Xəbərlər‎ > ‎

Azərbaycan Memarlar İttifaqı Şəkidə müşavirə keçirib

21 May 2014 06:42 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 21 May 2014 06:43 güncellendi ]
    “Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. 3 minə yaxın yaşı olan şəhərin abidələrinin qorunub saxlanılması isə çox vacibdir” - Bu fikirləri Azərbaycan Memarlar İttifqının sədri Elbəy Qasımzadə Şəki şəhərində keçirdiyi konfransda səsləndirib.

    Sədrin sözlərinə görə, Azərbaycan Memarlar İttifaqı hər zaman problemləri, müraciətləri, şikayətləri dinləyir və cavablandırmağa çalışır. Aparılan tikinti işlərinin memarlıq tələblərinə uyğunluğu məsələsi isə daim diqqətdə saxlanılır. Elbəy Qasımzadə həmçinin müasir memarlıqda dövrün tələbləri ilə yanaşı, tarixiliyə də xüsusi diqqət yetirildiyini bildirib. “Şəkidə aparılan abadlıq-quruculuq işləri zamanı isə bütün bu tələblərə riayət edilir. Bura həmçinin qədim tarixi abidələrin bərpası da daxildir”-deyə sədr bildirib. Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinin, memarlıq üslubunun dünyada tanıdılması istiqamətində də müəyyən addımlar atılır. Bunun üçün Afrikaya memarlar qrupunun göndərilməsi də planlaşdırılır. Konfransda həmçinin “Yuxarıbaş Tarix-memarlıq Qoruğu”nun UNESCO-nun mədəni irs siyahısına daxil olması məsələsi də müzakirə edilib. Sonda isə qurumun sədri Şəki Şəhər İcra Hakimiyyəti başçısına Azərbaycan Memarlar İttifaqının fəxri fərmanını təqdim edib.