Xəbərlər‎ > ‎

Şəkidə ilin yekunlarına həsr olunmuş bayram tədbiri keçirilmişdir

4 Oca 2014 13:11 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 4 Oca 2014 13:12 güncellendi ]
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 2013-cü il debabrın 30-da “Büllur” şadlıq sarayında bayram tədbiri keçirilmişdir. 

Tədbirdə 2013-cü ildə ictimai-siyasi, sosial-iqtisadi, elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə yüksək nailiyyətlər qazanmış şəkililər, həmçinin ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri iştirak etmişlər.

Bayram tədbirində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov yola salmaqda olduğumuz 2013-cü ilin Şəkinin həyatında olduqca əlamətdar və yaddaqalan hadisələrlə zəngin olduğu qeyd etmiş, ayrı-ayrı sahələr üzrə qazanılan uğurlardan bəhs etmiş, 2014-cü ildə görüləcək işlərdən, həyata keçiriləcək tədbirlərdən söz açmışdır. 

Sonra E.Usubov müxtəlif nominasiyalar üzrə “İlin qalibi” olmuş nominantlara şəhər icra hakimiyyətinin təsis etdiyi “Zirvə” mükafatını təqdim etmişdir. “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyi “Mədəni-kütləvi tədbirlərin fəal iştirakçısı”, ağac üzərində oyma üzrə sənətkar Şahin Qiyasov “Qədim el sənətini yaşadan sənətkar”, bərpaçı-memar Sehran Məmmədov “İlin uğurlu layihəsi” (Şəki Xanlarının evi”nin bərpası layihəsi), Kapoeyra döyüş növü üzrə 11 yaşlılar arasında dünya çempionu Sənan Rəhimli “İdman” nominasiyası üzrə qalib adını qazanmışlar. Bundan əlavə, “İlin dövlət qulluqçusu”, “Media-mətbuat”, “İlin telejurnalisti” nominasiyaları, habelə təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, xidmət və digər sahələr üzrə fərqlənənlərə də mükafatlar təqdim olunmuşdur.

Tədbirdə digər çıxış edənlər Yeni ildə xalqımıza səadət dolu günlər arzulamış, daha böyük nailiyyətlərin qazanılması üçün əzmlə çalışacaqlarını bildirmişlər.

Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən parçalar, yerli musiqi kollektivlərinin maraqlı çıxışları, Yeni ilin atributu olan Şaxta babanın gəlişi tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.