Xəbərlər‎ > ‎

Ötən il Şəkidə 2978 yeni, daimi iş yeri açılıb

10 Mar 2017 04:06 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 10 Mar 2017 04:07 güncellendi ]
2016-cı ildə rayonda iqtisadi və sosial sahələrin inkişafına 31 milyon manatdan çox investisiya yönəldilib.

        2016-cı ildə Şəki rayonunda 323 milyon 823 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 10 faiz artıb. Buraxılan məhsulun 7 faizi dövlət, 93 faizi özəl mülkiyyətin payına düşür. Hesabat dövründə rayonda iqtisadi və sosial sahələrin inkişafına 31 milyon 282 min manat həcmində investisiya yönəldilib. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki illə müqayisədə 5,1 faiz artaraq 81 milyon 524 min manat olub. Müddət ərzində rayonda 2978 yeni, daimi iş yeri açılıb.

        Bu barədə martın 7-də Şəkidə 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.

        
Yığıncaq iştirakçıları əvvəlcə şəhər icra hakimiyyəti binasının foyesində rayonda istehsal olunan məhsulların sərgisinə baxıblar.
        Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində 2016-cı ildə rayonda sosial-iqtisadi sahədə görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib. Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanıb. Aqrar sahənin müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum istifadə etmək bu mərhələnin əsas vəzifəsidir.
Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə ötən müddətdə Şəki rayonunda da zəruri tədbirlər həyata keçirilib. 2016-cı ildə rayonda 193 min ton taxıl istehsal olunub və məhsul istehsalı əvvəlki illə müqayisədə 7 min ton artıb. Eyni zamanda, ötən ilin payızında rayonda 2017-ci ilin məhsulu üçün 68 min 514 hektar sahədə taxıl səpini həyata keçirilib. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 1141 hektar artıb.
        
Rayonda ənənəvi sahələrdən olan tütünçülüyün və baramaçılığın inkişafı istiqamətində zəruri tədbirlər görülüb. Hesabat dövründə rayonda 785 hektar sahədə tütün əkilib, 2440 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 632 ton artıb. Tütünçülük sahəsində 1895 nəfər kənd sakini mövsümü işlə təmin olunub. 2017-ci ildə rayonda 785 hektar sahədə tütün əkini proqnozlaşdırılır.
        Diqqətə çatdırılıb ki, 2016-cı ildə rayonda 8,5 ton barama istehsalı proqnozlaşdırılsa da, kümçülər tapşırığa artıqlaması ilə əməl ediblər. Belə ki, onlar 9 ton 751 kiloqram yaş barama istehsal edərək, “Şəki-İpək” ASC-yə təhvil veriblər. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə ötən il rayon ərazisində 75 min ədəd tut tingi əkilib. 2017-ci ildə rayonda barama istehsalının 25 tona çatdırılması proqnozlaşdırılır.
        2016-cı ilin payız mövsümündə rayon ərazisində 724 hektar sahədə yeni fındıq bağları salınıb.
Qeyd olunub ki, dövlətimizin başçısının iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması, ixracyönümlü məhsulların istehsalı ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə hazırda rayonda meyvə, tərəvəz, istixana təsərrüfatı və orqanik gübrə istehsalı ilə məşğul olan “Sənaye-Aqropark” yaradılır. Bu məqsədlə “Green Faktory” MMC tərəfindən Orta Zəyzid bələdiyyəsinin mülkiyyətində olan torpaqlardan müqavilə əsasında 108 hektar torpaq sahəsi icarəyə götürülüb. Aqroparkın ərazisindəki 78 hektar sahədə İtaliya və Fransadan gətirilmiş müxtəlif meyvə tingləri - ərik, şaftalı, armud və gavalı tingləri əkilib. Cari ildə ərazidən 50 tona yaxın məhsul əldə olunması gözlənilir.
        
Yığıncaqda 2016-cı ildə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər geniş təhlil olunub. Diqqətə çatdırılıb ki, ötən müddət ərzində rayonun 12 yaşayış məntəqəsi qazlaşdırılıb. Rayon ərazisində 34 ədəd yeni transformator məntəqəsi quraşdırılaraq əhalinin istifadəsinə verilib. Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər hazırda cədvələ uyğun davam etdirilir.
        Hesabat məruzəsində, həmçinin 2016-cı ildə Şəkinin mədəni həyatında baş verən yeniliklərdən ətraflı bəhs olunub. Bildirilib ki, TÜRKSOY tərəfindən 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən Şəkidə bu müddət ərzində bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilib. Şəki şəhəri, eyni zamanda, 3 beynəlxalq festivala – “İpək yolu” VII Beynəlxalq musiqi, Üçüncü Beynəlxalq ənənəvi şirniyyat və “Üç məkan” II Beynəlxalq teatr festivallarına ev sahibliyi edib.
        Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış edərək, 2016-cı ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, tövsiyələrini bildirib.
        Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Mənbə: Sheki-ih.gov.az