Xəbərlər‎ > ‎

“İstiqlal müjdəçisi”

9 Nis 2016 01:09 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 9 Nis 2016 09:25 güncellendi ]
        Dünən - aprelin 8-də  Azərbaycan İstiqlal Muzeyində istedadlı memar, rəssam, yazıçı, şair və tarixçi Nofəl Tahirzadəyə həsr olunmuş “İstiqlal müjdəçisi” adlı tədbir keçirilib.

        “Azadlıq verilmir, alınır”. Deyilənə görə, Nofəl Tahirzadə bu cümləni tez-tez işlədərdi. Görünür, onun xatirəsini anmaq üçün təşkil olunan tədbir-sərginin “İstiqlal müjdəçisi” adlandırılmasının səbəblərindən biri də budur.
        APA TV-nin xəbərinə görə, tədbiri giriş sözü ilə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi açaraq Nofəl Tahirzadə barədə qısa məlumat verib. Qeyd edib ki, muzeydə vaxtaşırı Azərbaycan tarixində xüsusi iz qoymuş şəxsiyyətlərin xatirəsi anılır.
        Daha sonra Nofəl Tahirzadənin fotolarından ibarət, eyni zamanda onun şeirlərinin səsləndirildiyi slayd nümayiş olunub. Nofəl Tahirzadənin qardaşı, filologiya üzrə fəlsəfə doktoru Ədalət Tahirzadə deyib ki, Nofəl Tahirzadə müstəqil Azərbaycan Ordusu qərargahının sxemini, həmin ordunun Nizamnaməsini hazırlayıb, müstəqil Azərbaycan dövlətinin xəritəsini çəkib, gerbini hazırlayıb, Azərbaycan milli əlifbasını və eksperimental dil hazırlayıb.
        
Filologiya üzrə fəlsəfə doktoru Əsgər Quliyev Nofəl Tahirzadəni böyük ideyalar müəllifi kimi səciyyələndirib. Azərbaycan hərb tarixinin görkəmli araşdırmaçısı Şəmistan Nəzərli isə qeyd edib ki, Nofəl Tahirzadə yaşının az olmasına rəğmən, hərb nəzəriyyəsini geniş araşdırıb, unikal nəticələr əldə edib.
        Tədbirdə “Nofəl Tahirzadə - müstəqil Azərbaycan dövləti uğrunda mücahid” adlı kitabın təqdimatı da olub. Nəşrin tərtibçiləri Ədalət Tahirzadə və bacısı Zinyət Əlibəyli, elmi redaktoru professor Kərim Şükürovdur. Tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasının, Azərbaycan Dillər Universitetinin tələbələri, Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak ediblər.
        Sonda isə tədbir iştirakçıları Nofəl Tahirzadənin şəxsi əşyaları, sənədləri və fotoşəkillərindən ibarət sərgi ilə tanış olublar.
Mənbə: APA.TV
* * *

        Nofəl Tahirzadənin qardaşı, professor Ədalət Tahirzadənin Facebook səhifəsindəki qeydlər:

        
Bu gün saat 12-də Azərbaycan İstiqlal Muzeyində qardaşım Nofəl Tahirzadəyə (1955-1978) həsr olunmuş "İstiqlal müjdəçisi" adlı sərgi açıldı və "Nofəl Tahirzadə - müstəqil Azərbaycan dövləti uğrunda mücahid" kitabının təqdimatı keçirildi.

        Muzeyin direktoru Fəridə Şəmsi giriş sözündə bildirdi ki, 23 yaşında həlak olmuş Nofəl hələ 1970-ci illərdə müstəqil Azərbaycan dövləti, Milli Ordu yaratmaq uğrunda mübarizə aparıb. N.Tahirzadənin həyatı bugünkü gəncliyimizin vətənpərvərlik tərbiyəsi üçün ən gözəl örnəkdir.
Sonra söz mənə verildi. Mən Nofəlin həyat və yaradıcılığı haqqında ümumi məlumat verdim, çıxışımın sonunda tədbiri təşkil etmiş Muzey rəhbərliyinə və əməkdaşlarına ailəmiz adından minnətdarlıq bildirdim.
        
Daha sonra Təhsil Nazirliyi şöbə müdirinin müavini, filologiya üzrə fəlsəfə doktoru Əsgər Quluyev, kitabın elmi redaktoru, professor Kərim Şükürov, Azərbaycan hərb tarixinin görkəmli araşdırıcısı Şəmistan Nəzərli, Nofəlin bacısı və kitabın digər tərtibçisi Zinyət Əlibəyli, Nofəlin sinif yoldaşı Nailə Tahirzadə çıxış etdilər.
        Tədbirdə Milli Ordumuzun əsgər və zabitləri, ali məktəblərin tələbələri və başqaları iştirak edirdilər.
        Nofəl Şərif oğlu Tahirzadə 5 sentyabr 1955-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Xırxatala kəndində dünyaya göz açıb. 1972-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək ozamankı Əcəmi adına Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsinə qəbul olunub. 1977-ci ildə diplomunu alan kimi təyinatla Rusiyaya – Mordoviyanın mərkəzi Saransk şəhərinə göndərilib və "Mordovskqrajdanproyekt" (“Mordoviyamülkilayihə”) layihə institutunda işləməyə başlayıb. Məzuniyyət götürüb evə gəlməyinə bir neçə gün qalmış – 6 avqust 1978-də Saranskda bir göldə çimərkən müəmmalı şəkildə boğularaq həlak olub. (Bunun sovet DTK-sının törətdiyinə ciddi gümanlar var). Cənazəsi avqustun 11-də ata yurduna gətirilərək dədə-baba məzarlığında torpağa tapşırılıb...
        1975-ci il Nofəl Tahirzadənin həyatında və dünyagörüşündə ciddi dönüş ili olub. Elə həmin ildən onda Azərbaycanı gerçəkdən müstəqil etmək, Milli Ordu yaratmaq ideyası baş qaldırıb.
Yaşıyla heç uyuşmayan heyrətamiz geniş dünyagörüşlü Nofəl Tahirzadə memar, rəssam, heykəltəraş, yazıçı, şair, tarixçi, dilçi, hərbçi… kimi çox zəngin irs qoyub. Bu sahələrin bəzilərində o, həvəskar olsa da xüsusən memarlıq və rəssamlıqda yetərincə peşəkardı. Saransk şəhərində onun layihəsi üzrə bir neçə memarlıq işi istifadəyə verilib.
        O, hələ orta məktəbdə oxuyarkən məzhəkəli səhnəciklər yazıb. Ən dəyərli bədii əsəri isə Babəkin həyat və çarpışmalarından danışan “Babək” tarixi povestidir (1975-1976).
Nofəl qonşularımız gürcülər və ermənilər kimi bizim də əlifbamızın olmasını istəyirdi, buna görə də Azərbaycan milli əlifbasını yaratmışdı və demək olar ki, əksər qeydlərini bu əlifbada aparırdı. O, eksperimental dil üzərində də çalışırdı.
        
N.Tahirzadə 1975-ci ilin sentyabrında gələcək MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN gerbinin və bayrağının eskizlərini hazırlayıb!
        Müstəqil Azərbaycanın Milli Ordusunun təşkili üzərində ciddi düşünən Nofəl hələ 1975-də (20 yaşında!) AZƏRBAYCAN ORDUSU QƏRARGAHININ SXEMİni yaradıb! Azərbaycan milli əsgər və zabitinin geyim forması və poqonu üzərində də o, çox düşünüb, xeyli eskizlər işləyib.
Hərbi ədəbiyyatın ana dilimizə çevrilməsinə, türkcəmizdə hərbi terminologiyanın yaradılmasına da böyük önəm verən N.Tahirzadə rusca çoxlu hərbi terminlərin dilimizdə qarşılığını tapıb, yaxud yaradıb.
        Azərbaycanın müstəqil olacağına şübhə etməyən Nofəl 15-16 il öncədən buna hazırlıq görür, bu ideal uğrunda hay-küysüz, qışqırıqsız, heç kəsin diqqətini cəlb etmədən, ancaq bir an da dincəlmədən və həyatını təhlükəyə ataraq inadla çarpışıb.
M.NƏBİBƏYOV