm
Məmnunsan? Mən sənə əl dəyməyirəm.
Məftunsan? De, kimə tuşlanıb gözün?
Məhzunsan? Günahkar özünsən, özün.
Məşğulsan? İllərlə gözləyərəm mən.
Məlumsan? Əsla mən duya bilmirəm.
Məchulsan! Üstəlik qadınsan həm də.
Səni kəşf edəməm qısa ömrümdə.

SAMAN ÇÖPÜ

Lap batırlar, neynəsinlər kasıblar,
İş yerini “ulduz”lardan asıblar.
Qanmazlar da seltək bizi basıblar,
Güman var ki, heç sənə də çatmayım,
Saman çöpü, mənə əl ver batmayım!

Bu “tufan”dan istifadə edən çox,
Sel gətirən hər şey vardır, para yox.
Böyüklər də, “göy” sevirlər, qara yox,
“Göy kağız”a nəyim var ki, satmayım,
Saman çöpü, mənə güc ver batmayım!

Səndən “ağır” palıd kökü anılmır,
Çoxdandır ki, “dəmirağac” sanılmır.
Sərv ağacı nə deyirsə, qanılmır.
Indi sənə mən necə əl atmayım?
Saman çöpü, dadıma çat, batmayım!

OLMAYIR

Boş küpə hey qaz vururuq dolmayır,
Qaz vurub, qazandolduran başqadır.
Çalışırıq, ölkədə qaz olmayır,
Dünən ayaqdakı bu gün başdadır.

Başçımızı dəyişdilər olmadı,
Fərman əmi neçə fərman qolladı.,
Üstümüzə kağız-kuğuz yolladı,
Deyir, əsil səhfimiz maaşdadır.

Köhnələri heç yaxına buraxmır,
Kabinetdə tək oturur, darıxmır,
Ərizəyə “viza” qoyur, karıxmır,
Işimiz daşdan da çıxmır, daşdadır.

Heç kilkə də tərpənməyir tilovu,
Çoxdan görməyirik mavi alovu,
Toxun acdan nə xəbəri, nə sovu,
Adi sıyıq indi bizə aş dadır.

Yaz da oldu, qaz gəlmədi, nə fayda,
Gözləyək bir az da, gələrmi yayda?
Qaz işinə qoyulmadı bir qayda,
Cəmi işçilər yaman təlaşdadır,

Su başdan bulanır, heyvan neyləsin?
Qaz çıxmırsa, buna Fərman neyləsin?
Göz kordursa, ənlik-kirşan neyləsin?
Təqsir nə kiprikdə, nə də qaşdadır.