Xəbərlər‎ > ‎

İstanbul-Azərbaycan Kültür Evinin əməkdaşları Şəkidə qonaqdılar

21 May 2016 23:48 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 22 May 2016 08:35 güncellendi ]
        Dünən - mayın 21-də 
İstanbul-Azərbaycan Kültür Evinin başkanı Hikmet Elpin rəhbərliyi ilə təşkilatın üzvləri 
Şəkiyə dostluq səfərinə gəldilər.









        Qonaqları Şəki Bələdiyyəsi Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Nəbibəyov qarşıladı. 
        Şəki ilə ilk tanışlıq Şəki xanlarının sarayından başladı. 
        
Şəhərin Qoruq ərazisində yerləşən XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi – Şəki xanlarının sarayı ilə tanışlıq qonaqlarda xüsusilə böyük maraq oyatdı. Sarayın əməkdaşı qonaqların diqqətinə çatdırdı ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə, təqribən 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür. 
Eyni zamanda bildirildi ki, Şəkinin qoruq ərazisində dövlət qeydiyyatına götürülmüş 25 tarixi abidə var. Bu ərazidə təbiət gözəllikləri ilə insanların yaratdıqları qədim abidələr vəhdət təşkil edir, bir-birini tamamlayır.
        Sarayın həyətindəki yaşı beş yüzə çatan qoşa Xan çinarları da qonaqlarda böyük maraq doğurdu. 
        Sonra qonaqlar Şəki Qalasının ərazisində yerləşən Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində, həmçinin V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbəd və Xalq Tətbiqi Sənəti Muzeyində olub, sənətkarlıq emalatxanalarına baş çəkdilər. Rəşid bəy Əfəndiyev adına tarix-diyarşünaslıq muzeyi ilə tanışlıq zamanı məlumat verildi ki, 1925-ci ildən fəaliyyət göstərən bu muzeydə hazırda 5 minə yaxın eksponat saxlanılır.
  

* * *
        
Bu gün - mayın 22-də isə qonaqlar Şəkinin Fazıl kəndindəki Yeraltı muzeydə oldular.  

        “Əbədi sükut dünyası" adlandırılan  labirintşəkilli muzeyin yaradıcısı, AMEA Arxeologiya Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyasının rəisi Nəsib Muxtarov və həmin institututun əməkdaşı İntizar Bədəlova qonaqlara muzey haqqında ətraflı məlumat verdilər.
        Bildirildi ki, muzey 2006-cı ildə aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tarixi eksponatlar əsasında yaradılmışdır. Buranın özəlliyi və planetimizdə yeganə olmasının ən birinci səbəbi də torpaq altından tapılmış insan skeletlərinin, məişət və digər əşyaların olduqları yerdə tamamilə saxlanılmasıdır. Belə ki, muszeydə insan və heyvan sümükləri, qab-qacaq, silah və bəzək əşyaları üstü açıldıqdan sonra torpaqdan tamamilə çıxarlmamış və alt hissələri olduğu kimi torpaqda saxlanılmışdır. Muzeyin orijinallığı və onun yaradılmasında arxeoloqların çəkdikləri zəhmət qonaqların böyük heyrətinə səbəb oldu. 
        Fazıl kəndindən qonaqlar Bakıya yola düşdülər.
Şəki Bələdiyyəsi,
Mətbuat və ictimaiyyətlə əlaqələr şəbəsi