Xəbərlər‎ > ‎

Avropa Parlamentinin üzvü Rəşidə Dati Şəkidə olub

21 May 2015 10:12 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 21 May 2015 10:13 güncellendi ]
Şəkinin tarixi məkanları ilə tanışlıq Avropa Parlamentinin üzvü Rəşidə Datidə xoş təəssürat doğurub

        Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən Fransanın Paris şəhərinin 7-ci rayonunun meri, Avropa Parlamentinin üzvü xanım Rəşidə Dati mayın 16-da Şəki şəhərinə gəlib.
        Fransalı qonaq əvvəlcə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanış olub.
Burada xanım Rəşidə Datini Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov səmimiyyətlə qarşılayıb.. Fransalı qonağa Şəkinin tarixi, mədəniyyəti, turizm potensialı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Şəkidə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğinə böyük diqqət yetirilir. Qədim ipəkçilik ənənələrinə malik bu şəhər, həm də dünya əhəmiyyətli nadir tarix-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülmüş 84 tarix və mədəniyyət abidəsi var.
        Qonağın diqqətinə çatdırılıb ki, Şərq memarlığı üslubunda tikilmiş “Yuxarı Karvansaray” kompleksi üç yüzədək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən, bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir.
        Fransalı qonaq daha sonra Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayını ziyarət edib. Bildirilib ki, Şərq memarlığının nadir incisi hesab olunan, XVIII əsrə aid dünya əhəmiyyətli tarix-memarlıq abidəsi - Şəki xanlarının sarayı xalqımıza xas olan yüksək mədəniyyətin, böyük inkişaf yolu keçmiş xalq tətbiqi sənətinin canlı nümunəsidir. Saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoymuş Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilib. İnşaat texnologiyasına görə dünyada bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
        Fransalı qonaq sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr edib, abidənin önündə xatirə şəkilləri çəkdirib.
        Şəkiyə səfəri çərçivəsində xanım Rəşidə Dati Azərbaycanın və Fransanın milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ev muzeyi ilə də tanış olub.
        Fransalı qonaq Şəkidən xoş təəssüratla ayrılıb.

* * *
        Rəşidə Dati: "Ölkənizə hər səfərimdə yeni Azərbaycan kəşf edirəm"


        Ölkənizə hər səfərimdə yeni Azərbaycan kəşf edirəm, gözəl ənənələrlə tanış oluram. Azərbaycan doğrudan da zəngin mədəniyyətə, ənənələrə malik bir ölkədir. Mən bir siyasətçi kimi danışmıram, ürəyimdən gələn sözləri deyirəm. Budəfəki səfərimdə Şəki şəhərinin yerləşdiyi regionla tanış oldum. Həqiqətən də zəngin tarixə malik gözəl şəhərdir. Şəki xanlarının sarayı çox xoşuma gəldi. Şəki həm də “İpək Yolu”nin üzərində yerləşən şəhərdir. Boynumdakı bu şərf də Şəki ipəyindən hazırlanıb.
        Bu fikirləri III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Parisin 7-ci rayonunun meri, Avropa Parlamentinin deputatı xanım Rəşidə Dati Şəkidə jurnalistlərə müsahibəsində bildirib.
        Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunları ilə bağlı jurnalistlərin sualını cavablandıran xanım mer deyib: “Avropa Parlamentinin deputatı kimi, deyə bilərəm ki, şəxsən mən özüm, eləcə də bütün Avropa Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsini dəstəkləyirik. Bu uğur münasibətilə Azərbaycanı bir daha təbrik edirəm. Azərbaycan bu Oyunlarla yeni bir tarix yazır. Bu tədbirə bütün Avropadan gəlirlər. Bu, onu göstərir ki, Azərbaycan yalnız bu regionda deyil, ümumilikdə bütün Avropa səviyyəsində mühüm, strateji bir ölkədir. İlk dəfə keçiriləcək Avropa Oyunları yalnız siyasi, iqtisadi baxımdan deyil, idmanın inkişafı, bu sahədə beynəlxalq əlaqələrin genişlənməsi baxımından da mühüm bir tədbirdir”.
        Azərbaycanı hər zaman şərtsiz dəstəkləyən bir siyasətçi olduğunu vurğulayan xanım Rəşidə Dati daha sonra deyib: “Azərbaycana bir neçə dəfə səfər etmişəm, ölkənizi yaxşı tanıyıram. Azərbaycan istər yerli, istərsə də beynəlxalq səviyyədə milli və dini azlıqları müdafiə edən tolerant ölkədir. Həqiqətən də bu, çox vacib məsələdir. Dünyada çox az ölkə belə keyfiyyətlərə malikdir. Azərbaycan bu dəyərləri həmişə qoruyub saxlayır. Çox şadam ki, bu gün Azərbaycandayam”.

Mənbə: Sheki-ih.gov.az