Xəbərlər‎ > ‎

Şəkidə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

24 Şub 2015 23:34 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Şub 2015 22:06 güncellendi ]
        Azərbaycan xalqının yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsindən 23 il ötür. Bu qətliam Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə başladığı işğalçılıq müharibəsinin gedişində azərbaycanlılara qarşı törətdiyi soyqırımı cinayətinin ən dəhşətlisidir.


        Xocalı faciəsinin ildönümü ilə əlaqədar fevralın 25-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında anım tədbiri keçirilib. Tədbirdə şəhər rəhbərliyi, rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
        Toplantıda Şəkinin yeni salınmış Çələbixan məcburi köçkün qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 3 nömrəli tam orta məktəbin direktoru Eldəniz Məhərrəmov çıxış edərək faciənin başvermə səbəbləri, mahiyyəti, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıb.
        
Natiq bildirib ki, dünya tarixinə nəzər salsaq bir çox faciələrin baş verdiyinin, kədərli hadisələrin yaşandığının şahidi oluruq. Erməni millətçilərinin öz havadarlarının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri qətliam isə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayət idi. Bu cinayət 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyub, 1275 nəfər girov götürülüb, 487 nəfər ağır yaralanıb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı nəticəsində şəhərin mülki əhalisi misli görünməmiş qəddarlıqla qətlə yetirilib, 8 ailə isə tamamilə məhv edilib.
        Soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi vurğulanıb.
Diqqətə çatdırılıb ki, hazırda Şəki rayonunun ərazisində Xocalıdan olan 98 məcburi köçkün ailəsi məskunlaşıb. Onlar dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatə olunublar. Məcburi köçkünlər əmindirlər ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində işğal altında olan torpaqlarımız tezliklə düşməndən azad ediləcək və onlar öz doğma yurdlarına qayıdacaqlar.
        Tədbirdə mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Həmin gün şəhər icra hakimiyyəti tərəfindən rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkün ailələrinə yardım göstərilib.
Mənbə: sheki-ih.gov.az