Xəbərlər‎ > ‎

Prezident Kuboku uğrunda VIII çövkən milli oyunu üzrə yarışlar başa çatmışdır

21 Ara 2013 04:18 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 28 Ara 2013 00:43 güncellendi ]
    
Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda VIII çövkən milli oyunu üzrə yarışlar başa çatmışdır.

    Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlarda respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 20 komanda mübarizə aparmışdır. Builki yarışlarda ilk dəfə olaraq region təmsilçiləri ilə yanaşı, paytaxt komandaları da iştirak etmişlər.

    Dekabrın 20-də Atçılıq Turizm Mərkəzində yarışların təntənəli bağlanış mərasimi keçirilmişdir.

    Tamaşaçılar əvvəlcə Bakı-1 və Bakı-2 komandaları arasında çövkən oyunu üzrə final qarşılaşmasını izləmişlər. Bakı-2 komandası rəqiblərini 2-1 hesabı ilə məğlub edərək Prezident Kuboku uğrunda VIII çövkən milli oyunlarının qalibi adını qazanmışdır. 3-cü yeri Ağdam komandasına 3:2 hesabı ilə qalib gələn Şəki komandası tutmuşdur.

    Bir gün əvvəl başa çatmış sür-papaq oyunu üzrə yarışlarda Balakən təmsilçiləri 1-ci yerə sahib çıxmışlar. Sonrakı yerləri Laçın və Ağcabədi rayonlarının komandaları tutmuşlar. İsmayıllı komandası papaq, Yevlax komandası yaylıq, Daşkəsən komandası isə atüstü güləş yarışlarının qalibi adını qazanmışlar.

    Final görüşündən sonra komandaların mükafatlandırılması mərasimi olmuşdur. Bütün növ yarışlar üzrə fərqlənən komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunmuşdur. Çövkən milli oyununun qalibi Bakı-2 komandasına isə yarışların baş mükafatı – prezident Kuboku təqdim edilmişdir.

    Sonda yarış iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.