Xəbərlər‎ > ‎

Azərbaycanda bu il bələdiyyə seçkiləri keçiriləcək.

24 May 2014 05:56 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 24 May 2014 06:05 güncellendi ]
    Bələdiyyə seçkilərinin oktyabrda elan olunacağı gözlənilir.

    Seçki Məcəlləsinə görə, bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir. Qanunla seçki səsvermə gününə azı 60 gün qalmış elan olunmalıdır.                                Xatırladaq ki, Azərbaycanda son bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də olub, bu baxımdan 2014-cü il seçkilərinin oktyabrın ortalarında elan ediləcəyini gözləmək mümkündür.
      Bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Əhalisi 500-dən az olan ərazilərdə 5 bələdiyyə üzvü; 500-dən 999-dək olan ərazilərdə 7 bələdiyyə üzvü; 1000-dən 4.999-dək olan ərazilərdə 9 bələdiyyə üzvü; 5000-dən 9.999-dək olan ərazilərdə 11 bələdiyyə üzvü; 10000-dən 19.999-dək olan ərazilərdə 13 bələdiyyə üzvü; 20000-dən 49.999-dək olan ərazilərdə 15 bələdiyyə üzvü; 50000-dən 99.999-dək olan ərazilərdə 17 bələdiyyə üzvü; 100000-dən 299.999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilə bilər.
    Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.
    Seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla) və yaşı 21-dən yuxarı olan, müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.
    Hazırda Azərbaycanda 1720 bələdiyyə fəaliyyət göstərir.

    P.S. Onu da qeyd edək ki, bu il bir çox özünü doğrultmayan bələdiyyələrin digər bələdiyyələrlə birləşdirilməsi məsələsinə də baxılacaq və bununla 110-adək bələdiyyənin ixtisar olunacağı gözlənilir.