Xəbərlər‎ > ‎

Şəki şəhərindəki 1 nömrəli peşə məktəbində yeni ixtisaslar üzrə kadrlar hazırlanır

18 Şub 2014 22:02 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 18 Şub 2014 22:02 güncellendi ]

        Ölkə iqtisadiyyatının peşə-ixtisas kadrlarına olan ehtiyacının ödənilməsində texniki peşə təhsili müəssisələri mühüm rol oynayır. İqtisadiyyatın sürətli inkişafı ixtisaslı kadrlara olan tələbatı da ildən-ilə artırır. Bu səbəbdəndir ki, son illər respublikamızda texniki peşə təhsilinin zamanın tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

        Təhsil Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Yaponiya hökumətinin birgə maliyyə dəstəyi ilə əsaslı təmir olunan Şəki şəhər 1 nömrəli peşə məktəbində bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılmışdır. Hazırda məktəbdə 280 şagird müxtəlif peşələrə yiyələnir. Onların 200 nəfəri dövlət sifarişi, 80 nəfəri isə ödənişli əsaslarla təhsil alır. Bölgənin turizm potensialı nəzərə alınaraq, təhsil müəssisəsində turizm və xidmət sahələri üzrə yeni ixtisaslar – otel inzibatçısı, barmen-ofisiant, turizm agenti ixtisasları tədris olunur. Bu qruplarda 60 şagird təhsil alır. Bundan əlavə, məktəbdə tikiş avadanlığı operatoru, qaynaqçı, dülgər-xarrat, kompyuter üzrə operator, aşpaz, qənnadı ustası və digər peşələr üzrə də ixtisaslı kadrlar hazırlanır.
Mənbə: sheki-ih.gov.az