Xəbərlər‎ > ‎

Yaponiya hökumətinin dəstəyi ilə Şəkidə yeni layihə həyata keçiriləcəkdir

8 Mar 2014 00:37 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 8 Mar 2014 00:37 güncellendi ]
    Dünən - martın 7-də “Şəki-Saray” otelinin konfrans zalında Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində həyata keçiriləcək “Şəki şəhərində 15 saylı uşaq bağçasının tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilmişdir. Mərasimdə Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi iştirak etmişdir.

    Tədbiri Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq Yaponiyanın ölkəmizdəki səfirliyi ilə şəhər icra hakimiyyəti arasında əməkdaşlığın 13 ildir ki, uğurla davam etdiyini bildirmiş, müxtəlif sahələri əhatə edən bu layihələrin reallaşmasına göstərdiyi köməyə görə Yaponiya hökumətinə, eləcə də dost ölkənin Azərbaycandakı səfirliyinin rəhbərliyinə sakinlər adından minnətdarlıq etmişdir. Bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.
    Səfir Tsuquo Takahaşi Azərbaycanda qısa müddətdir ki, diplomatik fəaliyyətə başlamasına baxmayaraq artıq ikinci dəfədir ki, Şəkiyə səfər etdiyini bildirmiş, bu qədim şəhərin əsrarəngiz təbiətinə, bənzəri olmayan tarixi-memarlıq abidələrinə, daş döşənmiş küçələrinə valeh olduğunu qeyd etmişdir. Səfir bildirmişdir ki, 2000-ci ildən bu vaxta qədər Şəki rayonunda bu layihə də daxil olmaqla, 14 layihə üzrə qrant müqaviləsi imzalanmışdır. Bu layihələr təhsil, tibb, sosial müdafiə, ətraf mühit, ekologiya və digər sahələri əhatə edir. Diqqətə çatdırılmışdır ki, proqram çərçivəsində indiyədək Azərbaycanda ümumi dəyəri 15 milyon 63 min ABŞ dolları olan 181 layihə üzrə qrant müqaviləsi imzalanmışdır. Bu gün imzalanan layihənin dəyəri isə 121 min 693 ABŞ dolları təşkil edir.
    Sonra səfir Tsuquo Takahaşi və layihənin rəhbəri, “Şəki Ekologiya və Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Əlirza Məhərrəmov sözügedən layihə üzrə qrant müqaviləsini imzalamışlar.
    İmzalanma mərasimindən sonra Yaponiyanın ölkəmizdəki səfiri “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində 2013-cü ildə əsaslı təmir olunan Şəki peşə təlimi məktəbinə gələrək görülmüş işlərlə yerində tanış olmuşdur.