Xəbərlər‎ > ‎

Avropa Oyunlarının rəmzi simvolunun əks olunduğu şəbəkə-kompozisiya görənlərin marağına səbəb olur

25 May 2015 02:27 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 May 2015 02:28 güncellendi ]
        Şəkidən olan tanınmış şəbəkə ustası Tofiq Rəsulovun hazırladığı birinci Avropa Oyunlarının rəmzi simvolunun əks olunduğu şəbəkə-kompozisiya görənlərdə böyük maraq doğurur.

        Tofiq usta AZƏRTAC-a müsahibəsində bildirib ki, ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarına bir əsər hədiyyə etmək arzusunda olub. Çox fikirləşdikdən sonra qərara alıb ki, Oyunların rəmzi simvolunu şəbəkə formasında hazırlasın. Əsərin eskizini oğlu İlqar işləyib. O da şəbəkə sənəti ilə məşğul olur.
        Ustanın dediyinə görə, əsərin hazırlanmasına 3 aydan artıq vaxt sərf edib. Şəbəkə-kompozisiyanın hazırlanmasında 3 mindən artıq detal və rəngli şüşədən istifadə olunub. Nar formasında olan kompozisiyanın mərkəzi hissəsində Avropa Oyunlarının alovu, aşağı hissədə isə Oyunların simvolu olan ceyran əks olunub. Nar birliyimizi, ceyran isə Azərbaycanın gözəlliklərini tərənnüm edir. Kompozisiyada istifadə olunan şüşələr isə Azərbaycan bayrağının rənglərinə uyğundur.
        Tofiq usta bildirib ki, əsər ilk dəfə bu il martın 19-da Bakıda keçirilən Novruz bayramı şənliklərində Şəkinin təqdim etdiyi sərgidə nümayiş etdirilib.
        T.Rəsulov Azərbaycanın tanınmış şəbəkə ustası Əşrəf Rəsulovun oğludur. 35 ildir ki, bu sənətlə məşğul olur. Onun hazırladığı şəbəkə nümunələri dünyanın bir çox ölkələrində təşkil olunan sərgilərdə nümayiş etdirilib. Usta Şəki xanlarının sarayının, Şəkixanovların evinin, Gəncədə “Şah Abbas”, Bərdədə “İmamzadə” məscidlərinin bərpasında da yaxından iştirak edib. Hazırda onun oğulları da şəbəkə sənətini davam etdirirlər.
Mənbə: Sheki-ih.gov.az