Təbriklər‎ > ‎

Təbrik edirik!

6 Eyl 2015 01:50 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 6 Eyl 2015 01:51 güncellendi ]
        "Şəki Bələdiyyəsi" qəzetinin 10 il ərzində, çətin şərtlər altında fəaliyyət göstərməsi müasir mətbuat tariximizin diqqət çəkən hadisələrindən biridir. Çünki bu müddət ərzində həmin qəzetin ayaq üstə qalması yalnız bir şəxsin - Murad Nəbibəyovun qeyri-adi fədakarlığı, cəfakeşliyi sayəsində mümkün olub.
        Vaxtı ilə Ömər Faiq Nemanzadə mətbuatın xalqın tərəqqisi üçün müstəsna əhəmiyyətə malik olmasından bəhs edərək yazıb: "Dünyaya, ətrafa baxınız: hansı millətin mətbuatı çoxsa o millətin sərvət, qüdrət və rahəti çoxdur. Əks halda mətbuatı, yəni mənəvi dili olmayan millətin digər millətlər arasında nəinki etibar və nüfuzu, bəlkə adı, sanı da yoxdur. Çünki hər millət öz sağlıq və varlığını ancaq mətbuatı ilə mühafizə edir." Bu mənada "Şəki Bələdiyyəsi" qəzeti də öz imkanları daxilində millətimizin mənəvi sağlamlığının və rifahının təmin edilməsi üçün bir mətbuat orqanı olaraq öz töhfəsini verməkdədir.
        Biz "Şəki Bələdiyyəsi" qəzetinin yorulmaz redaktoru Murad Nəbibəyovu, Şəki Bələdiyyəsinin kollektivini, qəzetlə əməkdaşlıq edən müəllifləri, qəzetin oxucularını bu mətbuat orqanının 10 illik yubileyi münasibətilə təbrik edir və onun öz fəaliyyətini davam etdirməsi üçün çalışan hər kəsə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə: 
Zəkəriyyə ƏLİZADƏ, 
geologiya-mineralogiya elmləri doktoru
Həbibulla MANAFLI, 
AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçisi,
AMİ-nin Şəki filialının müəllimi, tarixçi