Xəbərlər‎ > ‎

Türkiyəli qonaqlar Şəkidən xoş təəssüratlarla ayrıldılar

19 May 2016 23:34 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 19 May 2016 23:59 güncellendi ]
        
Dünən - mayın 19-da Türkiyə Rüspublikasının Konya şəhər Meram Bələdiyyəsindən Şəkiyə qonaq gəlmiş nümayəndə heyəti səhər saatlarında Şəki Xan sarayında oldular.
Burada qonaqları "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə xanım Abdullayeva ilə Şəki Bələdiyyəsinin sədri Elşad İbadov, sədrin birinci müavini Ehtibar Nuriyev, müavinlər Gülnaz xanım SalamovaŞirin Həbibullayev qarşladılar.




        
Şəhərimizin Qoruq ərazisində yerləşən XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi – Şəki xanlarının sarayı ilə tanışlıq qonaqlarda xüsusilə böyük maraq oyatdı. Onların diqqətinə çatdırıldı ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə, təqribən 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür. 
Eyni zamanda bildirildi ki, Şəkinin qoruq ərazisində dövlət qeydiyyatına götürülmüş 25 tarixi abidə var. Bu ərazidə təbiət gözəllikləri ilə insanların yaratdıqları qədim abidələr vəhdət təşkil edir, bir-birini tamamlayır.
        
Türkiyəli qonaqlar sarayın gözəlliyinə heyran qaldıqlarını bildirdilər, abidənin önündə xatirə şəkilləri çəkdirdilər. 
Sarayın həyətindəki yaşı beş yüzə çatan qoşa Xan çinarları da qonaqlarda böyük maraq doğurdu. 
        Sonra qonaqlar “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Şəki Qalasının həyətini gəzdilər, Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində, həmçinin V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbəd və Xalq Tətbiqi Sənəti Muzeyində olub, sənətkarlıq emalatxanalarına baş çəkdilər. Rəşid bəy Əfəndiyev adına tarix-diyarşünaslıq muzeyi ilə tanışlıq zamanı məlumat verildi ki, 1925-ci ildən fəaliyyət göstərən bu muzeydə hazırda 5 minə yaxın eksponat saxlanılır. 
        
“Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun 
ərazisində yerləşən, inşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansara” mehmanxana kompleksi ilə tanışlıq da qonaqların ürəyincə oldu. Bildirildi ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks 300-dək otaq və zirzəmidən ibarətdir. O da qonaqların diqqətinə çatdırıldı ki, 2700 ildən çox yaşı olan Qədim Şəki həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və mədəniyyət abidəsi var. Hər il bu şəhərdə beynəlxalq səviyyəli tədbirlər, musiqi festivalları keçirilir.
        
“Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətində görüş keçirildi. Burada qonaqları icra başçısının birinci müavini Həsən Həsənov qəbul etdi. Səmimi keçirilən bu görüşdə Türkiyə ilə Azərbaycanın daim bir yerdə olacağı və bizim bir millət iki dövlət olduğumuz vurğulandı. 
* * *
        Bu gün - mayın 20-də səhər saatlarında Qardaş Türkiyədən gəlmiş qonaqlar xoş təəssüratlarla paytaxt Bakıya yola düşdülər. 
        Qeyd edək ki, yolüstü Qəbələ şəhərində avtomobillə gəzinti və Bakıda Türkiyə Respublikasının Azərbacandakı səfirliyində görüş nəzərdə tutulub. 
        Sabah - mayın 21-də qonaqlar Türkiyəyə yola düşəcəklər.
Şəki Bələdiyyəsi,
Mətbuat və ictimaiyyətlə əlaqələr şəbəsi