Xəbərlər‎ > ‎

Türk Şurasının Baş Katibi dünən Şəkidə olub

17 Mar 2016 00:53 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 17 Mar 2016 00:53 güncellendi ]
        Dünən - martın 16-da Türk Şurasının Baş Katibi Ramil Həsənov Şəki şəhərinə səfər edib. Səfər çərçivəsində Baş Katib Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb.

        Görüş zamanı qonağa Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Şəkinin 2700 ildən artıq yaşı vardır. Qədim ipəkçilik ənənələrinə malik olan bu şəhər, eyni zamanda, dünya əhəmiyyətli nadir tarix-memarlıq abidələri ilə məşhurdur. Bildirilib ki, Şəkidə dövlət qeydiyyatına götürülmüş 84 tarix və mədəniyyət abidəsi mövcuddur. Burada turizmin inkişaf etdirilməsi üçün çox əlverişli şərait və infrastruktur var. Hər il bu şəhərdə beynəlxalq səviyyəli tədbirlər, musiqi festivalları keçirilir.
        Türk Şurasının Baş Katibi R.Həsənov Şəkiyə səfərindən məmnun olduğunu bildirib, təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, Türk Şurası əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.
        Görüşdə Şəki şəhərinin 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar bu il və gələcəkdə Türk Şurası ilə Şəki Şəhər İcra Hakimiyyətinin birgə həyata keçirəcəkləri tədbirlərlə bağlı müzakirə aparılmış, qarşılıqlı maraq kəsb edən digər məsələlərə toxunulmuşdur.
        Görüşdə qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.
Mənbə: Sheki-ih.gov.az