Xəbərlər‎ > ‎

Hərbi xidmətə yola düşən gənclər torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlarını bildirmişlər

17 Nis 2014 00:32 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 17 Nis 2014 00:34 güncellendi ]
    Azərbaycan vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması ilə bağlı Azərbaycan Prezidentinin Fərmanına əsasən aprelin 8-də Şəki şəhərində gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir.
    
    Çağırışçı gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
    Heydər Əliyev Mərkəzində şəhər rəhbərliyi, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəisi, polkovnik-leytenant Asəf Əhmədov və şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışmışlar. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində hazırda Milli Ordumuzun regionun ən güclü və qüdrətli ordusuna çevrildiyi xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, indi gənclərimiz Vətən qarşısında müqəddəs borclarını yerinə yetirmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi və həvəslə gedirlər.
    Mərasimdə çıxış edənlər müstəqil Azərbaycanın Ordusunda xidmət etməyin çox müqəddəs və məsuliyyətli vəzifə olduğunu diqqətə çatdırmış, gənclərə öz vətəndaşlıq borclarını şərəflə yerinə yetirməyi, evə sağ-salamat qayıtmalarını arzulamışlar.
    Hərbi xidmətə gedən gənclər torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlarını bildirmişlər.
    Sonra çağırışçı gənclər üçrəngli Azərbaycan bayrağının altından keçərək hərbi hissələrə yola düşmüşlər.

Mənbə: sheki-ih.gov.az