Xəbərlər‎ > ‎

Şəkinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

23 Şub 2016 07:31 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 23 Şub 2016 07:32 güncellendi ]
        
2015-ci ildə Şəki rayonunda ilkin hesablamalara görə, 321 milyon 120 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışı əvvəlki illə müqayisədə 20 faiz artıb. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2014-cü illə müqayisədə 6,3 faiz artaraq 298 milyon 167 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 9 faiz artaraq 73 milyon 336 min manat olub.
        2015-ci ildə Şəkidə iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 45 milyon 648 min manat həcmində investisiya yönəldilib. Bu, əvvəlki illə müqayisədə 37,9 faiz çoxdur. Əsas kapitala yönəldilən investisiyaların 31 milyon 421 min manatı və ya 92 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Müddət ərzində rayonda 1167-si daimi olmaqla, 1569 yeni iş yeri açılıb.


        Bu faktlar 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı fevralın 23-də Şəki Şəhər İcra Hakimiyyətində keçirilən fəallar yığıncağında hesabat məruzəsində səsləndirilib.
Şəhər rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, icra hakimiyyətinin foyesində rayonda istehsal olunan məhsulların və el sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxıblar.
        Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində bildirilib ki, 2015-ci il Şəki rayonu üçün Prezident İlham Əliyevin rayona növbəti səfəri ilə əlamətdar və yaddaqalan olub. Səfər zamanı dövlətimizin başçısı Şəki Məhkəmə Kompleksinin inzibati binasının, Qoxmuq kənd tam orta məktəbin 840 şagird yerlik yeni binasının, Heydər Əliyev Fondunun vəsaiti ilə inşa olunan 160 yerlik körpələr evi-uşaq bağçasının, Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib, həmçinin “Marxal” müalicə-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub.
        Diqqətə çatdırılıb ki, “Kənd təsərrüfatı ili”ndə rayonda bitkiçilik və heyvandarlıq məhsulları istehsalında uğurlu nəticələr əldə olunub. Ötən il rayonun taxılçıları 62 min hektara yaxın sahədən 186 min ton məhsul əldə ediblər. Hər hektardan orta məhsuldarlıq 30 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 110 min ton artıb. Eyni zamanda, ötən ilin payızında rayonda 2016-cı ilin məhsulu üçün 67 min 373 hektar sahədə taxıl səpini həyata keçirilib. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 5 min 274 hektar artıb.
        Bildirilib ki, dövlətimizin başçısının iri fermer təsərrüfatlarının yaradılması ilə bağlı tapşırıq və tövsiyyəsinə uyğun olaraq, 2015-ci ildə Orta Zəyzid bələdiyyəsinə məxsus ərazidə sahibkarlar tərəfindən icarəyə götürülən 78 hektar sahədə müasir texnologiyalar əsasında yeni Aqropark yaradılıb. Burada yüksək keyfiyyətli meyvə bağı salınıb, hazırda məhsulun saxlanması, qablaşdırılması və emal olunması üçün zəruri infrastrukturun yaradılması istiqamətində işlər görülür. Əldə olunan məhsulun daxili bazarda satışı ilə yanaşı, həm də xaricə ixrac olunması nəzərdə tutulur.
        Diqqətə çatdırılıb ki, 2015-ci ildə Şəkidə ən müasir texnologiyalar əsasında yeni yaradılan “Sünbül” çörək zavodunda məhsul istehsalına başlanılıb. Zavodda hazırda gün ərzində iki çeşiddə 24 ton çörək və şirniyyat məhsulları istehsal olunur.
        Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər 2015-ci ildə də davam etdirilib, dövlət vəsaiti hesabına Baş Göynük kəndində 640, Göybulaq kəndində 180, Qoxmuq kəndində 840, Qaratorpaq kəndində 132 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib. Eyni zamanda, qarışıq tipli uşaq internat məktəbində əsaslı təmir işləri davam etdirilib. Şəki şəhərində əhalinin daha sıx məskunlaşdığı ərazilərdə hər biri 100 yerlik iki uşaq bağçası inşa edilib.
        Məruzədə, həmçinin 2015-ci ildə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs edilib. Diqqətə çatdırılıb ki, ötən il rayonun Qoxmuq, Böyük Dəhnə, Baltalı, Sarıca və Suçma kəndlərində 686 mənzil qazlaşdırılıb. Şəki Elektrik Şəbəkəsinin xidməti ərazisindəki hava xətlərində istismar müddəti başa çatan 80 dayaq yenisi ilə əvəz olunub. Müddət ərzində rayonun 14 yaşayış məntəqəsində subartezian quyusu qazılıb.
        Məruzə ətrafında çıxış edənlər rayonda sahibkarlığn inkişafna göstərilən dövlət qayğısndan danışıb, prioritet hesab olunan sahələrin, o cümlədən taxılçılığın, tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı təkliflərini bildiriblər.
        Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsuş işçisi Rüfət Əliyev çıxış edərək 2015-ci ildə respublikamızda sosial-iqtisadi sahədə görülən işlər barədə danışıb, qarşıda duran vəzifələrdən bəhs edib.
        Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Mənbə: sheki-ih.gov.az