Təbriklər‎ > ‎

Düz söz üzə deyilən yalançı tərifdən daha şirindir, daha qiymətlidir!

25 Haz 2016 12:14 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Haz 2016 12:14 güncellendi ]
Hidayət Elvüsal sərt adamdır, sözü adamın üzünə deyir. Belə bir adamla çoxları yola getməz, onunla işləməz. Çünki üzə deyilən düz sözü eşitmək istəyən redaktor çox deyil. 






Məzahir SÜLEYMANZADƏ

        
Mənim üçün isə, istər arxanca deyilsin, istər üzünə deyilsin, fərqi yoxdur, düz söz, elə düz sözdür. Düz söz üzə deyilən yalançı tərifdən daha şirindir, daha qiymətlidir. "Səhər"in oxucuları Hidayətin düz sözünü qəbul eləmişdilər, onların bu düz sözə ehtiyaçı var idi. Hətta sözün nə demək olduğunu hamıdan yaxşı bilən, özü düz sözlə ucalan böyük Bəxtiyar VahabzadəninHidayət Elvüsalın düz sözünə ehtiyacı var idi. Hər gün (hər gün!) mənə zəng vurardı: "Ay Məzahir, mən "Səhər"in ölüsüyəm, o Hidayət Elvüsal kimdi belə, qırdı - çatdı bizi..." Hidayətin yadında olar, onları 1992-ci ildə mən tanış elədim. Özü də harada? "Gülüstan" sarayında! Bəxtiyar Vahabzadənin ilk sözü bu oldu: "A kişi, sən müasir dövrümüzün Mirzə Cəlilisən!". Unudulmaz görüş idi...
        Bir dəfə yanıma unudulmaz Yaşar Nuri gəldi, dedi ki, səndən bir xahişim var, Hidayətə de, məxsusi mənim üçün bir monolaq yazsın. Qırılıb - batırıq, səhnədə oynamağa bir əsər yoxdur. Dedim, Yaşar, sənin özünün Hidayətlə çox səmimi münasibətin var, niyə özün demirsən? Dedi ki, vallah, yüz dəfə demişəm, hələ üstəlik Afaq Bəşirqızı, Arif Quliyev də xahiş edib, xeyri yoxdur. Dedim ki, Hidayət sifarişlə əsər yazmır, amma cəhd göstərərəm. Hidayətlə bu barədə çox ciddi söhbətimiz oldu, mövzuları müzakirə etdik, bir - neçə səhnə əsəri yazacağına söz verdi, amma yazmadı... Mən qətiyyətlə deyirəm, Hidayət Elvüsal bircə əsər yazsaydı belə, həmin tamaşa teatrlarımızın repertuarında əbədi qalacaqdı...
        
Hidayət yaxşı dost, qədirbilən adamdı. Rəhmətlik Osman Mirzəyevlə də səmimi münasibəti var idi. Onun adını həmişə hörmətlə çəkərdi, gənclərə nümunə göstərərdi. Hətta dostunun xatirəsini əbədiləşdirmək üçün Osman Mirzəyev adına beynəlxalq mükafat da təsis eləmişdi. Sizə təqdim elədiyim bu şəkil 1994-cü ildə, Hidayətin təşəbbüsü ilə keçirilmiş Osman Mirzəyevin növbəti anım günündə çəkilib. Azərbaycan mətbuatının görkəmli nümayəndələri Tofiq RüstəmovHacı Hacıyev də buradadırlar, Hidayət də, mən də buradayam və təbii ki, Osman Mirzəyevin ruhu da başımız üstündə dolaşır...
        ...Evim olmasa da, kitab rəfim var. Bu rəfə əsərlərini sevə-sevə oxuduğum klassiklərimizin, müasir yazıçı dostlarımın kitabları düzülüb. Bu kitablar arasında Hidayət Elvüsalın kitabı yoxdur. Sadəcə, ona görə ki, bu kitab hələ nəşr olunmayıb...
        Bu gün Ali Media mükafatı laureatı Hidayət Elvüsalın doğum günüdür. Dostumuzu, müasir dövrümüzün Mirzə Cəlilini təbrik edir, çan sağlığı, yaradıcılıq uğurları arzulayırıq!