Xəbərlər‎ > ‎

"Gözümün işığı, dilimin sözü"

5 Eki 2016 23:13 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 5 Eki 2016 23:13 güncellendi ]
        Dünən – okyabrın 5-də Şəkinin Nakam kitabxanasında tanınmış ziyalı Tofik Qaffarovun "Gözümün işığı, dilimin sözü" adlı kitabının təqdimat mərasimi keçirilib.


        Kitabın işıq üzü görməsində böyük əməyi olan filologiya üzrə PhD. Kamil Adişirinovun yazdığı “Ön söz”ü diqqətinizə çatdırırıq:

        Tofik Mustafa oğlu Qaffarov 1935-ci ilin oktyabr ayının 4-də Şəki şəhərində anadan olmuşdur. 1954-cü ildə orta təhsilini başa vuran Tofik Qaffarov Azərbaycan Dövlət Universitetinin filalogiya fakültəsinə daxil olmuş, 1960-cı ildə ali təhsilini tamamlamışdır. Pedaqoji fəaliyyətinə Zaqatala rayonunda başlamış, sonra isə Şəkinin Qudula kəndində pedaqoji fəaliyyət göstərmişdir. O, vəzifəsini təhsil sisteminin bütün pillələrində vicdanla, ləyaqətlə yerinə yetirmişdir.
        Yüksək elmi və pedaqoji biliyi Tofik Qaffarovu vəzifə pillələrində irəlilətmiş, o, Şəkinin təhsil sistemi ilə yanaşı, ictimai-siyasi həyatında da yaxından iştirak etmişdir. O, zamanı üçün böyük nüfüza malik olan Şəki Şəhər Partiya Komitəsində ideoloji işçi kimi 1969-cu ildən 1975-ci ilədək fəaliyyət göstərmişdir. Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq Tofik Qaffarovun əsas fəaliyyət idealı doğruluq , həqiqətsevərlik, ədalətlilik olmuş, hətta yüksək vəzifələrdə işlədiyi müddətdə də yazıçı -müəllim bəzən ədalətsevərliyinə görə haqsızlıqla da üzləşmişdir. Pedaqoji sahəni gözəl bilməsi və yüksək kollektivçilik və idarəçilik səriştəsi nəzərə alınaraq 1975-ci ildə o, Şəki Şəhər Maarif Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.
        Müəllim-şairin Şəki təhsilinə rəhbərlik etdiyi dörd il müddətində təhsilin inkişafına göstərdiyi diqqət və qayğı hər sahədə-həm pedaqoji kollektivin işində, həm də şagirdlərin uğurunda özünü biruzə vermişdi. 1979-cu ilin sentyabrından ömrünün sonunadək şəhər 12 saylı orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir.
        Tofik Qaffarov təkcə öz ixtisasını gözəl bilən bir pedaqoq deyil, həmçinin istedadlı qələm sahibi kimi də tanınmışdır. Biz şair-nasirin konkret olaraq hansı bədii nümunə ilə ədəbiyyata gəldiyini söyləməkdə çətinlik çəksək də, onun zəngin arxivində olan bədii nümunələrin yazılma tarixi 60-80-cı illəri əhatə edir. Ədibin arxivində, S.Vurğunun, M.P.Vaqifin,V. Mayakovskinin, M.F.Axundzadənin yaradıcılığı ilə bağlı yazılmış elmi xarakterli məqalələr də diqqəti cəlb edir.
        Tofik Qaffarovun ədəbi fəaliyyətini yüksək qiymətləndirən, hazırda Şəkidə istedadlı qələm sahibi kimi tanınan Q.Süleymanlı "Dili şeirli,qəlbi günəşli insan!" adlı məqaləsində yazır: "O, (Tofik Qaffarov- K.A.) kiçik yaşlarından ədəbi-bədii yaradıcılığa xüsusi həvəs göstərmiş, filoloq kimi ali təhsil aldıqdan sonra yüksək və oxunaqlı bədii keyfiyyətlərə malik lirik və satirik şeirlər, mənəvi və etik sahələri əhatə edən, yaddaqalan, oxunaqlı nəsr əsərləri yazmış, publisist yazıları ilə oxucuların yaddaşında tənqidçi, yaradıcı ədəbiyyatşünas kimi qalmışdır”.
        Onun məzmunca gözəl olan şeir, hekayə və məqalələri "Ədəbiyyat və incəsənət","Azərbaycan müəllimi","Şəki fəhləsi", "İpəkçi", "Şəkinin səsi" və s. mərkəzi və yerli dövri mətbuat səhifələrində dərc edilmişdir.
        Bu yaradıcı, istedadlı ədəbi şəxsiyyət 1991-ci ilin iyul ayının 22-də Şəkidə vəfat etmiş, Xoçih qəbiristanlığında dəfn olunmuşdur.
        
Tofik Qaffarov ədəbiyyatın lirik, epik və dramatik növlərində yazıb-yaratmışdır. Onun lirik yaradıcılığı mövzu etibarı ilə zəngin olub, məhəbbət, didaktik-nəsihətamiz, təbiət, vətənpərvərlik mövzularını əhatə edir. Şairin lirik yaradıcılığında satirik şeirlər də vardır.
        Arxivindəki bədii nümunələrin yazılma tarixi göstərir ki, Tofik Qaffarov ədəbiyyata məhəbbət ünvanlı şeirlərlə gəlmişdir. O, qəlbi məhəbbətlə dolu, məhəbbət ünvanı çoxistiqamətli şairdir. Onun məhəbbət ünvanlı şeirlərinin yolu saf və təmiz sevgidən, gəncliyə vurğunluğundan, doğma yurdun təbiətindən, Vətənə olan məhəbbətdən keçir. Şairin yaradıcılığında 1960-cı illərdə qələmə aldığı, gəncliyin əsas ilham mənbəyi olan saf, təmiz sevgi hisslərini özündə əks etdirən məhəbbət mövzulu şeirləri çoxdur.
        Təqdimat mərasimində tanınmış alimlər, şairlər, Şəki ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Aynur MUSTAFAYEVA,
AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı