Xəbərlər‎ > ‎

Şəkidə keçirilən regional müşavirədə fitosanitar tədbirlərin elmi-praktik istiqamətləri müzakirə olunub

12 Şub 2015 01:08 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 12 Şub 2015 01:09 güncellendi ]
        Dünən - fevralın 11-də Şəki Şəhər İcra Hakimiyyətinin iclas zalında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dənli taxıl bitkilərinin xüsusi təhlükəli zərərli orqanizmlərdən mühafizəsinin iqtisadi əsasları” mövzusunda regional müşavirə keçirilib.


        Tədbirdə Şəki-Zaqatala bölgəsi və ətraf rayonlarda fəaliyyət göstərən bitki mühafizəsi mərkəzləri və bitkilərin karantin məntəqələrinin əməkdaşları, yerli icra və bələdiyyə qurumlarının rəhbərləri, torpaq mülkiyyətçiləri və fermerlər iştirak ediblər.
        Müşavirəni giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açmış, keçirilən tədbirin əhəmiyyətindən danışmışdır.
        
Tədbirdə çıxış edən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev regional müşavirənin kənd təsərrüfatında ən aktual problemlərdən biri olan fitosanitar tədbirlərin həyata keçirilməsinin elmi-praktik istiqamətləri mövzusuna həsr olunduğunu bildirib. Əsas məqsəd odur ki, yerlərdə aparılan fitosanitar tədbirlərin operativliyi, obyektivliyi artsın, müasir standartlara uyğunlaşdırılsın. Eyni zamanda, istehsalçılar, istehlakçılar və dövlət qurumları arasında əlaqələr genişləndirilsin, nəticədə aparılan tədbirlər sonda məhsuldarlığın yüksəldilməsinə xidmət etsin.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edildiyini xatırladan Xidmətin rəisi cari ildə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət qurumlarının, eləcə də istehsalçıların, fermerlərin qarşısında çox böyük vəzifələrin durduğunu diqqətə çatdırıb.
        
Camal Quliyev çıxışında taxılçılıq sahəsinin başlıca problemlərindən olan zərərli orqanizmlərlə mübarizənin elmi əsaslarla təşkil edilməsi və fitosanitar sabitliyin qorunub saxlanılması məsələlərinə toxunub, kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsində inteqrir mübarizə tədbirləri sisteminə keçidin zamanın tələbi olduğunu bildirib. Xidmətin rəisi 2014-cü ilin sonu, 2015-ci ilin əvvəllərində Şəki rayonu üzrə 15 min 930 hektar sahədə taxıl böcəyinə və 4535 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirlərinin aparıldığını diqqətə çatdırıb.
        Müşavirədə, həmçinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəis müavini Fəxrəddin Rəşidovun “Respublika ərazisində siçanabənzər gəmiricilərin aşkarlanması və mübarizə tədbirləri” və Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - aqrar məsələlər şöbəsinin müdiri Xəlil Xəlilovun “Şəki rayonunda kənd təsərrüfatının inkişaf perspektivləri” mövzularında məruzələri dinlənilib.
        Tədbirin sonunda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Mənbə: sheki-ih.gov.az