Xəbərlər‎ > ‎

Mədəniyyət və turizm naziri Şəkidə vətəndaşları qəbul etmişdir

19 Ara 2013 00:47 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 28 Ara 2013 00:41 güncellendi ]
 
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 16-da Şəki Olimpiya İdman      
    Kompleksində Mingəçevir və Naftalan şəhərlərindən, Şəki şəhərindən və Balakən, Zaqatala, Qax, Ağdaş, Goranboy, Xocalı, Bərdə, Tərtər və Ağdam rayonlarından olan vətəndaşları qəbul etmişdir.
   Vətəndaşlar əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (Qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə, eləcə də rayon (şəhər) mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmışlar.
   Nazirliyin müvafiq strukturları rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təmiri, fəxri adların verilməsi, kollektivlərin zəruri geyim və musiqi alətləri ilə təminatı, işlə təmin edilmə və digər məsələlərlə bağlı olmuşdur. Qəbula gələnlər, həmçinin Şəki şəhərində yumor festivalının keçirilməsi, Şəki rayonunun Fazıl kəndi ərazisindəki “Təpəbaşı” nekropolunda bərpa işlərinin tamamlanması, çövkən və digər milli atüstü oyunların inkişafı məqsədilə Qax rayonunun Zəyəm kəndində Atçılıq Mərkəzinin yaradılması, Ağdaş rayonunda Qarabəy karvansarayının bərpası, Tərtər rayonunun Kəbirli-Bayandur kəndində klub müəssisəsinin açılması məsələsini qaldırmışlar. Bərdə rayonunun iri yaşayış məntəqələrində müasir tələblərə uyğun kitabxanaların, Naftalan şəhərində Turizm İnformasiya Mərkəzinin yaradılması, Balakən Rayon Mədəniyyət Mərkəzinin ixtisaslı kadrlarla təmin edilməsi, Zaqatalada beynəlxalq festivalın keçirilməsi, Şəki şəhərində 20 min nəfərə yaxın əhalinin yaşadığı “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində uşaq musiqi məktəbinin açılması, şəbəkə məhsullarının istehsalı və satışının dövlət sifarişi əsasında reallaşdırılması və digər məsələlərlə bağlı müraciətlər də səsləndirilmişdir.
Nazir Əbülfəs Qarayev hər bir vətəndaşı diqqətlə dinləmiş, onların müraciətlərinin, təklif və təşəbbüslərinin operativ həll olunması üçün müvafiq göstərişlər vermişdir.

Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirmişlər. 

Mənbə: sheki-ih.gov.az