Poeziya‎ > ‎

ŞEİRLƏR - Şahid Məmmədkərimov

28 Kas 2014 02:17 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 1 Oca 2015 01:36 güncellendi ]

VƏTƏNİ SEVMƏSƏYDİM

Nə sevmişəm dünyada
Əvvəli, sonu Vətən!
Bütün eşqim,istəyim,
Fikrim, arzum, diləyim
Cücərib ancaq ,ancaq
Vətən məhəbbətindən.

Vətəni sevməsəydim,
Qəlbimdə quş qanadlı,
Əbədi sevgi adlı
Dünyam yaranmaz idi.

Vətəni sevməsəydim,
Mən özüm də, sözüm də,
Şerim də olmaz idi.

Vətəni sevməsəydim,
Dünyamızın təkində
İzim də qalmaz idi.

Vətəni sevməsəydim,
İzim nədir? Heç mənim
Zərrələrə çevrilən
Tozum da qalmaz idi.

Vətəni sevməsəydim
Çaylartək aşıb, daşan,
Bu yerlərlə əlləşən,
Göylərlə qucaqlaşan,
Söz deyən, şeir qoşan
Qəlbimdə inam, səbir,
Dözüm də qalmaz idi.

Vətəni sevməsəydim,
Dəyişəndə dünyamı
Gəlsə yanıma hamı
Məni bürüyüb ağa ,
Doslar, ana torpağa
Dəfn eləyin deməyə
Üzüm də qalmaz idi.
Vətəni sevməsəydim,
Bu torpaqdan yoğrulan,
Hamarlanıb daş olan
Başdaşım, ayaqdaşım,
Vallah, ucalmaz idi.

        * * * 

ŞƏKİM 

Küçələri dolam – dolam,
Ay mənim mehriban anam,
Mən sənin qurbanın olam
Gör, nə cəh-cəlaldı Şəkim.

Karvansaray, Xan sarayı
Keçmişimin hay – harayı.
Hər bir ilin günü, ayı
Tarixə iz saldı, Şəkim.

Qiz , gəlini qəmzə, nazdı,
Dili şirin xoş avazdı.
Zarafatdan sehr yazdı
Min könülü aldı Şəkim.

Keç Marxaldan, gəz yaylağı
Səfalıdır hər bir çağı
Bəzənib gəlinsayağı
Göylərə ucaldı Şəkim.

İgid oğlu Çələbi xan
Mərd dayandı zaman–zaman
Nadir şahı Kiş çayından
Məğlub yola saldı Şəkim.

Hər gələni, hər gedəni,
Bu yurda səfər edəni
Halvasilə qəni – qəni
Kəməndinə saldı Şəkim.

Hər daşın bir tarixi sirr,
Dağın, düzün bəhrəlidir
Görüşünə ellər gəlir
Ürəkləri çaldı Şəkim.

         * * *

SUSUN

Yenə otağımda təkəm bu gecə.
Dörd divar, əşyalar bir də xəyalım.
Sükutun qoynunda xöşbəxtəm necə
Heç vaxt dəyişməyə mənim bu halım.

Sanıram ki,vurmur dayanıb ürək.
Sevinc sinəmdədir,uzaq duşub qəm.
Şadlıq tökülüdü bax ləçək-ləçək,
Sükutun qoynundan elə bil bu dəm.

Yanırdı “həqiqət”adıda çiraq,
O an eşitmirdim mən hec bir yalan.
Ucurdum göylərə ganadlanarag,
Nə əl calan vardi,nə də alçalan.

Susun!Sarsıtmayın mənim gəlbimi.
Sükut tərtəmizdir pirdir,ocaqdır.
Hər insan ömrünün taleyi kimi,
Səs düşsə o saat bulanacaqdır.

Qəlbimdə bəslənən diləklərimi
Xəyalımda kama yetirəcəyəm.
Susun ki, sükutdan ayırsaz məni.
Vallah,xöşbəxtliyi İtirəcəyəm.

               * * *

ELƏ ÖTDÜN YANIMDAN


Rastlaçdiq...elə bildim
son qoyuldu həsrətimə
bu heç görüş deyilmiş
bilməmişəm sən demə
Elə ötdün yanımdan
Sanki görüşməmişik
heç zaman..heç bircə an
məgər dodaqlarıma
od yağmayıb, ay gülüm
sənin dodaqlarından?
Məgər siyah tellerin
dolanmayıb boynuma?
Düşməmisən elə bil
heç vaxt mənim oynuma.

Elə ötdün yanımdan
bir müthiş külək idin
duymadın əvvəlkitək
sən mənə gərək idin.

Elə ötdün yanımdan
Sən həmən sən deyildin
Axı, sən heç bir zaman
Belə ötən deyildin.

elə ötdün yanımdan
sanki yoxdum orda mən
de hansımız gəlmişik
heç adı bilinməyən,
hələ kəşf edilməyən
tamam yad planetdən?

Elə ötdün yanımdan
EH!...Sən hara, mən hara
Xatirələr utandı
O an çəkildi dara

Elə ötdün yanımdam
Ümidimin çırağı
Söndü, tamam qaralbı
Bəxtimin yollarını
Çisgin, duman, çən aldı.

Elə ötdün yanımdan
Qırım-qırım qırıldı
İnamın qanadları.
Belə sındırmamışdı
Heç bir zaman yar yarı.

Elə ötdün yanımdan
Zamanın da ürəyi
Mənim üçün dayandı
Əbədilik pozuldu
Demək sevginin andı.

Elə ötdün yanımdan...
Elə otdün yanımdan
Daha nə söyləyim mən
Dönüş gözləmək günah
Sənin bu gedişindən.

          * * *

MƏHƏBBƏTLƏR ARASINDA

Mən dünyaya gəlməmişdim arzu idim
Həm atamın,həm anamın ürıyində.
Doğulmamış doğulmuşdum
Çoxlarının fikirində,diləyində.
Xəyalların qanadında
Həm oğlan,həm bir qız idim.
Mən məhəbbət müjdəçisi,
“bəxt”adlı bir ulduz idim.
O zaman ki,doğulmuşam
Babaların,nənələrin və kimlərin
Sevgisinə bürünmüşəm.
Böyüməkçün iməkləyib sürünmüşəm
Boy atmışam gilə-gilə,
Dəyişmişəm ildən-ilə.
Ona görə,sevda olub baxışlarda
Məhəbbətlər dünyasıtək görünmüşəm.
Ürəyimdə aşıb-daşıb sevda dəmi.
Məhəbbətlə qucaqlayıb bu aləmi
Məhəbbətlər arasında yaşayıram.
Odur mənə qüvvət verən
Məhəbbətlə bu dünyanın
Sevincini,qəmini mən
Öz çiynimdə daşıyıram.
Bu məhəbbət dünyasının
Lap başına dönürəm mən.
Heç özümdə his etmədən
Məhəbbətlər arasında
Yavaş-yavaş sönürəm mən.
Müəllif:şahid məmmədkərimov.

             * * *

YAĞ, EY YAĞIŞ

Yağ, ey yağış
hər damlana deyək alqış
Yağ ey yağış
sən bircə an
dayanmadan
İstəyirsən xoş arzulu, diləkli yağ!
istəyirsən fırtınalı, küləkli yağ!
Amma...Amma...
səadəti gətir bizə
gərəkli yağ
çörəgli yağ.
Xoşbəxtliyi yetir bizə.

Elə yağ ki,
çirkabları tamam yuyub, aparıb get
Elə yağ ki, bütün xəbis ürəkləri
sinələrdən qoparıb get
Elə yağ ki....
elə yağ ki,
əlimizdən son qəpiyi alanların
xalq malını talan edib
yaman günə salanların
Damağında zəhərə dön
çilovu qır, haykır, kişnə
ələyatmaz kəhərə dön.

Yağ, ey yağış,
baxma yaydər,
ya payızdır,
ya da ki qış
Yağ ki, hələ zülmün tozu
dünyamızdan yuyulmamış.
Yağ, ey yağış
qanımıza qayna-qarış,
qoy saflaşaq
paxıllardan,
yaltaqlardan,
yalanlardan uzaqlaşaq.
Elə yağ ki,suyun, selin aşıb- daşsin
o əvvəlki məcrasına sığışmasın
Götür bizi azadlığın qucağına
apar bizi xoşbəxtliyin ocağına.

Yağ, ey yağış
hər tərəfə
dünyamızda yer qalmasın bircə qarış
Tamam itir izimizi
Yağ, təzədən cücərt bizi
bu trpağa
dərin işlət kökümüzü.
Sən təzədən gətirib gəl
Dədə qorqud, Babək adlı nəslimizi.
qoy görüşək ulumuzla
Qobustandan keçib gələn yolumuzla
Özümüzü tanıyaq biz,
Sözümüzü tanıyaq biz
bu dağları,
dərələri,
cığırları,
düzümüzü tanıyaq biz.
Turan adlı Türk mənşəli
İzimizi tanıyaq biz.
Dünən kimi
qoy, bu gündə
tariximin sinəsində
Ləpir salsın öz izimiz.
Yağ, ey yağış
Saf sevgini, səadəti gətir bizə
Dünyamızı bələməkçün
azadlığın çirağına
Prometey cəsarəti yetir bizə.

              * * *

DÜŞÜNÜRƏM

Goy üzündə görünəndə
Bircə topa qara bulud
Düşünürəm hardan gəlir?
Indi gedir hara bulud?
Bəlkə,susuz bir səhraya üz çevirib
Olacaqdır susuzluğa çarə bulud.
Dönəcəkdir həm almaya,həm üzümə,
Turşa-şirin nara bulud,
Neçə-neçə min nemətli bara bulud.
Indi gedir hara bulud?
Bəlkə... Bəlkə gurlayacaq bir dərədə,
Ildırımlar çaxacaqdır.
Şimşək olub bu dərəyə,
O dərəyə axacaqdır.
Nə bilirsən haraları yandıracaq,
Haraları yaxacaqdır?
Çəkəcəkdir insanları dara bulud.
Düşünürəm hardan gəlir?
Indn gedir hara bulud?
Xeyirlə şər qucaqlaşıb
O buludun sinəsində.
Şırıl-şırıl qəlb oxşayan
Yaxış olub yağa bilər.
Sərtləşərək dolu olub
Başımıza çaxa bilər.
Gözmüz tək buludda da
Sevunc yaşı, qəm yaşı var.
Biz bilmirik bəlkə... Bəlkə
Bu dunyanın özü ilə savaşı var.
Bu dünyanın şirinliyi acılıqla,
Acılığı şirinliklə qucaqlaşır.
Hər istəyin sinəsindən
Kədər,sevinc aşıb daşır.
Hər meyvənin kalı acı,
Dəymişi isə şirin olur
Qəhqəhələr içində də
Yenə dərdin-sərin olur.
Min cah-cəlal yarat, qardaş,
Sonda torpaq yerin olur.

              * * *

O, SƏNSƏN, SƏN ÖZÜNSƏN

O ecazkar göylərdə
Ulduzlar vardı min-min
Mən minlərin içindən
Birini istəyirdim.
Ulduz necə bərq vurur
Göylərdə mənimdir o,
Bəxtim,sevgim,istəyim,
Sonsuz aləmimdir o,
Tənha gecələrimdə
Yaxın həmdəmimdir o.
Mən onunla bölərdim
Sevunci də,qəmi də.
Mən onunla görərdim
Günəşli aləmi də.
O bir az gec çıxanda
Küsərdim, barışardım
O ulduzu parlayan
Bir taleyim sanardım.
O sənsən,sən özünsən
Ulduz olub, sevgilim,
Çəkilmisən göylərə.
Nə əlim çatır sənə,
Nə ünüm yetir sənə.

        * * *

İSTƏYİRƏM

Şükür, ürəyimin duyğu telinə
Qaragöz, bir göyçək qız istəyirəm
Niyə tənə ilə baxırsan mənə ?
Deyirsən ki, qışda yaz istəyirəm?

Bir qıyğacı baxıb məni sevindir.
Qəlbimdən keçəni söyləyim bir- bir.
O taylı, bu taylı yollar sənindir
Dur gəl, gəlişindən naz istəyirəm.

Mən olaydım gözlərinin yuxusu,
Nəfəsinin şirin dadı, qoxusu.
Könlümdə var ayrılığın qorxusu
Odur ki, aranı saz istəyirəm.

Elə et, əlimdə, qoy olsun umur.
Bir busə nədir ki, diləyim budur.
Sevənlər yarından çox şeylər umur
Mən ki, hələ səndən az istəyirəm.

Şahid çox çətin ki, bu yoldan dönə
Öz odum, alovum bəs etmir mənə.
Yanıb-yaxılmaqçün, gülüm, eşqinə
Səndən də o qədər köz istəyirəm.

                  * * *

ÜMMƏTİNİN DAYAĞIDIR

Ay Allah, hər şerim hökmündür sənin.
Mənim ilhamımı birə - on eylə.
Vəsfini yazıram mən Peyğəmbərin
Sözləri qəlbimə pıçılda, söylə.
O, sənin Rəsulun, mən sənin qulun
Mənim köməyim ol, qurbanın olum.

Fəxr edirəm! Nə yaxşı mən
Məhəmmədin ümmətiyəm.
Ona görə yer üzünün
əşrəfiyəm, zinətiyəm.
Peyğəmbərin dünənini,
Bu gününü, sabahını
Ara, axtar!
Hər anında
Hikmət dolu bir məna var.
O, bu gündə
Min möcüzə qapısını üzə açar.
Məhəmmədin dediyitək
Allah birdir, laməkandır,
Yeri, göyü yaradandır
Kəlamilə alışmasan,
Bu eşq ilə sən yanmasan,
əgər,qəflət yuxusundan oyanmasan
şeytan yolu sənin olar.
Cəhənnəmin əzabından
Yoğurulmuş qəmin olar.
Sən adını eşitdinmi Məhəmmədin?
Tez səlavat çevir, oyan
Məhəmmədlə qoşa dayan!
İmdadına çatacaqdır
Tək o zaman
bir yaradan.
Allah ona pay göndərib
Varlıqları yaratdığı
“Ol!”-dediyi xoş səsindən.
Nəfəs verib
Öz sehirli nəfəsindən.
Yaddaşına
Sığal çəkib öz əlilə
Hər ayəni o, çatdırsın
Yurda, elə.
Allah adlı bir varlığa
“Baş əy!”-deyib
O öyrətdi
Baş əyməyi böyüklüyə.
İstədim ki,
Günəş deyim Məhəmmədə
Düşündüm ki,yanılıram.
Axı,Günəş yer üzünə
Növbə ilə işıq saçır.
Amma, budur
Məhəmmədsə dünyamızı
Zaman-zaman,
Dayanmadan
Tamam,bütöv nurlandırır.
Allah ona nə buyurdu
əməl etdi,
məqsədinə gəldi,çatdı,
İslam adli,gur işıqlı
Dünyamızı o yaratdi.
Əgər İsa bir ölünü
Diriltdisə nəfəsilə
“Lə ilahə!”-dedi dünya
Məhəmmədin nəfəsilə.
Ancaq ona göndərilib
Yerin,göyün xoş nəfəsi.
Onun səsi
Ağ suların zümzüməsi.
Gül üstündə şehə bənzər
Hər kəlməsi.
Oxu! Öyrən!
Peyğəmbərin meracını.
Tapacaqsan
Min bir dərdin əlacını.
Mövludunu oxud! Yad et!
Unudarsan hər acını.
Cənnət yolu sənin olar
Nə dərdin, nə qəmin olar.
Oxu! Öyrən! Əməl elə!
Məhəmmədin kəlamına.
Allahımın bəxş etdiyi
O nur dolu amalına.
Öyrənməsən bilənməzsən
Bu dünyada zili,bəmi.
Bilənməzsən
Hər səhv addım
Bu dünyanın cənnətisə,
o dünyanın cəhənnəmi.
O,mayaqdır dünənə də,
Bu günə də, sabaha da
Çatdıracaq insanları
Zaman-zaman hər murada
Bizlər üçün bir Allahdan
Rəhm istəyən ancaq odur.
Həm bu, həm də o dünyada
ümmətinin dayağıdır.

           * * *

MƏNİM SEVİNCİM

Bir ildə dörd fəsil var.
Mənimçün hamsh qışdır
Səninçün hamsh bahar.
Buludlar qoşalaşar
Göydə ildırım çaxar
O səni nurlandırar
Məni yaxıb, yandırar.
Göy kişnər, yağış yağar
Sənə sərinlik səpər
Məni tamam isladar.
Doğulduğumdan bəri
İniltiyəm, fəryadam,
Sən dünyanın doğması,
Mən ögeyəm, mən yadam
Axı, nə etmək olar?
Görünür bu dünyada
Sənə sevinc payı var
Mənə gəlir bəlalar.
Sevinirəm buna mən
Sevinc, qəm qoşa olar
Mən qəmi götürməsəm
Heç sənə sevinc qalar?!

            * * *

QAMIŞ

Qış oldu quruyub itirsən,
Yaz oldu cücərib bitirsən,
Qamış,
Hər buğumun bir qarış.
Səni nə tərifləyən,
Nə pisləyən olmamış.
Sözsüz ki, çoxları bilir ki, sən
-“İskəndərin uzun qulaqları var.” - deyən
Tütəyisən.
Bəlkə, ondan da əvvəl
Səs verib balabana
Çalındın yana-yana
“Çoban bayatı”nı
gətirdin
Azərbaycana.

Qamış,
Çoxları hələ
sənlə olmayıb tanış.
Nə olar, özün özündən danış.
De ki, mən
Cənginin, Yallının səsiyəm,
qədim bir xalqın
sevincinin gülüşü,
qəminin naləsiyəm,
çayların harayı,
çeşmə zümzüməsiyəm.
De ki, mən
Zurnanı dilləndirən
əsasının özüyəm,
nəfəsli alətlərin
çoxusunun gözüyəm.
Koroğlu nərəsiyəm,
Babək təntənəsiyəm.
Elə buna görə, qamış,
Qara zurna dünyaya səs salmış
Bəmindən
düşmənə nifrətin sədası ucalmış.
Zilin-döyüş səsi,
Qəhrəmanların qələbə müjdəsi.
Hər zaman, hər yerdə carçı oldun, qamış,
səsindən qabal daşının
Ritmləri duyulmuş.

Min oyun qurdun,qamış,
Hələ oyunun qurtarmamış,
Zaman gələcək sən
Qarabağ adlanan yurdumda
əl-əl gəzəcəksən,
düşmənin boyuna ölçüləcəksən!