Xəbərlər‎ > ‎

Şəki ilə Fransanın Kolmar şəhərləri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb

21 May 2015 10:45 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 21 May 2015 10:46 güncellendi ]
Şəki ilə qardaşlaşmış şəhərlər sırasına 
daha biri - Fransanın Kolmar şəhəri də əlavə olunub.

        Bu qardaşlaşmanı rəsmiləşdirmək üçün Kolmar şəhərinin meri in rəhbərlik etdiyi nümayəndə heyəti mayın 19-da Şəki şəhərində olub. Nümayəndə heyətinin tərkibinə, həmçinin meriyanın nümayəndələri, Fransanın ölkəmizdəki səfirliyinin məsul əməkdaşları və bu ölkədən gəlmiş digər qonaqlar daxil idilər.
        Səfər proqramına uyğun olaraq, qonaqlar əvvəlcə “Yuxarı baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisini gəzib, buradakı tarixi abidələrə baş çəkib, Şərq memarlığının nadir incisi hesab olunan Şəki xanlarının sarayı ilə tanış olublar. Fransalı qonaqlar, həmçinin Kiş kəndindəki qədim alban məbədini də ziyarət ediblər.
        Qonaqlar ikinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılovun Şəki şəhərindəki ev muzeyinə də baş çəkiblər.
        Sonra “Şəki Palas” otelində Şəki ilə Kolmar arasında dostluq və əməkdaşlıq xartiyasının imzalanması mərasimi keçirilib.
        Sənədi Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Kolmar şəhərinin meri Jilber Meyer imzalayıblar.
        Sonra tərəflər qardaşlaşmış şəhərlərin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə qısa təqdimatla çıxış ediblər.
        Diqqətə çatdırılıb ki, Şəki ilə Kolmar arasında əlaqələrin təməli 2013-cü ilin iyununda qoyulub. Həmin dövrdə Kolmar şəhər merinin başçılıq etdiyi nümayəndə heyəti Şəkiyə səfər edib, şəhərlə yaxından tanış olub. Səfərin nəticəsi olaraq, bu şəhərlər arasında əlaqələrin daha da genişləndirilməsi qərara alınıb.
        Bildirilib ki, Şəki Azərbaycanın ən qədim və gözəl tarixi şəhərlərindən biridir. 181 min nəfər əhalisi olan rayonun iqtisadiyyatında kənd təsərrüfatı, həmçinin ipəkçilik sənayesi əsas yerlərdən birini tutur. Şəki, həm də ölkənin turizm mərkəzlərindən biridir. Hər il bu şəhərə 100 min nəfərdən çox turist gəlir. Diqqətə çatdırılıb ki, Şəkidə dövlət qeydiyyatına götürülmüş 84 tarix və mədəniyyət abidəsi var. Şəki Azərbaycanda festivallar şəhəri kimi də tanınır. Təkcə ötən il bu şəhərdə 4 beynəlxalq festival keçirilib.
        Səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirən mer Jilber Meyer Şəki ilə Kolmar arasında bir çox oxşar cəhətlərin olduğunu diqqətə çatdırıb. Şəkini Qafqazın mirvarisinə bənzədən qonaq şəhərlər arasında dostluq xartiyasının imzalanmasından böyük qürur hissi keçirdiyini vurğulayıb. Bildirilib ki, Kolmar da Şəki kimi, turist şəhəridir. Hər il bu şəhərə 3,5 milyon nəfərə yaxın turist gəlir. Kolmar, həm də festivallar şəhəridir. Bu şəhərdə hər il 3-4 beynəlxalq festival keçirilir. Mer qeyd edib ki, indiyədək Kolmar 7 şəhərlə dostluq xartiyası imzalayıb. Sevindirici haldır ki, Şəki də artıq qardaşlaşmış şəhərlər sırasına daxil edilib.
        İmzalanma mərasimi başa çatdıqdan sonra hər iki şəhərin rəhbərliyi adından qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.
* * *

        
Jilber Meyer
: "Sevinirəm ki, Azərbaycanı Fransada olduğu kimi tanıda bilmişəm"

        Şəki ilə Kolmar şəhərləri arasında bir çox oxşar cəhətlər var. Mən bunu 2013-cü ildə Şəkiyə ilk dəfə gələndə hiss etdim və elə həmin vaxtdan da bu şəhəri sevdim. Mən Şəki ilə daha yaxından tanış olandan sonra gördüm ki, şəhərlərimizin tarixi və mədəniyyətlərində də bir çox oxşarlıqlar var.
        Bu fikirləri III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Şəki şəhərində dostluq və əməkdaşlıq barədə xartiyanı imzalayan Fransa Respublikasının Kolmar şəhərinin meri Jilber Meyer jurnalistlərə müsahibəsində bildirib.
        Xartiyanın imzalanmasına bir çox amillərin təsir etdiyini vurğulayan Kolmar şəhərinin meri deyib: “Bildiyiniz kimi, general Şarl de Qoll vaxtilə Azərbaycanda olub. Mən isə Şarl de Qoll hərəkatının üzvü olmuşam və indi də üzvü olaraq qalıram. Bundan əlavə, mən 2013-cü ildə Şəkiyə gələrkən fransız dilini tədris edən müəllimlərin necə ürəklə çalışdıqlarını gördüm. Təbii ki, bütün bu amillər şəhərlərimiz arasında dostluq əlaqələrinin yaradılmasına təkan verdi”.
        Mer bildirib ki, insanların siyasi baxışları müxtəlifdir və onlara başqa cür düşünməyi qadağan etmək olmaz. Onun rəhbərlik etdiyi meriya şurasında da 4 nəfərin müxtəlif siyasi partiyaların üzvü olmasına baxmayaraq, hamı Şəki ilə əməkdaşlığa yekdilliklə qərar verib. Jilber Meyer deyib: “Sevinirəm ki, mən Azərbaycanı, eləcə də Şəkini olduğu kimi tanıda bilmişəm və bunun sayəsində də onlar Azərbaycan ilə əməkdaşlığı böyük məmnuniyyətlə qəbul etdilər”.
        Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyindən məmnun qaldığını vurğulayan Kolmar şəhərinin meri Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına da baxmağa gələcəyini bildirib. Mer vurğulayıb ki, şəhərlərimiz arasında əməkdaşlıq ona gətirib çıxardı ki, artıq Fransa şəhərlərinin nümayəndələri də Azərbaycan haqqında əsl həqiqətləri deyirlər.

Mənbə: Sheki-ih.gov.az