Xəbərlər‎ > ‎

Şəki çörək zavodu istehlakçılara ilk məhsullarını təqdim edib

23 Oca 2015 04:07 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 23 Oca 2015 04:08 güncellendi ]
        Şəki şəhərində ən müasir texnologiyalar əsasında yeni yaradılan “Sünbül” çörək zavodunda ilkin məhsul istehsalına başlanılıb.

        Tikintisinə 2013-cü ilin martında başlanılan bu müəssisədə Çex Respublikası, Almaniya və İtaliyadan gətirilmiş ən müasir çörəkbişirmə avadanlığı quraşdırılıb. Zavod əhalini yüksək keyfiyyətli, müxtəlif növ çörək və çörək məhsulları ilə təmin edəcəkdir.
Müəssisənin texnoloqu İsmayıl Hüseynov AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, gündəlik layihə gücü 30 ton olan zavodda hələlik gün ərzində istehsal gücü 14 ton olan birinci xətt istismara verilib. İlkin mərhələdə zavodda iki çeşiddə - sosial, yəni zavod çörəyi və lavaş istehsal olunur. Hazırda ikinci xəttin quraşdırılması üçün danışıqlar aparılır.
Mart-aprel aylarında quraşdırılacaq ikinci xəttin gündəlik istehsal gücü isə 16 ton olacaqdır. Yeni xətt istismara verildikdən sonra zavodda çovdar çörəyi və digər çeşiddə çörək məmulatlarının istehsalına da başlanılacaqdır. Hazırda müəssisədə 60 nəfər daimi işçi çalışır. Zavod tam gücü ilə işlədikdə işçilərin sayı 90 nəfərə çatacaqdır.
        Müəssisənin təmsilçisinin bildirdiyinə görə, zavodda istehsal prosesi tam avtomatlaşdırılıb. İstehsal prosesinin bütün mərhələlərində məhsula insan əli dəymir. Hazır məhsulların satışı üçün şəhərin müxtəlif ərazilərində 6 brend köşk qoyulub. Çörək istehlakçılara xüsusi avtomobillər vasitəsilə çatdırılır. Artan tələbatı nəzərə alaraq gələcəkdə Şəki şəhərində iki ixtisaslaşdırılmış çörək mağazasının açılması da nəzərdə tutulur.
        Zavod tam gücü ilə işlədikdə Şəki şəhərində istehlakçıların 40-50 faizinin çörək məhsullarına olan tələbatı tam şəkildə ödəniləcəkdir.
Mənbə: Sheki-ih.gov.az