Poeziya‎ > ‎

ŞEİRLƏR - Mustafakamal İslamov

27 Kas 2014 03:20 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 1 Oca 2015 01:36 güncellendi ]



APARDI...

Atam üzüb həmişəlik əlini
Bu dünyadan dünyasını apardı
Səmalarda düyünləyib gözünü
Buza dönüb, təmasını apardı...

Çılğın qəlbi necə sakit yatmışdı!
Xatirəsi göz yaşıma qarışdı
Başsağlığı götürənlər içində
Məndən qabaq kimsə dayanmamışdı...
Sanardım ki, o, alınmaz qalamdı,
Düzdə qoyub, qalasını apardı...

Ata tabutunu çiynim ki aldı
Bütün dünya gözlərimdə qaraldı.
Atamın yükünü dostlar götürdü,
"Atasızlıq yükü" çiynimdə qaldı.
Oxşayardı deyib: "Oğul balamdı",
Ata qaldım, "balasını" apardı...

Yetimliklə bir od-ocaq yaratdı
Süfrəsində övladları boy atdı
Gecəsini gündüzünə calayıb
Min zəhmətlə qanad atdı, qol atdı.
Dünya onu bir andaca taladı,
Bu dünyanın vəfasını apardı...

Nə çətindir yoxluğuyla barışmaq
Bir təsəllim qalır qəlbimdə ancaq
Tək qoymayıb o dünyada da onu
Yəqin anam qabağına çıxacaq.
Söhbət edib məni ovundurardı,
Anamın son sədasını apardı...

                    * * *

AXI HAMI ÖZ ÖMRÜNÜ YAŞAYIR

Dünyanın malına qarışsa başın
O dünyada töhmət olar şabaşın
Bu dünyanda o dünyançün yaş ayır
Axı hamı öz ömrünü yaşayır.

Vədəsində bada verib vaxtını
Nə xeyri var, qınayasan baxtını?!
Calaq üçün niyyət etsən, yaş ayır
Axı hamı öz ömrünü yaşayır.

Bilmək olmur bu dünyanın işlərin
Yek-düsü var atdığın şeş-beşlərin
Xoş günündə çətin günə aş ayır
Axı hamı öz ömrünü yaşayır.

Uğuruna şərik çıxan çox olar
Məğlub olsan, heç axtarma günahkar
Öz başını döymək üçün daş ayır
Axı hamı öz ömrünü yaşayır.

Aman, dostum, hara baxır gözlərin?
Yol uzanır, itib-batır gözlərin
Gözlərini ya yoldan yığ, ya ayır
Bil ki hamı oz ömrünü yaşayır...

                * * *

QADASIN ALDIĞIM RÜŞVƏT

Ən mübhəm şövqü-məhəbbət
Qadasın aldığım rüşvət.
Canı coşduran hərarət
Qadasın aldığım rüşvət.

Tarixi olar minillik
Şirin ismi var - "şirinlik"
Ölünü dirildər, əlbət
Qadasın aldığım rüşvət.

Özgə idin? Dost olarsan!
Qapımı ərklə açarsan
Şübhəyə dəxi nə hacət?
Qadasın aldığım rüşvət.

Qaşıqla gor qazmaq olmaz
Kasıb aşda qazmaq olmaz
Maaşda varmı bərəkət?!
Qadasın aldığım rüşvət.

İstəsən qismətin olsun
Gərəkir mənsəbin olsun
Ən nəcib, elit cinayət
Qadasın aldığım rüşvət.

Arzuya, kama çatarsan
Dövlətə, mala çatarsan
Heç layiqmi ona lənət?
Qadasın aldığım rüşvət.

            * * *

YAŞAYARIQ, GÖRƏRİK

Anadan olanda böyük idim,
"Padşahdan böyük".
Nə qürurum sınmışdı,
Nə səsim alınmışdı.
İstəsəydim ağlayardım,
İstəsəydim gülərdim,
İstəsəydim hay-küy salıb,
yemək tələb edərdim.
Böyüdüm, böyüdüm
Böyüdükcə də,
hüququm kiçildi.
Əvvəlcə susmağı
mənə öyrətdilər,
Sonra da zorla
sevmədiyim şeirləri
söylətdilər.
Günbəgün özümü
özümdən aldılar,
Qaydalardan
bir qəfəs hörüb,
oraya saldılar.
Etməli olduğumu edə-edə
yüküm çoxaldı,
Dünya da get-gedə
verdiyini az verdi,
aldığını çox aldı...
İtirə-itirə,
yüksəkdən enərək
bir ömrü gedərik,
Deyirlər, öləndə
hörmətin artır -
bəlkə də...nə bilim...
Yaşayarıq, "görərik".

        * * *

DÖYÜŞ

Ərşə çəkib yuxumu
Gözümə dolub necə,
Qəlbimlə söhbətimə
Qulaq kəsilir gecə.
Tərk etməməkçün məni
Səhərimlə döyüşür.

Ömür yolu hər addım
Haçalanır nədəndi?
Qorxuram ki, azaram
Önüm dumandı, çəndi.
Bir XEYİR var içimdə
Öz ŞƏRimlə döyüşür.

Çox sevinsəm, qəm etsəm
Göz yaşımdan duyuram,
Biri çatışmayanda
Yaşamaqdan doyuram.
Ruhum üçün sevincim
Kədərimlə döyüşür.

Arzum sonsuz deyilmiş
Dünya özü dardı ki...
Qismətim istəyimdən
Yaransa nə vardı ki...
Çin olmaqçün arzular
Qədərimlə döyüşür.

        * * *

AĞSAQQAL
(zarafatyana)

"Ağsaqqal" -
belə çağırdılar
bugün məni.
Evə dönən kimi
keçdim güzgünün önünə,
gur işığı yandırıb
çoxdan görmürmüş təki
diqqətlə baxdım üzümə.

Bahoo, doğrudan da,
saqqalım ağarıbmış,
Hələ bu azmış kimi,
alnım da qırışıb,
rəngim də saralıbmış...

Yadıma düşdü
heç xoşum gəlməyən
qonşumuz Ziyvər xalanın
uşaqkən mənə:
"Ay saqqalın ağarsın" -deməsi,
bu sözdən tutulub getməyim,
anama şikayət etməyim.

Anamsa zorla
gülümsəməyə çalışıb
anlatdı ki,
əndişəm yanlışmış,
guya bu,
mənə edilən
ən böyük alqışmış...

        * * *

ÖZÜMLƏ SÖHBƏT

İnciməyə haqqın yoxsa
Daha kimdən inciyim ki?!
Bir xəyalmış haqqın, yoxsa?
Daha kimdən inciyim ki?!

Özün tərəddüd içində
Başqasına haqq söylədin
Nə bağırdın, nə vuruşdun
Vicdanını qəsb eylədin
Daha kimdən inciyim ki?!

Namərdindi bilə-bilə
O körpüdən keçmədinmi?
Şərəfli yol çətin deyə
Sən asan yol seçmədinmi?
Daha kimdən inciyim ki?!

Gözlər səni gözləyəndə
Yollarda qaldı - yetmədin
İnsanlardan umduğunu
Axı özün də etmədin
Daha kimdən inciyim ki?!

İki yolun arasında
Yol ayrıcında azmısan
Şübhələrə əsir olub
Zülmət içində qalmısan
Daha kimdən inciyim ki?!

Ömrü ucuz satdın, yazıq,
Nakəslərə sına-sına
"Dəli oğul" olamadın
Ha özünü qına, qına
Daha kimdən inciyim ki?!

            * * *

YAŞAYARIQ, GÖRƏRİK

Anadan olanda böyük idim,
"Padşahdan böyük".
Nə qürurum sınmışdı,
Nə səsim alınmışdı.
İstəsəydim ağlayardım,
İstəsəydim gülərdim,
İstəsəydim hay-küy salıb,
yemək tələb edərdim.
Böyüdüm, böyüdüm
Böyüdükcə də,
hüququm kiçildi.
Əvvəlcə susmağı
mənə öyrətdilər,
Sonra da zorla
sevmədiyim şeirləri
söylətdilər.
Günbəgün özümü
özümdən aldılar,
Qaydalardan
bir qəfəs hörüb,
oraya saldılar.
Etməli olduğumu edə-edə
yüküm çoxaldı,
Dünya da get-gedə
verdiyini az verdi,
aldığını çox aldı...
İtirə-itirə,
yüksəkdən enərək
bir ömrü gedərik,
Deyirlər, öləndə
hörmətin artır -
bəlkə də...nə bilim...
Yaşayarıq, "görərik".

            * * *

SƏNİ AXTARIRAM
(Bu şeiri vaxtilə "Səni axtarıram" verilişinə həsr etmişdim)

Tərk etdiyin dünyamı,
Çin olmayan röyamı,
Məni vaxtsız qocaldan
dəni axtarıram mən -
Səni axtarıram mən.

İşığa çıxıb deyə,
Əlindən tutum deyə,
Aramızda dumanı,
çəni axtarıram mən -
Səni axtarıram mən.

Xatirəmdən sürüşüb,
Gözümə əksin düşüb.
İllər ötsə də, sənə
təni axtarıram mən -
Səni axtarıram mən.

        * * *

GÖZLƏMƏ

Sənsizlikdən üzülsəm də,
Səbrim də tükəndi, bəsdir!
Ümid bəsləmə eşqimə,
Bəsləmə!

Sevgiyə kölgə düşəndə
Solur, nə etsən əbəsdir
Harayın çatmayır mənə,
Səsləmə!

Bu ocaq artıq sönsə də,
İçində xəlvət sızlayır
Alovlanar, bənddir himə,
Közləmə!

Ürəyim səndən küssə də,
Hər gələn səsə səksənir
"Onsuz da dönəcək" - deyə
Gözləmə!

            * * * 

BƏLKƏ

"Bitməyən toxum"sa da,
Bir sehr var "BƏLKƏ"də
Onsuz həyat bir nağıl,
Bir xəyaldır bəlkə də...

Qəm-kədərdən üzülər
Olsa qəlbi daş, adam
İnsanları yaşadan
Bir ümid var "BƏLKƏ"də.

Bəzən "BƏLKƏ"ylə birgə
Yaxılırıq, yanırıq
"Bir köynəklik" yaxınıq,
Mübhəmlik var "BƏLKƏ"də.

Gözləsək də, çox zaman
Yalan olar, zənd olar,
Bir-birilə bənd olar:
Bəlkə... bəlkə... bəlkə də...

            * * *

QARAÇI QIZ

Əlimin içindən nə axtarırsan?
Gəl götür paranı, get, qaraçı qız.
Yaman pis sürürlər, vurar maşınlar
O dəcəl balanı, yet, qaraçı qız.

Yatmış taleyimdə ayıq gəzirsən?
Dəryanı keçməyə qayıq gəzirsən?
Qaranlıq zülmətdə işıq gəzirsən?
Ağ etmə qaranı, get, qaraçı qız.

Dünyadan pay uman səfil deyiləm
Çoxdan yolçusuyam, qəfil deyiləm
Həyata nabələd, qafil deyiləm
Qanatma yaranı, get, qaraçı qız.

Düyüb qaşlarını nə izləyirsən?
Deməyə sözmü yox, nə gözləyirsən?
Gözünün yaşını nə gizləyirsən?
Qurtar bu taranı, get, qaraçı qız,
Qurtar bu taranı, get, qaraçı qız.


                * * *

SONA DOĞRU GEDİRƏM

Bahar məni tərk edib
Bu dünyanı dərk edib
Bir çilləli, sızaqlı
Dona doğru gedirəm.

Min yol ölçüb, biçsəm də
Yaraşanı seçsəm də
Sonda bərsiz-bəzəksiz
Dona doğru gedirəm.

Mən Allahın quluyam
Günahlarla doluyam
Bilirəm od yandırır
Ona doğru gedirəm.

Hələ sözüm bitməmiş
Çox murada yetməmiş
Davamına ümidlə
Sona doğru gedirəm...
Sona doğru gedirəm...

            * * *

MƏNİ

Nə edim, hər bəzək xoşuma gəlmir,
Xoşuma gələnsə, süsləmir məni.
Yanına qaçdığım məni gözləmir,
Məni gözləyənsə, səsləmir məni.

Başına dönürəm, guya ki görmür,
Görməzə vurduğum sınamır məni.
Xətrimə dəyəni ata bilmirəm,
Xətrinə dəydiyim qınamır məni.

Niyə sevə bilmir məni sevəni? -
Ürəyim bir kərə qandırmır məni.
Şam olub yolunda hazır durduğum
Qorxur ki, yaşaram, yandırmır məni.

           * * *

TƏMSİL

Dovşanları yeyərək,
etdiyi cinayəti
gizlətməkçün canavar,
"Dovşan hüququ" adlı
bir təşkilat yaradıb,
haray saldı o ki var.

Təşkilatın önünə
şüar asdı bu sayaq:
""Qatillərə yox!" deyək,
Dovşanları qoruyaq!"