Xəbərlər‎ > ‎

Azərbaycanın Əməkdar artisti Mərdan Feyzullayev dünyasını dəyişmişdir

15 Ağu 2017 04:14 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 15 Ağu 2017 04:15 güncellendi ]
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının Əməkdar artisti 
Mərdan Feyzullayev 
2017-ci il avqust ayının 13-də, 
58 yaşında Moskva şəhərində vəfat etmişdir.















        Mərdan Feyzullayev 1959-cu il fevral ayının 3-də Şəki şəhərinin Kiş kəndində anadan olmuşdur. O, 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnctitutunun “Dram və kino aktyorluğu” fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun «Rejissorluq” fakültəsində təhsil almışdır.
        1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi yaradıcılıq yoluna qədəm qoyan M.Feyzullayev, 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş rejissor vəzifəsində işləmişdir.
        M.Feyzullayev müxtəlif illərdə Şəki teatrında M.F.Axundzadənin “Hacı Qara” dramında Xudaverdı, U.Şekspirin “Romeo və Cülyetta” faciəsində Paris, K.Çapekin “Ağ xəstəlik” əsərində Professor, K.Morlonun “Böyük Teymurləng” tarixi dramında Çingiz xan, C.Məmmədquluzadənin “Sizi deyib gəlmişəm” əsərində Pristav, B.Vahabzadənin “Dar ağacı” dramında Ibn Süheyl, N.Dumbadzenin “Ağ bayraqlar”ında Meburişvili və s.bu kimi obrazlar yaratmaqla yanaşı həmin teatrda C.Məmmədquluzadənin “Dəli yığıncağı” və “Danabaş kəndinin məktəbi”, H.Cavidin “Iblis”, N.Dumbadzenin “Ağ bayraqlar”, M.Bulqakovun “Ustad və Marqarita”, B.Vahabzadənin “Dar ağacı”, Ə.Nesinin “Sən Qara deyilsən”, İ.Drutsenin “Kürən yabı”, S.Vannusun “O şah ya qeyrisi, şah elə şahdır”, Ç.Aytmatovun “Əsrə bərabər gün”, S.Qədirzadədənin “Gurultulu məhəbbət”, Anarın “Təhminə və Zaur”, M.Bayciyevin “Duel”, V.Səmədoğlunun “Yayda qartopu oyunu”, R.Xəlilzadənin “Meşəbəyi”, S.Vurğunun “Vaqif” tamaşalarına maraqlı quruluşlar vermişdir.
        Mərdan Feyzullayev 1999-cu ildən Moskvada yaşayırdı. O, Moskva şəhərində fəaliyyət göstərən «Dərviş» Azərbaycan Teatrının direktoru və bədii rəhbəri idi. Rusiyada yaşayarkən sənətçi “Na Perovskoy” Moskva Dram Teatrında “Göydən üç alma düşdü”, Simonov adına Moskva Dram Teatrında E.Fedotovun “Moskvasayağı reinkornasıya”, Moskva “Kölgə” Teatrında “Gözə görünməz yollar ilə...”, Moskva Komediya Teatrında Ə.Nesinin “Öldür məni, əzızım!”, S.Vannusun “O şah ya qeyrisi” , S.Mrojekin “Serenada”, Moskva “Zümrüd quşu” Teatrında Y.Kimin “ Bataqlıqdakı möcüzələr”, Yerşovun “Qozbel at”, R.Kiplinqin “Fil balası”, V.Rabadanın “Balaca mələk”, E.Şvartsın “Kralın yeni libası”, V.Qaufun “Soyuq ürək”, K.Qotsinin “Qarğa”, E.Uspenscinin “Sehirsaz Bəhram”, Mockva Azərbaycan “Dərviş” Teatrında M.F.Axundzadənin “Lənkəran xanının vəziri”, Elçinin “Şekspir”, B.Vahabzadənin “Gülüstan”, Ü.Hacıbəylinin “Arşin mal alan”, N.Gəncəvinin “Leyli və Məcnun”, C.Məmmədquluzadənin “Anamın kitabı” kimi janr etibarilə rəngarəng tamaşalar hazırlamışdır.
        Dərviş teatrı Moskvada Azərbaycan mədəniyyətini, mənəviyyatını, tarixini, rus dilində teatır vasitəsi ilə rusiyalı tamaşaçısına təqdim edib. Teatr “Lənkaran xanının vəziri”, “Şekspir, “Gülüstan”, “Arşın mal alan” kimi tamaşalarla rus tamaşaçılarının da böyük rəğbəti qazanmış və Rusiyanı qarış-qarış gəzmişdir.

        Moskvanın “Jar-ptitsa” teatrının binasında avqustun 14-də Mərdan Feyzullayevlə vida mərasimi keçirildikdən sonra onun cənazəsi Azərbaycana gətirilmişdir.
        Bu gün, avqustun 15-də həmyerlimiz Mərdan Feyzullayev anadan olduğu doğma Kiş kəndində dəfn olunmuşdur.

        Şəki Bələdiyyəsinin kollektivi, Mərdan Feyzullayevin ailəsinə, əzizlərinə, yaxınlarına, dostlarına bu ağır xəbərdən sarsıldığını bildirir və dərin hüznlə baş sağlığı verir.
        Mərdan müəllimin əziz xatirəsi onu tanıyanların yaddaşında əbədi yaşayacaq.
        Allah Rəhmət eləsin.