Xəbərlər‎ > ‎

Biz onunla fəxr edirdik!!!

2 Ara 2015 09:05 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 2 Ara 2015 09:07 güncellendi ]

Dünyada ən uca zirvədir ANA!

        Deyirlər ki, ana ürəyindən qopan laylalar həyatın ən şirin təranəsidir. Bu təranənin ahəngindəki mənalar min-min arzunun səsidir. Bəlkə ona görə də bəşər var olan gündən ananın ünvanına həmişə xoş sözlər qanadlanıb. Ana o qədər ilahi və müqəddəs varlıqdır ki, vətəni də onun ismi ilə "Ana vətən" adlandırırlar.. Təsadüfi deyildir ki, analara ən yüksək qiyməti də Məhəmməd peyğəmbər (s.ə.s.) verib: "Cənnət anaların ayaqları altındadır".
Məhəlləmizin qocaman və ağbirçək sakini, zəhmətkeş insan, çox uşaqlı ana Axundova Diləfruz Baxşəli qızı oktyabrın 29-da dünyasını dəyişdi. Diləfruz Axundova 1925-ci ildə anadan olmuşdur, Şəki pedaqoji texnikumunu, sonra 2 illik müəllimlər institunu qiyabi olaraq bitirmişdir. 1942-ci ildə Balakənin Tala kəndində əmək fəaliyyətinə başlayan Diləfruz Axundova bir müddət Şəkinin ayrı-ayrı məktəblərində müəllimə işlədikdən sonra, nəhayət, öz babası Molla Kazımın məktəbində, Şəki şəhər 5 saylı orta məktəbdə dayanıqlı təyinatla iş fəaliyyətinə başlamışdır.
        Müəllimliklə yanaşı 10 il həmkarlar təşkilatının sədri, 21 il partiya təşkilat katibi işləyən Diləfruz müəllimənin fəaliyyəti zamanında dövlət tərəfindən yüksək qiymətləndirilmiş, 1964-cü ildə “Qabaqcıl Maarif xadimi” döş nişanı, 1970-ci ildə “Rəşadətli əməyə görə“ medalı, 1971-1976-cı illərdə müxtəlif fəxri fərmanlarla mükafatlandırılmış, 1982-ci ildə isə “Əməkdar müəllimə” fəxri adına layiq görülmüşdür. 1987-ci ildə Azərbaycan müəllimlərinin VII qurultayının nümayənəsi olmuşdur. D.Axundova həm də “Qəhrəman Ana” medalı ilə təltif edilmişdir. Atası Baxşəli Axundov öz dövrünün ən çox tanınmış ziyalılarından idi. İnqilabdan qabaqkı dövrdə xalqın maariflənməsində və mədəni inkişafında böyük xidmətləri olan Baxşəli Əfəndi onu tanıyanların yaddaşında həmişə silinməz xatirələrlə yad edilir. Bu nəslin tarixini vərəqləsək ziyalılıq səlnaməsinin hələ babalarının dövründən qaynaqlandığını görərik. Bu da səbəbsiz deyil ki, keçmiş nəsildən miras qalan zəngin həyat təcrübəsindən bəhrələnən Diləfruz Axundova hələ gənc yaşlarından öz əməyi ilə başqalarından fərqlənmiş və “əməkdar müəllimə” kimi yüksək ada layiq görülmüşdür.
        Məhəllədə nüfuzlu ağbirçək, müdrik, ahıl insan kimi tanınan Diləfruz müəllimə həm də mehriban ana idi. Onun böyüyüb tərbiyə etdiyi övladları öz analarının adını uca tutmuş, heç vaxt onu tək qoymayaraq qayğısını çəkmişlər.
        Bu gün Diləfruz müəllimə haqq dünyasındadır. Biz məhəllə sakinləri də bu kədərə şərik olub onun qohum-əqrabasına, əzizlərinə baş sağlığı veririk:
        Allah rəhmət eləsin, qəbri nurla dolsun!
Rəna Nemətova,
Məhəllə nümayəndəsi