Təbriklər‎ > ‎

"Şəki Bələdiyyəsi" qəzətinin baş redaktoru cənab Murad Nəbibəyova

10 Ağu 2015 02:45 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 10 Ağu 2015 02:51 güncellendi ]
        Hörmətli Murad müəllim! 
        Azərbaycan dövlətçiliyinin qədim mərkəzlərindən biri olan və tariximizin bütün mərhələlərində milli dövlətçiliyimizin möhkəmlənməsi və qorunması istiqamətində son dərəcə mühüm tarixi hadisələrə şahidlik və müəlliflik etmiş Şəkimiz, elm və təhsilin inkişafına verdiyi töhvələr baxımından nəinki Azərbaycan məkanında, eləcə də Şərq aləmində özünəməxsusluğu ilə seçilmişdir. Bu qədim şəhər uzun tarixi dövr ərzində müsbət ənənələr yaratmış və onları nəsildən nəsillərə ötürərək bu günümüzə daşımış və uğurla inkişaf etdirmişdir. Şəkimiz, Azərbaycanın siyasi, iqtisadi, elm, fəlsəfi düşüncə, maarif və təhsil tarixi sahələrində olduğu kimi, bu gün mətbuat tariximizdə də özünəməxsus yeri ilə seçilir və bu baxımdan milli mətbuat tariximizdə Şəkinin öz tarixi yeri vardır. Azərbaycan mətbuat tarixində Şəkidən olan düşüncə adamlarımızın-ziyalılarımızın Azərbaycanda nəşr olunan mətbu orqanlarda, eləcə də dünyanın digər ölkələrində nəşr edilən müxtəlif elm sahələrinə aid, həmçinin dünyada və ölkəmizdə cərəyan edən aktual ictimai-siyasi proseslərə münasibətin əks olunduğu məqalələri və digər yazıları daim yüksək elmi səviyyəsi ilə seçilmiş, üstündən on illər keçməsinə rəğmən aktuallığını qoruyub saxlamış, onlara dönə-dönə müracət olunmuşdur. Azərbaycanın elm-mədəniyyət mərkəzlərindən biri olan Şəkimiz milli mətbuat tariximizdə həm də burada nəşr olunan yerli mətbu orqanların qəzetçilik işinə verdiyi töhvələr baxımından mühüm yer tutur. Keçən yüzildən etibarən Şəkidə bir çox mətbu orqanlar nəşr olunmuşdur. Bu mətbu orqanların hər biri milli mətbuatımızda bir ilkin, yeni bir ənənənin başlanğıcını qoymuşdur ki, bu ənənələr də bu gün milli jurnalistikamızın əsas istinad prinsiplərindən birinə çevrilməklə, bir məktəb funksiyasını yerinə yetirir. Bu baxımdan " Şəki Bələdiyyəsi" qəzetinin də nəşr olunduğu bu 10 il ərzində bu tarixi ənənələrin yaşadılması, qorunması və bu tarixi irs əsasında müasir dövrlə səsləşən, mətbuatın inkişafında dövrümüzün tələb və çağırışlarına uyğun bir yol keçdiyini əminliklə söyləyə bilərik. Bunun məntiqi nəticəsi kimi bu gün rəhbərlik etdiyiniz mətbu orqan istər dünyada diqqət çəkən, istər Azərbaycan səviyyəsində çox aktual olan, xüsusən də Şəkinin həyatının aktual məqamlarını işıqlandırmaqla ölkəmizin və Şəki regionunun sayılıb seçilən dövrü nəşrləri sırasında özünəməxsus yer tutur. 
        Hörmətli Murad müəllim! Sizi və rəhbərlik etdiyiniz mətbu orqanın bütün əməkdaşlarını 10 illik yubileyiniz münasibəti ilə təbrik edir Sizə yeni yaradıcılıq uğurları diləyir, ən səmimi və xoş arzularımı bildirirəm.
        "Şəki Bələdiyyəsi" qəzetinin uğurlarında Sizin bilavasitə intellektual səviyyəniz,yaradıcılıq və qəzetçilik sahəsindəki təcrübəniz, xüsusən də rəhbərlik fəaliyyətiniz aparıcı rol oynayır"
        Hörmətlə, Əli Məsimli.