Xəbərlər‎ > ‎

Şəkililər xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsini ehtiramla anıblar

12 Şub 2015 01:12 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 12 Şub 2015 01:13 güncellendi ]
        Unudulmaz xalq şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar fevralın 11-də poeziya ustasının anadan olduğu Şəki şəhərində xatirə tədbiri keçirilib.


        Şəki Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Nakam adına mərkəzi kitabxanasında keçirilən “Bir dəfə doğuluruq...” adlı tədbirdə ziyalılar, ictimaiyyətin nümayəndələri, mədəniyyət işçiləri, poeziya həvəskarları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə “Poeziyamızın Bəxtiyarı” adlı kitab sərgisi ilə tanış olublar.
        Diqqətə çatdırılıb ki, bu il həm də xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 yanvar tarixli Sərəncamına əsasən, milli ədəbi fikrin inkişafına dəyərli töhfələr vermiş xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyi bu il respublikamızda geniş qeyd olunacaq.
        Xatirə gecəsində Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov, qocaman müəllim Maqsud Mustafayev, şairlər Veysəl Çərkəz, Şahid Məmmədkərimov və başqaları çıxış edərək Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışıblar.
        Bildirilib ki, böyük ədib, mahir pedaqoq, görkəmli ictimai xadim, unudulmaz şair Bəxtiyar Vahabzadənin əbədiyyətə qovuşmasından 6 il vaxt keçir. Lakin onun işıqlı xatirəsi xalqımızın, onu sevənlərin qəlbində həmişə yaşayacaqdır. Vurğulanıb ki, öz dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına böyük xidmətlər göstərmiş Bəxtiyar Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib.
Qeyd olunub ki, 1925-ci il avqustun 16-da, isti yay günündə Azərbaycanın qədim tarixə malik gözəl şəhərlərindən biri olan Şəkidə yoxsul odunçu ailəsində bir oğlan uşağı dünyaya göz açdı. O vaxt heç kəs deyə bilməzdi ki, bu uşaq gələcəkdə kim olacaq. Bunu zaman dedi. Bəli, həmin isti yay günündə dünyaya gəlmiş körpə oğlanın bu günümüzün və gələcəyimizin böyük şairi Bəxtiyar Vahabzadə olduğunu zaman dünyaya göstərdi. Şairin öz dili ilə desək: “Bir dəfə doğuluruq, bir dəfə ölürük. Olumla ölüm, ilk nəfəslə son nəfəs, beşiklə məzar arasında ömür...”
        Xatirə gecəsində poeziya həvəskarları Bəxtiyar Vahabzadənin şeirlərindən nümunələr söyləyiblər.
        Tədbirin sonunda şairin öz səsi ilə məşhur “Axı dünya fırlanır” şeiri səsləndirilib.

Mənbə: sheki-ih.gov.az