Xəbərlər‎ > ‎

Şəkidə 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

3 Şub 2015 08:03 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 3 Şub 2015 08:04 güncellendi ]
        
2014-cü ildə Şəki rayonunda istehsalın əsas sahələrində ilkin hesablamalara görə, 274 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 8 faiz artaraq 266 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 5 faiz artaraq 64 milyon manat olub. 2014-cü ildə rayonun sənaye sahəsində 21 milyon 262 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Sənayedə məhsul istehsalı əvvəlki illə müqayisədə 885 min manat artıb. İl ərzində rayonda 2090 daimi iş yeri açılıb.

        
Bu faktlar 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı Şəki Şəhər İcra Hakimiyyətində keçirilən yığıncaqda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində səsləndirilib.
        Şəhər rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, icra hakimiyyətinin foyesində rayonda istehsal olunan məhsulların və el sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxıblar.
        Hesabat məruzəsində, həmçinin bildirilib ki, 2014-cü ildə rayonda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 38 milyon 965 min manat həcmində investisiya yönəldilib. Əsas kapitala yönəldilən investisiyaların 28 milyon 780 min manatı və ya 87,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Müddət ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə 47 sahibkara 791 min manat güzəştli kredit verilib.
        
Diqqətə çatdırılıb ki, 2014-cü ildə Şəkidə ən müasir texnologiyalar əsasında yaradılan “Sünbül” çörək zavodunda gündəlik istehsal gücü 14 ton olan birinci xətt istismara verilib və müəssisədə ilkin məhsul istehsalına başlanılıb. 2015-ci ilin birinci yarısında zavodda istehsal gücü 16 ton olan ikinci xəttin istismara verilməsi nəzərdə tutulub.
        Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər 2014-cü ildə də davam etdirilib, dövlət vəsaiti hesabına Şin və Baş Şabalıd kəndlərində yeni məktəb binaları, həmçinin Şəki şəhərində təhsil şöbəsinin yeni inzibati binası tikilib istifadəyə verilib. Hazırda rayonun Göybulaq, Baş Göynük, Qaratorpaq və Qoxmuq kəndlərində yeni məktəb binalarının tikintisi davam etdirilir. Bundan əlavə, ötən il Şəki şəhərində 4 uşaq bağçası əsaslı təmir olunaraq balacaların istifadəsinə verilib. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə hər biri 100 yerlik 3 uşaq bağçasının tikintisinə başlanılıb.
        
Qeyd olunub ki, 2014-cü ildə Kiş kəndinin ərazisində inşa edilən “Marxal” istirahət kompleksində, həmçinin Şəki şəhərində “Məhkəmə kompleksi” binasında tikinti işləri davam etdirilib, “Gənclər evi”nin tikintisinə başlanılıb.
        Aqrar sahədə görülən işlərə toxunan məruzəçi 2014-cü ildə havaların həddindən artıq quraq keçməsnin taxılçılığa xeyli ziyan vurduğunu, nəticədə məhsuldarlığın iki dəfə aşağı düşdüyünü diqqətə çatdırıb. Bildirilib ki, əlverişsiz iqlim şəraiti nəticəsində taxıl əkilmiş 69 min 152 hektar sahənin 15 min hektarı tamamilə məhv olub. Bütün bu amillər taxıl istehsalının azalmasına səbəb olub. Statistik məlumatlara görə, ötən il rayonda cəmi 74 min tona yaxın taxıl istehsal olunub.
        
Diqqətə çatdırılıb ki, ötən il fermerlər kifayət qədər toxum tədarük edə bilmədiyindən cari ilin məhsulu üçün payızlıq səpin zamanı da bir sıra problemlər yaranmışdı. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vaxtında göstərilən köməklik sayəsində ilin sonuna yaxın taxıl əkini sürətlənmiş və yekun nəticədə, rayonun təsərrüfatlarında 2015-ci ilin məhsulu üçün 61 min 231 hektar sahədə payızlıq taxıl əkilib.
        
Qeyd olunub ki, 2014-cü il Şəkinin mədəni həyatında da əlamətdar hadisələrlə zəngin olub. İl ərzində Şəkidə 4 Beynəlxalq festival, o cümlədən iyulun əvvəlində “İpək Yolu” V Beynəlxalq Musiqi və iyulun 20-də Beynəlxalq ənənəvi şirniyyat festivalları, avqustun sonunda ilk dəfə Qafqaz motofestivalı, sentyabrın 10-dan 19-dək isə I Şəki Beynəlxalq Teatr festivalı keçirilib. Bu festivallara 20-ə yaxın xarici ölkədən 200 nəfərdən çox iştirakçı qatılıb.
        Hesabat məruzəsində görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələrə də toxunulub. Bildirilib ki, rayonda inkişaf etdirilməsi nəzərdə tutulan sahələrdən biri də ipəkçilik sənayesidir. Bu məqsədlə hazırlanmış tədbirlər planının başlıca məqsədi yaş barama istehsalının ötən əsrin 70-ci illərindəki səviyyəyə çatdırılmasına nail olmaqdır. İpəkçiliyin inkişafına dəstək proqramı çərçivəsində 10 il ərzində bu sahənin inkişafına 50 milyon manat sərmayə qoyuluşu planlaşdırılır.
        
Məruzə ətrafında müzakirələrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının qarşılaşdıqları çətinliklər barədə danışılıb, problemlərin həlli ilə bağlı təkliflər səsləndirilib. Qeyd olunub ki, məhsul istehsalçılarına subsiyaların cəmləşdirilərək ildə bir dəfə- iyun ayında verilməsi daha məqsədəuyğundur. Fermerlərin istehsal etdikləri məhsulların alınması üçün yerlərdə dövlət tabeliyində olan tədarük-satış bazalarının yaradılmasına ehtiyac vardır. Aqroservislər tərəfindən göstərilən xidmətlərin qiymətlərinin aşağı salınması fermerlərin ürəyincə olardı. Təkliflərdə, həmçinin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı məsələlər də öz əksini tapıb.
        Yığıncaqda Milli Məclisin deputatları Əli Məsimli, Cavanşir Feyziyev, Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış edərək 2014-cü ildə əldə olunan uğurlardan bəhs edib, qarşıda duran vəzifələrə toxunublar.
        Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Mənbə: Şəki ŞİH