Xəbərlər‎ > ‎

UNESCO üzrə Türkiyə Milli Komissiyası işçi qrupunun üzvləri Şəkidən xoş təəssüratlarla ayrılmışlar

18 Şub 2014 22:26 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 18 Şub 2014 22:27 güncellendi ]

        Azərbaycanda səfərdə olan UNESCO üzrə Türkiyə Milli Komissiyası işçi qrupunun üzvləri səfər proqramına uyğun olaraq fevralın 6-da Şəkidə olmuşlar.


        UNESCO üzrə Azərbaycan və Türkiyə Milli komissiyalarının birgə həyata keçirdiyi “Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Azərbaycan Milli Komissiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən bu səfər Azərbaycanın ənənəvi əl sənətləri ilə tanışlıq məqsədi daşıyır.
        İşçi qrupunun üzvləri əvvəlcə bölgənin ən iri sənaye müəssisəsi olan “Şəki-İpək” ASC-də olmuş, müəssisənin istehsal sahələrini gəzmiş, kəlağayı və ipək xalça toxunan sexlərdə iş prosesi ilə maraqlanmış, burada çalışan qadınlarla görüşmüş, onlarla sorğu aparmışlar.
        Qonaqların diqqətinə çatdırılmışdır ki, Şəki əsrlər boyu ipəkçilik ənənələrinin qorunub saxlandığı bir şəhər olmuşdur. İpəkçilik hər bir şəkilinin məişətində özünəməxsus yer tutmuşdur. Bu sahənin inkişafı Şəkidə sənətkarlığın tərəqqisinə də mühüm təsir göstərmişdir.
        Sonra türkiyəli qonaqlar “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisində yerləşən “Sənətkarlar evi”nə gəlmiş, burada fəaliyyət göstərən sənətkar emalatxanaları ilə tanış olmuş, yerli sənətkarların hazırladıqları şəbəkə, təkəlduz, xovlu tikmə, bədii tikmə, ağac üzərində oyma və digər əl işlərinə baxmışlar.
        Şəkiyə səfərləri çərçivəsində işçi qrupunun üzvləri tarix-diyarşünaslıq muzeyinə də baş çəkmiş, şəhərin görməli yerlərini gəzmişlər.
Mənbə: sheki-ih.gov.az