Təbriklər‎ > ‎

Qəzetinizə iki sıfırlı yubileylər keçirməyi arzulayıram!

13 Ağu 2015 10:32 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 13 Ağu 2015 10:34 güncellendi ]
        Çox hörmətli Murad bəy! Baş redaktoru olduğunuz "Şəki bələdiyyəsi" qəzetinin ilk sıfırlı - 10 illik yubileyinin olduğunu öyrəndim və sevindim. Mənim də yazılarıma lütfkarlıqla geniş yer verdiyiniz bu qəzet, məncə, yalnız əziz və sevimli Şəkimizin deyil, ümumən Azərbaycanın jurnalistika tarixində öz sözünü deyərək dərin iz buraxmış bir mətbuat orqanıdır. Bizlər bu gün bəlkə də onun dəyərini doğru-düzgün vermək gücündə deyilik, çünki onun nə qədər faydalı iş gördüyünü yetərincə dəyərləndirə bilmirik. Ancaq tam əminəm ki, vaxt gələcək, Şəkinin tarixini araşdıracaq alimlər "Şəki bələdiyyəsi"ni ən qiymətli tarixi qaynaq kimi əldə çıraq axtaracaqlar, ona görə də qəzetin dəstlərini gələcək nəsillər üçün indidən diqqətlə qoruyub saxlamağınız gərəkdir. Sevimli Murad bəy! Siz bizə olduqca şərəfli bir nəslin yadigarısınız. Nəbibəyov olmaq hər oğulun işi deyil! Sevinirəm ki, Siz bir vətənpərvər insan və peşəkar jurnalist kimi öz işinizlə bu məsuliyyətli adı layiqincə doğruldursunuz. Düzdür, bu gün jurnalistika heç də urvatlı peşə sayılmır, çünki sözün urvatı qalmayıb, ancaq zər qədrini zərgər bilər - yazılan hər söz tarixin yaddaşına həkk olunur və bu gün olmasa da gələcəkdə hökmən öz yiyəsini tapacaq. Sizə və bütün yaradıcı kollektivinizə çətin və şərəfli işinizdə uğurlar diləyir və qəzetinizə iki sıfırlı yubileylər keçirməyi arzulayıram! 
        Hörmətlə, Sizi, qəzetinizi və bütün şəkililəri ürəkdən sevən Ədalət TAHİRZADƏ. 
        Bakı Arasiya Universitetinin professoru,
        13.08.2015