Xəbərlər‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzinin növbəti uğurları

5 Eki 2016 05:49 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 5 Eki 2016 05:51 güncellendi ]
        Bu il sentyabrın 28-30-da Gürcüstanın paytaxtı Tbilisidə Gürcüstan Kənd təsərrüfatı Akademiyasının təşkilatçılığı və Gürcüstanın Şota Rustaveli adına Milli Elm Fondunun maliyyə dəstəyi ilə təşkil edilən “Kənd təsərrüfatının davamlı inkişafı naminə ekoloji təmiz məhsullar istehsalının müasir texnologiyaları” mövzusunda Beynəlxalq Elmi Konfransda AMEA Şəki Regional Elmi Mərkəzinin bir qrup əməkdaşı da iştirak etmişdir. 

        Konfransda iştirak üçün əvvəlcədən Elmi Mərkəz əməkdaşları konfransın tematik planına uyğun olaraq bölmələr üçün nəzərdə tutulmuş istiqamətlər üzrə məqalələr hazırlamış, Şəki Regional Elmi Mərkəzin elmi şurasında müzakirə edildikdən sonra konfransın təşkilat komitəsinə göndərilmişdir.
        Əməkdaşlarımızın konfransda təmsil olunmaq üçün Təşkilat Komitəsinə təqdim etdikləri məqalələr qəbul olunmuş və iştirak üçün dəvətnamələr göndərilmişdir.
        Sentyabrın 28-30-da, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə PhD Yusif Şükürlünün rəhbərlik etdiyi elmi heyət - elmi işlər üzrə direktor müavini biologiya üzrə PhD Fərhad Əzizov, biologiya üzrə PhD Qüdürət Bəkirov, elmi işçi Yevgeniya Bəkirova, elmi işçi Aygün İsmayılova, elmi işçi Coşqun Məmmədov Beynəlxalq Elmi Konfransın işində iştirak etmək üçün AMEA Prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə Tbilisiyə ezam olunmuşlar.
        
Konfrans təyin olunan gün, sentyabrın 28-də Gürcüstan Kənd Təsərrüfatı Akademiyasının iclas zalında öz işinə başlamışdır. Əvvəlcədən tərtib olunan proqram əsasında Akademiyanın sərgi zalında ekspozisiyalar üzrə nümayiş etdirilən kənd təsərrüfatı məhsulları nümunələrinə baxış və dequstasiya keçirilmiş, daha sonra konfrans öz işinə başlamışdır.
        Konfransın işində Gürcüstan Respublikasının dövlət və hökumət nümayəndələri, parlamentin aqrar məsələlər, iqtisadiyyat və iqtisadi siyasət üzrə komitələrinin sədrləri, Gürcüstanın təhsil və kənd təsərrüfatı nazirləri, Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti, Gürcüstanın Ətraf Mühitin Qorunması və Təbii Ehtiyatlar nazirliyinin rəsmləri, Şota Rustaveli adına Fondun baş direktoru və xarici ölkələrdən dəvət olunmuş qonaqlar iştirak etmişlər.
        Konfransın rəsmi hissəsində təşkilat komitəsinin sədri iştirakçıları və qonaqları salamladıqdan sonra dövlət rəsmiləri çıxışlar etmiş, konfransın işinə uğurlar arzulamışlar.
        Xaricdən dəvət olunmuş iştirakçılar Ukraynanın Vinnitsa Aqrar Universitetindən professor Vitaliy Kuçerniy və Kiyev Bioehtiyatlar və Təbiətdən İstifadə Milli Universitetindən professor Nikolay Povoznikov, Belorusiyanın Milli Elmlər Akademiyası, Heyvandarlıq üzrə elmi-praktik Mərkəzin nümayəndəsi, doktor İqor Petruşko, Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, doktor Zəkəriyyə Məmmədov, Şəki Regional Elmi
Mərkəzin direktoru, doktor Yusif Şükürlü, Polşanın Poznan Təbiət Elmləri Universitetindən doktor Ronçka Qjekoj, Tacikistan Respublikasının BACSA üzrə milli koordinatoru Şanqinjon Səlimcanov, Kazaxıstandan və Rusiyanın Şimali Qafqaz vilayətindən gəlmiş qonaqlar çıxış edərək, hər biri konfransın təşkilinə və dəvət olunduqlarına görə Fondun rəhbərliyinə, Gürcüstan hökumətinə və Təşkilat Komitəsinə öz minnətdarlıqlarını bildirmiş, iştirakçılara uğurlar arzulamışlar.
        Sonra bölmələr üzrə pelmar məruzələr dinlənilmişdir.
        Əməkdaşlarımız tərəfindən iki bölmədə məruzələr edilmişdir.
        “Bitkiçilikdə ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalının müasir texnologiyaları” bölməsi üzrə üç məruzə edilmişdir.
        Birinci məruzə Azərbaycan Milli Elmlər Akademiyası Genetik ehtiyatlar İnstitutu və Şəki Regional Elmi Mərkəzinin əməkdaşları ilə birgə hazırlanmış “Azərbaycanın Şəki-Zaqatala bölgəsinin yerli armud (Pyrus communis L.) sortlarının tozcuqlarının tədqiqi” mövzusunda və Elmi Mərkəzin “Genofond və biomüxtəliflik” şöbəsinin elmi işçisi Coşqun Məmmədov tərəfindən təqdim olunmuşdur.
        İkinci məruzəni “Azərbaycanın Şəki-Zaqatala zonasında yetişdirilən Amarant (Amaranthus L.) bitkisinin biomorfoloji xüsusiyyətləri” mövzusunda olmuş və Elmi Mərkəzin “Molekulyar biofizika” şöbəsinin elmi işçisi Yevgeniya Bəkirova etmişdir.
        
Üçüncü məruzə “Azərbaycanın şimal-qərb bölgəsində kənd təsərrüfatının davamlı inkişafında ekoloji təmiz əkinçiliyin əhalinin məşğuliyyətində rolu və əhəmiyyəti” mövzusunda olmuş, Elmi Mərkəzin “Landşaftşünaslıq” şöbəsinin elmi işçisi Aygün İsmayılova tərəfindən edilmişdir.
        Digər bölmə “Heyvandarlıqda ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalının müasir texnologiyaları” üzrə Elmi Mərkəzin direktoru, fizika üzrə PhD Yusif Şükürlü“Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri biologiya üzrə PhD Qüdürət Bəkirov tərəfindən hazırlanmış “İpəkçilikdə flüoresent maddələrin tətbiqi ilə rəngli baramanın alınması” mövzusu üzrə məruzə edilmiş və maraqla dinlənilmişdir.
        Hər iki bölmə üzrə əməkdaşlarımız tərəfindən edilən məruzələr həm iştirakçılar, həm də təşkilat komitəsi üzvləri tərəfindən yüksək qiymətləndirilmişdir.
        Tədbirin işçi dili gürcü, rus və ingilis dilləri olduğundan əməkdaşlarımız tərəfindən hazırlanmış üç mövzu üzrə məruzə rus dilində, bir mövzu üzrə məruzə ingilis dilində təqdim edilmişdir.
        Konfransın ikinci günündə iştirakçıların Kaxetiya əyalətinə səfəri təşkil olunmuşdur. Səfərin məqsədi burada qədimdən yaradılmış və indi də fəaliyyət göstərən üzüm emalı və şərab istehsalı ilə məşğul olan şəxsi fermer təsərrüfatı ilə tanış olmaq, yerli istehsal texnologiyaları və milli adət-ənənələrin qorunması istiqamətində görülən tədbirlər üzrə məlumatlandırılmaları olmuşdur.
        
Üçüncü gün - sentyabrın 30-da konfransın bağlanışı olmuş, təşkilat komitəsinin sədri, Gürcüstan Kənd Təsərrüfatı Akademiyasının prezidenti, akademik Quram Aleksidze konfransın işində fəal iştiraka görə müxtəlif ölkələrdən gələn iş və Gürcüstan nümayəndələrinə minnətdarlığını bildirmişdir.
        Daha sonra konfransda məruzə ilə çıxış edən iştirakçılara sertifikatlar, kitab şəklində çap olunmuş konfrans materiallarının toplusu və hədiyyələr təqdim olunmuşdur.
        Sonda konfransın mərəmnaməsi qəbul edilmiş, təkliflər nəzərə alınaraq müvafiq əlavələr və düzəlişlər edildikdən sonra iştirakçı ölkələrin dövlət strukturlarına göndərilməsi qərara alınmışdır.
        Ümumiyyətlə, hesab edirəm ki, AMEA Şəki Regional Elmi Mərkəz əməkdaşlarının konfransda təmsil olunması çox səmərəli və əhəmiyyətli olmuşdur.
        Ona görə ki, konfransda bitkiçilikdə, heyvandarlıqda və aqromühəndislikdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının müasir üsul və texnologiyalarla istehsalı, bitki mühafizə vasitələri və müasir istehsal texnologiyalarının hazırlanması və tətbiqinə həsr olunan dinlənilən məruzələr çox aktualdır.
        
Nəzərə alsaq ki, Azərbaycanda 2009-cu ildən “Ekoloji Təmiz Kənd Təsərrüfatı” – haqqında Qanun qəbul edilmişdir və bu istiqamətdə istənilən sahələr üzrə tədqiqatlar və fəaliyyətlər həm elmi, həm də praktiki əhəmiyyət daşıyır, bu konfrans Azərbaycanda kənd təsərrüfatının inkişafına xidmət edə biləcək ideyalar ilə zəngin idi.
        Digər önəmli cəhət isə ondan ibarətdir ki, konfransda iştirakla AMEA Şəki Regional Elmi Mərkəzin əməkdaşları bu istiqamətdə digər ölkə alim və tədqiqatçıları tərəfindən görülən işlərlə yaxından tanış olmaqla yanaşı, həm də beynəlxalq əlaqələr yaratmaq və inteqrasiyanı gücləndirmək imkanı əldə etmişlər.
        Gənclərin bu cür beynəlxalq konfrans və tədbirlərdə iştirakı isə onların bilik və vərdişlərini artırmaqla yanaşı, təcrübə qazanmalarına hərtərəfli köməklik göstərir, elmi dünya görüşlərini genişləndirir.
        AMEA Şəki Regional Elmi Mərkəzin rəhbərliyi gələcəkdə də bu zümrədən olan istər ölkə, istərsə də Beynəlxalq Konfrans və tədbirlərdə əməkdaşların iştirakını və təmsil olunmalarını nəzərdə tutur və belə tədbirlərə xüsusi önəm verir.

Fərhad ƏZİZOV,
AMEA Şəki Regional Elmi Mərkəzin 
elmi işlər üzrə direktor müavini, 
biologiya üzrə PhD.