Xəbərlər‎ > ‎

"Qeyri-rəsmi" səfər...

25 Mar 2016 00:14 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Mar 2016 01:55 güncellendi ]
        Tanınmış insanların "rəsmi" və "qeyri-rəsmi" səfərləri haqqında çox eşitmişdim və çox belə səfərlər də görmüşdüm. Amma qısa söhbət açacağım "qeyri-rəsmi" səfər eşidib, gördüklərimin heç birisinə bənzəmir...

        Sözümün canı budur ki, sırağagün - martın 23-də iş yerimdə qəzetin hazırlanması ilə məşğul idim. Telefonuma zəng gəldi... 
        Danışanın səsini eşidib, həm çox sevindim, həm də çox təəccübləndim... Danışan xətrini dünyalar qədər istədiyim Aqil Abbas idi - vaxtilə "Ədalət" qəzetinin baş redaktoru olanda yanında işlədiyim, yazdığım xəbərlərə, məqalələrərə necə qiymət verəcəyini səbirsizliklə gözlədiyim və hamının yaxşı tanıdığı millət vəkili Aqil Abbas. O, dedi ki, Murad, İradə ilə bir Şəkiyə bir günlüyə gəlirik. Bir gecə qalıb qayıdacağıq. Bu sözləri eşidən kimi iş də, qəzet də yadımdan çıxdı, həm də, axı, bu bayram günü idi və Aqil Abbas həyat yoldaşı İradə Tuncayla Şəkiyə gəlirdi. İndiyə qədər eşitdiyim ən xoş xəbərlərdən biri idi bu telefon danışığı...
    
    İki saat sonra hoteldə görüşdük. Aqil müəllim mənə dedi ki, bu bizim Şəkiyə "qeyri-rəsmi" gəlişimizdir. Sadəcə bir gün Şəkinin görməli yerlərini gəzib, Şəki pitisidən dadıb qayıdacağıq. 
        Əvvəlcədən yaxşı bilsəm də ki, Aqil Abbasla İradə Tuncayı tanıyan həmyerlilərimiz də mütləq onlarla görüşmək istəyəcəklər, amma xasiyyətlərinə bələd olduğum üçün bu görüş mübahisəsiz başa çatsın və səfərin "qeyri-rəsmi"lyinə xələl gəlməsin deyə heç kimə bir kəlmə demədim. Həmin gün şəhərin şimalında yerləşən bir istirahət mərkəzində qonaqlar Şəki pitisinin dadına baxdılar. Sonra axşam olmasına baxmayaraq, Xan sarayını ziyarət etdik və burada qonaqlarımızı Şəki Tarixi Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva qarşıladı. Onun da bu tanınmış insanlara necə böyük hörmət və ehtiram bəslədiyinin şahidi oldum.

        Haşiyə: Söhbət əsnasında millət vəkilinin Şəkidə əhalinin güzəranı, istehsal müəssisələrinin fəaliyyəti ilə bağlı verdiyi çoxsaylı sualları cavablandırmaq məcburiyyətində qaldım... Və Şəki İpək ASC boyda nəhəng bir müəssisənin, eləcə də yeni tikilən bir-neçə irili-xırdalı zavodların fəaliyyət göstərmədiyini deməyə bilmədim...

        Səhərisi gün yenə şəhəri gəzdik. Şəhidlər Xiyabanında, Abidə komleksində və bir daha Xan sarayında olduq. Günorta üstü isə qonaqlar "qeyri-rəsmi" səfər çərçivəsində Şəkidən Oğuza yola düşdülər...

        P.S. Qonaqlar getdikdən sonra bu "qeyri-rəsmi" səfəri əks etdirən bir-neçə fotonu Facebook səhifəmdə paylaşdıqdan sonra telefon vasitəsilə çoxsaylı iradlara tuş gəldim. Onlarca həmyerlim Aqil müəllimlə və İradə xanımla görüşmək istədiklərini birdirdi?! Amma artıq gec idi...
Murad NƏBİBƏYOV